Moldovada Atatürkün büstü qoyulub
Türkiyənin Moldovanın paytaxtı Kişinyovdakı səfirliyinin qarşısında Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün büstü qoyulub.
26 Avqust 2016 15:58 DünyaTürkiyənin Moldovanın paytaxtı Kişinyovdakı səfirliyinin qarşısında Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün büstü qoyulub.
"Report"un Şərqi Avropa bürosu xəbər verir ki, avqustun 26-da abidənin açılışı olub.
Mərasimdə Moldovanın Mədəniyyət naziri Monika Babuk, Kişinyovda akkreditə olunan xarici ölkələrin diplomatik korpusunun nümayəndələri, yazıçı və jurnalistlər iştirak edib.
Türkiyənin Moldovadakı səfiri Mehmet Selim Kartal çıxışında Atatürkün ölkəsi üçün gördüyü işləri xatırladıb: "Əldə etdiyi uğurların nəticəsi olaraq Atatürk nəinki Türkiyədə, eləcə də bütün dünyada tanınır və sevilir. Yeni Zelandiyadan İtaliyayadək müxtəlif ölkələrdə küçə və parklar onun adını daşıyır. Əlbəttə, Kişinyov da bu mövzuda istisna təşkil etmir".
Moldova Mədəniyyət naziri Monika Babuk isə qeyd edib ki, ölkəsində apardığı müstəsna islahatların nəticəsində Atatürk bütün xalqlar üçün nümunə olacaq dünya miqyaslı şəxsiyyətə çevrilib.