Qoca qitəni gözləyən siyasi və iqtisadi təhlükələr
Avropa son illər özünün böhran dövrünü yaşayır. Özü də bu böhran getdikcə daha ciddi fəsadlara yol açmaqdadır. İstər siyasi, istər iqtisadi, humanitar, istərsə də digər sferalarda özünü göstərən bu böhran o qədər ciddi hal alıb ki, artıq qoca qitənin təmsilçiləri arasında da problemlər ziddiyətlər meydana çıxmağa başlayıb.
5 İyun 2017 13:44 DünyaAvropa Birliyi süqut mərhələsinə qədəm qoyub
Avropa son illər özünün böhran dövrünü yaşayır. Özü də bu böhran getdikcə daha ciddi fəsadlara yol açmaqdadır. İstər siyasi, istər iqtisadi, humanitar, istərsə də digər sferalarda özünü göstərən bu böhran o qədər ciddi hal alıb ki, artıq qoca qitənin təmsilçiləri arasında da problemlər ziddiyətlər meydana çıxmağa başlayıb. Zaman-zaman yaranmış vəziyyətdən çıxış yolu məqsədilə Avopa ölkələrinin liderlərinin keçirdiyi görüşlər də məntiqi nəticə vermir. Əksinə problem getdikcə dərin xarakter alır. Proseslər o istiqamətə cərəyan edir ki, artıq qoca qitənin ən nüfuzlu və söz sahibi olan təşkilatlarından biri Avropa Birliyi də ciddi böhran dövrünə qədəm qoyub və onun da dağılma ehtimalı hər ötən gün bir qədər də artır. Hər halda Böyük Britaniyanın Avropa Birliyindən çıxması bu prosesin bir siqnalıdır və qoca qitədə baş verən proseslər qurumun dağılma ehtimalını daha da artırır. Bəs görəsən, Avropanın hazırkı vəziyyətə düşməsinə başlıca səbəb nədir və nədən qoca qitə sarsılmağa doğru gedir? Yaxud bu böhrandan çıxış yolu görünürmü? Eləcə də Avropada yaşanan bu mənfi tendensiya qitə ölkələri üçün hansı mənfi fəsadlara yol aça bilər?
Əksəriyyət ekspertlər hesab edirlər ki, Avropanən baş-baş qaldığı siyasi və iqtisadi, eləcə də humanitar böhran əvvəlcədən qoca qitə üçün hazırlanmış ssenarinin tərkib hissəsidir. Və iddia edilir ki, bu ssenarinin müəllifi isə Birləşmiş Ştatlardır. Belə ki, bir neçə on il əvvəl Avropanın sürətli inkişaf dövrü keçməsi qoca qitəyə həta Vaşinqtonla burun-buruna gəlmək imkanları qazandırmışdı. Artıq Avropa bir sıra prinsipial məsələlərdə Birləşmiş Ştatlarla hesablaşmağı özünüə borc bilmirdi. Heç şübhəsiz ki, belə bir vəziyyətin yaranması isə Birləşmiş Ştatları razı sala bilməzdi. Bu səbəbdən Vaşinqton Avropanı siyasi və iqtisadi cəhətdən çökdürməyi qarşıya məqsəd qoydu. Krım məsələsi ilə Rusiya ilə qoca qitə arasında problemlər yaratmağa və bununla Moskva ilə yanaşı Avropaya da ciddi şəkildə iqtisadi zərbə vurmağa nail olan Birləşmiş Ştatlar sonrakı mərhələdə neft qiymətləri ilə qoca qitəni sökdürmüş oldu. Paralel olaraq ərəb dünyasına transfer etdiyi "demokratiya"dan canını qurtarmağa çalışan müsəlmanların Avropaya üz tutması qitəni uçurum kənarına gətirmiş oldu. Odur ki, bu gün Avropa məhz zamanında bəzi prinsipial məsələlərdə Birləşmiş Ştatlarla hesablaşmaq istəmədiyinin bədəlini ödəyir. Elə siyasi analitik Babacan Zəkiyev də bu qənaətdədir. O, bildirib ki, hazırda da Avropa Birliyi ilə bağlı ssenarinin işə salınması prosesi davam edir: "Belə ki, əvvəlcə Birləşmiş Ştatların siyasi-iqtisadi beyin mərkəzlərinin planlaşdırdığı iki ardıcıl sarsıdıcı beynəlxalq maliyyə böhranı ilə Avropa Birliyinə zərbə vuruldu. Avropa Birliyi külli miqdarda maliyyə itkilərinə məruz qoyuldu, bu