Dünyada 60 milyondan çox insan məcburi olaraq yerdəyişməyə məruz qalıb
Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev BMT Baş Assambleyasının qaçqın və miqrantların böyük axınının aradan qaldırılması mövzusunda yüksək səviyyəli görüşündə çıxış edib.
20 Sentyabr 2016 16:18 DünyaDövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev BMT Baş Assambleyasının qaçqın və miqrantların böyük axınının aradan qaldırılması mövzusunda yüksək səviyyəli görüşündə çıxış edib. "OLAYLAR"-ın xəbərinə görə, xidmət rəisi bildirib ki, son illər dünyada münaqişə və böhran zonalarının coğrafi əhatəsinin genişlənməsi həlak olan və öz evlərini tərk etmək məcburiyyətində qalan insanların sayının böyük bir ölçüdə artmasına gətirib çıxarıb. Münaqişələr və zorakılıqlar nəticəsində bu gun dünyada 60 milyondan çox insan məcburi olaraq yerdəyişməyə məruz qalıb. Beynəlxalq ictimaiyyət ilk növbədə yeni silahlı münaqişələrin meydana çıxmasına imkan verməməli və mövcud münaqişələrin dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsipi başda olmaqla beynəlxalq hüququn norma və prinsipləri əsasında həll edilməsi istiqamətində səylərini daha da artırmalıdır. O, əlavə edib ki, bu gün dünyada artıq ümumi sayı rekord həddə 41 milyona çatmış məcburi köçkünlərin ağır vəziyyəti və ehtiyacları hec cür diqqətdən kənarda qalmamalıdır və buna görə də, beynəlxalq ictimaiyyətin bu problemin həllinə münasibətdə ümumi və vahid yanaşmadan çıxış etməsi zəruridir. Xidmət rəisi çıxışı zamanı Ermənistanın təcavüzü nəticəsində milyona yaxın soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyini və ağır şərtlər altında yaşadıqlarını söyləyib.