Biz əvvəllər bunu yazmışdıq... Nurçuların Türkiyə hökuməti üçün gözlənilən təhlükəsi
Kütləvi informasiya vasitələrinin də yaydığı xəbərə görə, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri nəzərdə tutulub. Aprelin 4-də baş tutacaq səfər çərçivəsində Türkiyə hökumət rəhbərinin Bakıda bir sıra görüşlər keçirəcəyi bildirilir. Öz-özlüyündə bu kimi səfərlər normal qəbul edilsə də, lakin Ərdoğanın Azərbaycana səfərinə fərqli prizmadan yanaşmamaq mümkün deyil.
25 Avqust 2016 16:32 DünyaKütləvi informasiya vasitələrinin də yaydığı xəbərə görə, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri nəzərdə tutulub. Aprelin 4-də baş tutacaq səfər çərçivəsində Türkiyə hökumət rəhbərinin Bakıda bir sıra görüşlər keçirəcəyi bildirilir. Öz-özlüyündə bu kimi səfərlər normal qəbul edilsə də, lakin Ərdoğanın Azərbaycana səfərinə fərqli prizmadan yanaşmamaq mümkün deyil. Belə ki, ölkəsində keçirilən seçkinin başa çatmasından qısa bir müddət keçmiş Türkiyə rəsmiləri, xüsusilə də baş nazirin xarici ölkəyə səfər etməsi praktikasına son illərdə rast gəlinməyib. Bir qayda olaraq istər seçkidə qələbə qazanan, istərsə də məğlub olan partiya bu prosesdən sonra qısa müddətli də olsa özünə istirahət verir. Türkiyədə yaxın tarixdə, bir qədər də dəqiqləşdirsək Ərdoğan hökumətinin zamanında baş tutan seçkilərdən sonra bir qayda olaraq baş nazir qısa məzuniyyətə çıxaraq seçki yorğunluğunu aradan qaldırıb. Elə Türkiyə mətbuatı da seçkilərdən sonra baş nazirin istirahət bölgələrinə getdiyini zaman-zaman yazıb. Ancaq bu dəfə fərqli gedişlər özünü göstərməkdədir. Xüsusilə, baş nazir Ərdoğan və onun rəhbəri olduğu Ədalət və İnkişaf Partiyası üçün prinsipial əhəmiyyət kəsb edən 30 mart seçkiləri ərəfəsində Türkiyə baş nazirinin ciddi yorulduğunu görməmək mümkün deyildi. Hətta çıxışları zamanı səhhətində belə problemlər yaranan Ərdoğanın qısa müddətli istirahətə gedəcəyi proqnozlaşdırıldığı halda, hökumət rəhbərinin Azərbaycana səfər xəbəri yayıldı. Maraqlıdır ki, Ərdoğanın Azərbaycan səfəri seçkilərdən əvvəl gündəlikdə deyildi və bu barədə məlumat verilməmişdi. Bəs görəsən Rəcəb Tayyib Ərdoğanın gözlənilməz Azərbaycan səfərinin arxasında nə dayanır və Türkiyə baş naziri Bakıda hansı məsələləri müzakirə edəcək.
Birmənalı olaraq bildirilir ki, Türkiyə baş nazirinin seçkilərdəki qələbəsinin dadını çıxarmadan Azərbaycana üz tutması baş nazir və AKP-nin hələ də Gülən təhlükəsindən sığortalanmaması ilə bağlıdır. Heç kimə sirr deyil ki, Türkiyədən sonra nurçuların geniş şəkildə şəbəkələşdiyi ölkələrdən biri də Azərbaycandır və hər ay Azərbaycandan Gülən camaatına külli miqdarda vəsait ötürülür. Azərbaycanın müxtəlif sahələrinə nüfuz edərək özlərinə yer tutan nurçuların təhlükəli dərəcədə inkişafı heç şübhəsiz ki, Türkiyə baş nazirini də ciddi narahat edir. Məhz bu narahatçılığı aradan qaldırmaq və Azərbaycandakı nurçuların zərərsizləşdirilməsi üçün Ərdoğanın Azərbaycana səfər etdiyi bildirilir. Heç şübhəsiz ki, Türkiyə baş naziri Azərbaycan rəsmiləri ilə keçirdiyi görüşlərdə Azərbaycanda xüsusi nüfuz sahibi olan nurçuların zərərsizləşdirilməsi məsələsini qaldıracaq.
Türkiyə baş nazirinin Azərbaycana səfər etməsini şərtləndirən digər bir amil isə Fətullah Gülənin partiya yaratmaq istəyinin olduğu barədə xəbərlərin yayılmasıdır. Məlumata görə, 30 mart seçkilərindəki uğursuzluqdan sonra Fətullah Gülən növbəti hədəf kimi parlament seçkiləri üçün yeni bir partiya yaratmağa start verib. Gülənin yaradacağı partiya üçün Azərbaycandakı nurçuların ciddi sosial baza kimi çıxış edəcəyi şübhə doğurmur. Daha dəqiq desək buradakı nurçular Gülənin yeni partiyasının maliyyə qaynağı, fanatik qüvvəsi ola bilər. Bu ərəfədə Qafqaz Universitetinin İlahiyyat fakultəsinin bir qrup məzunlarının bir araya gətirilməsi və onların şəbəkələşməsinin zəruriliyinin vurğulanması da kifayət qədər ciddi məqamlardan xəbər verir. Şəbəkələşmiş dinşünasların Gülənin yeni partiyasının Azərbaycandakı dayağı olacağı da istisna edilmir. Təbii ki, Azərbaycanda, daha dəqiq desək Qafqaz Universitetində baş tutmuş həmin toplantıdan Türkiyə Milli İstihbarat Təşkilatı da məlumatlıdır. MİT-in ona verdiyi dosyedə sözügedən məsələnin də qeyd olunduğu şübhə doğurmur. Bundan başqa Azərbaycanda bir sıra rəsmi şəxslər, millət vəkilləri, qeyri-hökumət təşkilatları və bəzi kütləvi informasiya vasitələrinin də nurçularla olan bağlılığı Ərdoğan üçün arzuedilən deyil. Türkiyə baş naziri həmin şəxslərlə bağlı narahatçılığını da ortaya qoyacaq. Çünki Azərbaycandakı nurçuların adları və hansı sahələrə nüfuz etdikləri Türkiyə MİT-i tərəfindən baş nazir Ərdoğana çatdırılıb.
Bu arada Türkiyə prezidenti Abdullah Gülün də Küveytə səfər etməsi diqqətdən qaçmamalıdır. Nurçuların aktiv olduğu ölkələrdən birinin də məhz Küveyt olduğunu nəzərə alsaq deyə bilərik ki, Abdullah Gül də məhz Ərdoğan kimi eyni prosesdən narahatçılıq keçirdiyi üçün Küveytə üz tutub.
Süleyman İsmayılbəyli
"Olaylar" qəzeti 3 aprel 2014