PKK-ASALA əməkdaşlığı
Zaman-zaman PKK terror təşkilatının Türkiyəyə qarşı apardığı mübarizədə ermənilərlə işbirliyinə dair məlumatlar gündəmə gəlsə də, lakin hər iki tərəf müxtəlif təkziblərlə bu əməkdaşlığı inkar edib, aralarında hər hansı bir əməkdaşlığın olmadığını sübuta yetirməyə çalışıblar. Lakin tarixi faktlar və müxtəlif illərdə türk polisi tərəfindən həbs edilən PKK-çıların açıq etirafı sözügedən qüvvələrin birgə əməkdaşlığını sübuta yetirib.
1 İyun 2017 14:06 DünyaVə bu əməkdaşlığın nəticəsi olaraq törədilən qanlı terror hadisələri
Zaman-zaman PKK terror təşkilatının Türkiyəyə qarşı apardığı mübarizədə ermənilərlə işbirliyinə dair məlumatlar gündəmə gəlsə də, lakin hər iki tərəf müxtəlif təkziblərlə bu əməkdaşlığı inkar edib, aralarında hər hansı bir əməkdaşlığın olmadığını sübuta yetirməyə çalışıblar. Lakin tarixi faktlar və müxtəlif illərdə türk polisi tərəfindən həbs edilən PKK-çıların açıq etirafı sözügedən qüvvələrin birgə əməkdaşlığını sübuta yetirib. Avrasiya Araşdırmaları Mərkəzinin apardığı araşdırma əsasında ortaya çıxan faktlar sübuta yetirir ki, hər iki tərəf yaxın və uzaq tarixdə bir-birinə dəstək nümayiş etdirib. Araşdırmalardan məlum olur ki, ASALA PKK-nən Türkiyəyə qarşı apardığı mübarizədə ona dəstək verdiyi halda, PKK-da öz növbəsində erməni yalanlarına şərik çıxaraq Ermənistanı müdafiə edir. Ümumiyyətlə, Türkiyənin sol təmayüllü kürd birləşmələri, daha dəqiq desək PKK terror təşkilatı ilə erməni millətçilərinin (ASALA) əməkdaşlığının uzun bir keçmişi var. Türkiyənin sol təmayüllü kürd qruplaşmaları ilə ermənilərin əməkdaşlığı Orhan Bakırcıyanın təmsil olunduğu TİKKO təşkilatına gedib çıxır. Atatürkçülüyə düşmən münasibəti ilə seçilən TİKKO təşkilatı İbrahim Kaypakkaya tərəfindən yaradılıb. Sözügedən şəxs də Atatürkçülüyü faşizm kimi dəyərləndirib. O, eyni zamanda qondarma erməni soyqırımı məsələsini gündəmə gətirən ilk sol liderlərdən biri olub. Kürd separatçıları tərəfindən TİKKO üzvü Orhan Bakırcıyanın xatirəsinə ucaldılan abidənin üzərində ASALA-nın aktivlərindən olan Melto Melkomyanın adının da həkk edilməsi PKK-ASALA əməkdaşlığını aydın şəkildə ortaya qoyur.
Təsadüfi deyil ki, qondarma erməni soyqırımı iddialarına ən ciddi şəkildə dəstək verən də məhz PKK terror təşkilatı olub. Bu əməkdaşlıq zamanında o qədər irəliyə gedib ki, hətta Kürd-erməni federal dövlətinin yaradılması da tərəflər arasında müzakirə edilib. Bu məqam ASALA tərəfindən dərc edilən "Interview" adlı broşürdə də əksini tapıb. Sənəddə qeyd edilirdi ki, Kürd-Erməni federal dövlətinin qurulması və Türkiyəyə qarşı müştərək silahlı aksiyanın keçirilməsi PKK və ASALA-nın başlıca hədəfidir.
