ABŞ müdafiə naziri: “Rusiya dünya düzənini dağıtmağa çalışır”
ABŞ-ın müdafiə naziri Eşton Karter Rusiyanı dünya düzənini sarsıtmaqda günahlandırıb və deyib ki, Vaşinqton “Amerikada demokratik prosesə müdaxilə cəhdlərinə” laqeyd qalmayacaq. Bu barədə “The Wall Street Journal” qəzeti yazır.
8 Sentyabr 2016 15:06 DünyaABŞ-ın müdafiə naziri Eşton Karter Rusiyanı dünya düzənini sarsıtmaqda günahlandırıb və deyib ki, Vaşinqton "Amerikada demokratik prosesə müdaxilə cəhdlərinə" laqeyd qalmayacaq. Bu barədə "The Wall Street Journal" qəzeti yazır.
ABŞ-da siyasi qurumlara, eləcə də Demokratlar Partiyasına haker hücumlarının arxasında Rusiyanın dayandığı barədə ittihamlar səslənir. Eşton Karter birbaşa bu haqda danışmayıb. Ancaq onun dedikləri istənilən halda Kremlə qarşı xəbərdarlıq kimi səslənib. Böyük Britaniyad Oksford Universitetində çıxış edən Pentaqon rəhbəri deyib: "Biz Rusiyanın timsalında düşmən axtarmırıq. Amma səhv etməyin: müttəfiqlərimizi, prinsiplərimizə söykənən beynəlxalq düzəni, bu düzənin hamımıza yaratdığı pozitiv gələcəyi müdafiə edəcəyik. Kollektiv təhlükəsizliyimizi sarsıtmaq cəhdlərinə qarşı dayanacağıq. Demokratik prosesimizə müdaxilə cəhdlərinə laqeyd qalmayacağıq".
Bir müddət əvvəl demokratlardan prezidentliyə namizəd Hillary Klinton deyirdi ki, kiberhücumların arxasında Rusiya dayana bilər, məqsəd də prosesi onun rəqibi, respublikaçı Donald Trampın xeyrinə yönəltməkdir.
Bu yay Demokratlar Partiyasının qurultayından öncə "WikiLeaks" partiyanın gizli yazışmalarını yaydı. Həmin yazışmalarda partiya rəsmilərinin namizəd kimi senator Sandersə deyil, Klinton-a üstünlük verdiyi görünürdü. Nəticədə Demokratik Milli Komitənin sədri Debbi Vasserman Şults istefa verdi. Amma eyni zamanda Rusiyanın ABŞ-da seçki prosesinə müdaxilə etməsi ittihamları da geniş yayıldı.
Qəzet yazır ki, Eşton Karterin bu bəyanatı verdiyi bir vaxtda Vaşinqtonla Moskva Suriyada atəşkəslə bağlı danışıqlar aparırlar. Prezidentlər Barak Obama və Vladimir Putin Çində G20 sammiti çərçivəsində
bu məsələni müzakirə ediblər.
ABŞ Suriya Zəfər Cəbhəsinə qarşı hücumları koordinasiya etməyi irəli sürüb. Bu qruplaşma "ən-Nusra Cəbhəsi" adıyla tanınıb və "əl-Qaidə"yə bağlıdır. Koordinasiya əvəzində Suriya ordusu hava zərbələrini dayandırmalıdır. Ancaq Obama Rusiyayla belə bir razılaşmaya gəlinəcəyinə skeptik yanaşdığını da söyləyib.
Elə Karter də sentyabrın 7-dəki çıxışında oxşar şübhəni dilə gətirib. Deyib ki, ABŞ diplomatları Rusiyanı sınağa çəkir - Moskva Suriya hökumətinə təsir göstərə, vətəndaş müharibəsinə son qoymaqdan ötrü siyasi keçidə razı sala biləcəkmi?
"Bu gün Suriyadan gələn xəbərlər ümid oyatmır. Seçim Rusiyanındır, daha sonra olacaqlara görə də məsuliyyəti o daşıyır", - Karter deyib.