ABŞ-dan rekord hərbi yardım
ABŞ və İsrail milyardlarla dollarlıq hərbi yardım mövzusunda razılaşıb.
14 Sentyabr 2016 15:12 DünyaABŞ və İsrail milyardlarla dollarlıq hərbi yardım mövzusunda razılaşıb.
Xarici media xəbər verir ki, bu haqda ABŞ Dövlət Departamentindən bildirilib.
Razılaşmanın bu gün Vaşinqtonda imzalanması gözlənilir. Razılaşma 2019-cu ildən 2028-ci ilə qədər olan müddəti əhatə edir. Bu, ABŞ tarixinin ən böyük ikitərəfli hərbi yardım razılaşmasıdır. İsrail tərəfindən verilən məlumata görə, hərbi yardımın həcmi 38 milyard dollar təşkil edir.
Hazırda qüvvədə olan razılaşmanın müddəti 2018-ci ildə başa çatacaq. On illik razılaşma İsrailə 30 milyard dollar həcmində yardımın edilməsini nəzərdə tuturdu.
İsrailin baş naziri Benyamin Netanyahu yeni razılaşmada hərbi yardımın miqdarının artırılması üçün Vaşinqtona təzyiq edib. Netanyahu bu tələbinə səbəb olaraq nüvə proqramı mövzusunda İranla "altılıq" arasında imzalanan razılaşmanı göstərib.
İsrail razılaşmadan sonra İranın Yaxın Şərqdə aktivləşəcəyini düşünür. Həmçinin bildirilir ki, sanksiyaların ləğvindən sonra İran Fələstinin "Həmas" və Livanın "Hizbullah" təşkilatlarına dəstəyini artıracaq.
ABŞ prezidenti Barak Obama isə ötən il Netanyahu ilə görüşdən sonra İsrailə edilən hərbi yardımın yalnız İsrail dövləti üçün deyil, həm də ABŞ-ın təhlükəsizliyi baxımından əhəmiyyətli olduğunu bildirmişdi. İsrail ABŞ-ın Yaxın Şərqdəki ən əhəmiyyətli müttəfiqi sayılır.(publika.az)