Ermənistanda hakimiyyət zəlzələsi: daha 5 nazir QOVULUR

Bu gün Ermənistanın baş naziri Ovik Abramyan istefa verib. Onun vəzifəsinə İrəvanın sabiq meri Karen Karapetyanın təyinatı gözlənilir.

Bu gün Ermənistanın baş naziri Ovik Abramyan istefa verib. Onun vəzifəsinə İrəvanın sabiq meri Karen Karapetyanın təyinatı gözlənilir.

Ermənistan hakimiyyətində istefalar dalğası bununla səngiməyəcək. Tam əksinə, proses hələ yeni başlanır.
Xarici işlər naziri Edvard Nalbandyan, kənd təsərrüfatı naziri Serqo Karapetyan, səhiyyə naziri Armen Muradyan, müdafiə naziri Seyran Ohanyan vəzifələrindən "könüllü istefa" adı ilə kənarlaşdırılacaqlar.

Ermənistan Gömrük Xidmətinin rəisi Ovik Hovsepyan da vəzifəsi ilə vidalaşacaq.

Ermənistan Polisinin rəisi Vladimir Qasparyanın isə müdafiə naziri postuna təyinatı gözlənilir.
Ermənistan XİN-in yeni başçısı isə hazırda prezident Serj Sarkisyanın aparatının rəhbəri Vigen Sarkisyan olacaq.
Az öncə Ovik Abramyanın yeni vəzifəsi bəlli olub. O, 2017-ci ildə keçiriləcək parlament seçkiləri ilə bağlı Ermənistan Respublika Partiyasının seçkiqabağı qərargahına rəhbərlik edəcək.

Hazırda XİN başçısı olan Edvard Nalbandyanın Fransaya səfir göndərilməsi gözlənilir.
V.Sarkisyanın yerinə, yəni Prezident Aparatı rəhbəri postuna hazırda Milli Təhlükəsizlik Şurasının katibi olan Armen Gevorkyan təyin ediləcək.

Sabiq baş prokuror Gevorq Kostanyan işdən çıxarılacaq və Gürcüstana səfir təyin ediləcək. Onun yerinəsə hazırda baş prokuror səlahiyyətlərini icra edən Armen Harutyunyan təyinat alacaq.

Bütün bu ilk baxışdan qəfil təsir bağışlayan kənarlaşdırmalar və təyinatlar Ermənistan prezidenti Serj Sarkisyanın "milli razılıq hökuməti" adlı yeni sxemi reallaşdırmağa başlaması ilə bağlıdır.

Ermənistan Polisinin rəisi V.Qasparyanın müdafiə naziri olacağı gözlənilən idi, çünki İrəvanda Post-Patrul Xidməti Alayının binasını ələ keçirmiş "Sasna Tsrer" qruplaşmasının üzvlərinə qarşı davranışında həmişəki qəddarlığı və ən başlıcası, S.Sarkisyana sonsuz sədaqəti ilə seçilən Qasparyanın bu "xidmət"ləri mükafatlandırılıb.

İrəvandakı hakimiyyət perturbasiyaları arasında ən önəmlisi Ovik Abramyanın işindən kənarlaşdırılması və Karen Karapetyanın onun yerinə təyinatıdır.

Təyinat bilavasitə Rusiyanın iştirakı ilə reallaşdırılıb. K.Karapetyan Rusiyanın "Qazprom Mejreqionqaz" konserninin rəhbərlərindən biridir və Moskvanın "kreatura"sı sayılır. S.Sarkisyan isə son vaxtlar ölkədəki müxalifətçilərin öhdəsindən "gələ bilməmək"də, Ermənistanda antirusiya çıxışlarını səngitməyi bacarmayan və ən "pis"i də İrandan Avropaya qaz nəqli layihəsində Ermənistanı tranzit ölkə qismində təklif etməklə Rusiyanı sinirləndirən Ovik Abramyan getməli idi.
Digər maraqlı məqam XİN başçısı Edvard Nalbandyanın cəzalandırılması, "Fransaya səfir təyinatı" adı ilə faktiki siyasi sürgünə göndərilməsi və İrəvanın siyasi müstəvisindən kənarlaşdırılmasıdır.

E.Nalbandyanın gedişi labüddür və bu, bir neçə həftə əvvəl, Rusiya prezidenti Vladimir Putin erməni nazirə medal verəndə aşkarlanmışdı. V.Putin bu minvalla Nalbandyanı "Ermənistan-Rusiya dostluğuna verdiyi böyük töhfələr"ə görə mükafatlandırmaqla əslində onunla vidalaşmışdı.

E.Nalbandyanın gedişi Rusiyanın Ermənistana təsirini daha da artıracaq: rəsmi İrəvanın son aylarda sözdə "Moskvaya əbədi sədaqət"dən bəhs edərək işdə Qərbə meyllənməsi Moskvanın kəskin narazılığına səbəb olub.
Moskva haqlıdır, çünki Rusiyanın maliyyə, hərbi, siyasi, iqtisadi və s. müstəvilərdə dəstəyi, yardımları olmadan Ermənistan çox qısa müddətdə məhvə məhkum olacaq psevdodövlətdir.

Eyni zamanda, ilk baxışdan nə qədər paradoksal görünsə də, E.Nalbandyanın XİN başçısı postundan kənarlaşdırılması həm də Rusiyanın Ermənistandakı mövqelərinin zəifləməsidir. E.Nalbandyan Rusiyanın ən sədaqətli, müti kadrlardından idi və o, ABŞ ilə Avropa Birliyini də qıcıqlandırırdı. Yeni XİN başçısının kimliyindən asılı olmayaraq İrəvanla Moskvanın münasibətlərinə "ABŞ təsiri" adlı amil güclənəcək.

ABŞ Ermənistanın xarici siyasətində diversifikasiyasını, balansın mühafizəsini, İrəvanın birmənalı olaraq Rusiyadan asılı olmasını istəmir.
Serj Sarkisyan belə balansdan qorxur: o, 2013-cü ilin sentyabrın 3-də pozulmuş balansı, Moskvaya tərəf əyilmiş xarici siyasəti rəvanlaşdırmağa çalışarsa, elə indi kənarlaşdırdığı adamlar kimi "könüllü istefa" məcburiyyəti qarşısında qala bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31