Məhkəmə sistemində kütləvi işdənçıxarmalar və həbslər başladı - YENİLƏNİB
16 İyul 2016 16:38 DünyaTürkiyənin məhkəmə-hüquq sistemində çalışan və FETÖ (fətullahçı terror təşkilatı) mənsubu olduğu bildirilən şəxslərin kütləvi şəkildə işdən çıxarılmasına və həbsinə başlanıb.
APA-nın "milliyet.com.tr" saytına istinadən verdiyi xəbərə görə, Türkiyənin Məhkəmə-Hüquq Şurası (Hakimlər ve Savcılar Yüksek Kurulu) 2 min 745 hakimin vəzifədən kənarlaşdırılması haqqında qərar qəbul edib. Şuranın özünün isə 5 üzvünün səlahiyyətlərinə xitam verilib.
Türkiyədə dövlət idarələri arasındakı mübahisələrə baxan və qanun, qərar layihələrinə rəy verən məhkəmə orqanı - Danıştayın isə 5 üzvü həbs edilib, qurumun daha 4 üzvü yazılı həbs sanksiyası olmadığı üçün qərara tabe olmayacağını bildirib.
-----------
16:09
Türkiyədə iki mindən çox hakim istefaya göndərilib.
Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bu qərar ölkədə hərbi çevrilişə cəhddən sonra alınıb.
Qeyd edək ki, ötən gecə Türkiyədə hərbi çevrilişə cəhd olub. Hadisə nəticəsində ümumilikdə 265 nəfər həlak olub. Onlardan 161 nəfəri hərbi çevrilişə cəhdin qarşısı alınarkən həlak olub, ölənlərdən 104-ü isə qiyamçı hərbçidir, 1500-dən çox yaralı var. Hərbi çevrilişə cəhdə görə saxlanılanların sayı 2839 nəfərə çatıb. Türkiyədə hakimiyyətə təslim olan hərbçilərin sayının isə 700 nəfər olduğu bildirilir.