quruma üzv ölkələrin əhəmiyyətli hissəsinin dövlət büdcələri sürətlə boşalaraq, "yırtıqlar"a məruz qaldı. Yunanıstan, Portuqaliya, İspaniya, İtaliya kimi bəzi ölkələr defolt təhlükəsiylə üzləşdi. Daha sonra Yaxın Şərqdəki hərbi proseslər Avropa Birliyinin əleyhinə yönəldildi. Belə ki, bu məkana güclü qaçqın dalğası istiqamətləndirməklə Avropada humanitar böhran yaratmağa çalışdılar. Bütün bunların ardınca, dollara sürətlə dəyər qazandırılması prosesi başladıldı". Babacan Zəkiyev deyib ki, son dövrlərdə isə, Avropa Birliyinin rəsmən dağıdılması prosesinə start verilib: "Belə ki, bu qurumun əsas yükünü daşıyan üç aparıcı üzvündən (Almaniya, Böyük Britaniya və Fransa) birinin - ABŞ-ın İsraildən sonrakı ikinci real müttəfiqi olan Böyük Britaniyanın, Avropa Birliyindən çıxmasını təmin etdilər. Bundan sonra Böyük Britaniya olmadan, Almaniya və Fransanın Avropa Birliyinin maliyyə yükünü öz çiynində daşıya bilməsi inandırıcı görünmür. Və bu, Avropa Birliyinin dağılmasının qaçılmazlığı anlamına gəlir.Məsələ ondadır ki, Böyük Britaniyanın qurumdan çıxması ilə bağlı referendum qərarı var. Qurumun qaydalarına görə, çıxma prosesi yaxın 2 il ərzində yekunlaşmalıdır. Və bu, olduqca ağrılı prosesdir.Belə ki, bir sıra hüquqi, siyasi, iqtisadi, maliyyə və s. prosedurlar reallaşdırılmalıdır. Artıq narazılıq, mübahisələr indidən başlayıb. Bu, Avropa Birliyi üçün daxili idarəçilikdə xaos vəd edən prosesin başlanğıcı kimi görünür. Eyni zamanda, quruma üzv olan digər bəzi ölkələr də Avropa Birliyindən çıxmaq ehtimallarını gündəmə gətirməyə başlayıblar. Bu barədə referendumun keçirilə biləcəyini də istisna etmirlər. Hətta bəzi AB ölkələrində bu qurumdan çıxmaq ideyası seçkilərdə əsas təbliğat istiqamətinə çevrilib.Məsələn, Fransa prezidentliyinə namizəd Marin Le Pen öz seçki təbliğatını məhz hakimiyyətə gələcəyi təqdirdə, ölkəni Avropa Birliyindən çıxaracağı ilə bağlı vədlər üzərində qurmuşdu. Eyni siyasi çağırışlar digər üzv dövlətlərdə də səsləndirilir. Analoji cağırışların müəllifi olan ultra-millətçi siyasi mərkəzlər öz ölkələrinin liberal-demokratiya xəttindən uzaqlaşmasına yönəlik təbliğatda da israrlıdırlar. Və məhz ultra-millətçi cərəyanların son vaxtlar Avropa ölkələrində aparıcı mövqeyə çıxması Avropa Birliyi, eləcə də bu qurumun məlum ənənəvi dəyərləri üçün iflas faktorlarından biri hesab olunur". Siyasi təhliçinin sözlərinə görə, bütün bunlar onu göstərir ki, Avropa Birliyi artıq süqut mərhələsinə qədəm qoyub: "Bəziləri buna sevinsə də, yaşana biləcək kataklizmləri də göz önündə tutmaq lazımdır. Belə ki, Avropa Birliyinin çöküşü həm də adının başlanğıcında "Avropa" sözü yazılan və bu qurumla hər hansı formada bağlılığı olan bütün beynəlxalq təşkilatların dağılmasına yol aça bilər. Bütün bunlar qısa müddətdə və ilkin hazırlıq olmadan baş verərsə, Avropa məkanında siyasi, iqtisadi, maliyyə və hüquqi xaos da yaranar. Çünki qısa müddətdə yeni siyasi, iqtisadi, maliyyə və hüquqi münasibətlər sisteminə keçid asan məsələ deyil. Və narazılıq, ziddiyyətlərlə müşayiət oluna biləcək kifayət qədər ciddi kataklizmlər vəd edir. Bu isə yalnız Avropa Birliyinin dağıdılması deyil, həm də dünyanın tən yarısının fəlakətə sürüklənməsi anlamına gəlir".
Füzuli