PKK Türkiyə daxilində hələ silahlı aksiyalara başlamadan əvvəl 9 noyabr, 1980-ci ildə Türkiyənin Strasburq Konsulluğuna bombalı hücum təşkil edilir. Həmin terror aktını məhz ASALA terror təşkilatı reallaşdırır. Sonradan erməni terror təşkilatı Fransa və İtaliyada anoloji aksiyalar həyata keçirir. 1981-ci ildə ASALA lideri Melkonyanın Fransada həbsxanada olarkən birləşmiş Türk-erməni-kürd terror təşkilatının qurulması üçün çağırış edir. 1980-cı ildə ASALA tərəfindən dərc olunan "Erməni Mübarizəsi" adlı jurnalın Türkcə əlavəsinin baş məqaləsində qeyd edilir ki, ASALA üçün PKK terror təşkilatı ilə əməkdaşlıq çox böyük əhəmiyyət daşıyır.
ASALA daha sonra 1982-ci ildə Ankaradakı Esenboğa Hava Limanına hücum təşkil edərək Türkiyədə ilk silahlı aksiyasını həyata keçirir. Həmin xain hücum zamanı 9 nəfər həlak olur. Hücumun təşkilatçılarından və cinayətkarlarından olan Levon Ekmekçiyan sağ olaraq ələ keçirilir. Digər ASALA terrorçusü isə zərərsizləşdirilir. Levon Ekmekçiyan sorğu zamanı PKK-nın Ankara hava limanına hücum zamanı ASALA-ya kömək etdyini deyir. Məhkəmənin qərarı ilə Levon Ekmekçiyan 1983-cü ildə edam edilir.
PKK-nın Türkiyədə rəsmi olaraq başladığı silahlı hücumların arxasından da ASALA barmağı çıxır. Belə ki, 15 avqust, 1984-cü ildə PKK-nın Türkiyədə həyata keçirdiyi ilk silahlı hücumuna hərbi dəstəyin məhz ASALA tərəfindən verildiyi bildirilir. Bundan əvvəl isə erməni terroçular 29 may, 1977-ci ildə Yeşilköy Hava Limanı və Sirkeci Qatar Vağzalına da hücumlar təşkil edib.
16 iyun, 1983-cü ildə İstanbuldakı Kapalıçarşıda həyata keçirilən terror aksiyası zamanı da ASALA-PKK işbirliyi olub. Belə ki, PKK-nın sözügedən məkanda terror törətməsinin ardından ASALA silahlıları avtomatik silahlarla ətrafa atəş açaraq gərginliyi daha da artırıb və nəticədə bir neçə nəfərin həyatına son qoyub. 14 yaşlı Murad Alptekin də ASALA-nın gülləsinə tuş gələrək həlak olanlar sırasında yer alıb. Həmin aksiyanı həyata keçirməkdə şübhəli bilinən və PKK-ya yaxınlığı ilə seçilən Bəhcət Cantürk həbs edilsə də, sonradan bəraət almağa müvəffəq olub. Sonradan Cantürk Suriyaya gedərək, ASALA və Kürd millətçilərinin narkotiklə təminatında mühüm rol oynayıb və narkotik qaçaqmalçısı kimi tanınıb. O, 1994-ci ildə öldürüldükdən sonra PKK liderlərindən sayılan Osman Öcalan Cantürkü "vətənpərvər bir iş adamı" kimi xarakterizə edib.
1992-ci ildən etibarən PKK-nın Ermənistanda təşkilatlanma prosesi də məhz Osman Öcalanın rəhbərliyi ilə həyata keçirilib. PKK terror təşkilatına yaxınlığı ilə seçilən "Serxwebün" jurnalı isə hər iki terror təşkilatı arasında əməkdaşlığı təbliğ və təşviq edən əsas informasiya qaynağı rolunu oynayıb. Jurnalın 2001-ci ildə dərc edilən sayında qeyd edilir ki, kürdlər və ermənilər Arian xalqları içərisində həm coğrafi, həm mədəni, həm də tarixi olaraq ən uzun müddət iç-içə, bir arada yaşamış iki xalqdır. Onu da qeyd etmək yerinə düşər ki, PKK-ASALA əməkdaşlığı və kürd terror təşkilatının Ermənistandakı fəaliyyəti məşhur Wikiliksın yaydığı hesabatlarda da əksini tapıb.
S.İsmayılbəyli