Fransız faciəsi: bulvarda bayram qırğını - FOTO
15 İyul 2016 10:25 DünyaDünən iyulun 14-ü idi. Fransanın milli bayramı, Bastiliyanın Alınması Günü.
Dünən Fransız Rivyerasında, Nitsa şəhərindəki "Promenade des Anglais" bulvarında minlərlə insan yığışmışdı - onlar bayram atəşfəşanlığına tamaşa edirdilər.
Fransanın ən məşhur, dəbdəbəli kurortlarından biri sayılan bu məkandakı məşum teraktda 84 nəfər həlak olub, 120 nəfər yaralanıb. Yük maşınının sükanı arxasındakı şəxs avtomobili insanların gur olduğu yerə sürüb. 30 tonluq maşının sükanı arxasında əslən Tunisdən olan 31 yaşlı nitsalı müsəlman vardı.
İlkin məlumatlara görə, o, Caber Əhməddi. O, maşını insanların üzərinə sürərək tapançadan atəş açırdı.
Hadisə yerində olmuş şahidlərin dediklərinə görə, sanki vəhşət filmi idi.
"Əvvəlcə fikirləşdik ki, sürücünün halı pisləşib, çünki maşın ziqzaqvari hərəkət edir, yandan-yana gedirdi. Lakin az sonra anladıq ki, sürücü insanları bilərəkdən əzir, öldürür", - Fransua Melli deyib.
Britaniya vətəndaşı, həmin an bulvarda olmuş Kerri Uopnes isə söyləyir: "Yük maşını sanki boulinqdəki keqlilər təki insanları əzirdi".
Digər şahid söyləyir: "Atəşfəşanlığın başa çatmasına az qalmış bulvarı tərk etmək istədim. Adamların arası ilə yeriyirdim ki, əvvəlcə maşın səsi, sonra qışqırıqları eşitdim. İlk əvvəl düşündüm ki, hansısa sarsaq özbaşına atəşfəşanlıq etmək istəyib, partlayıb. Amma bir neçə saniyə sonra böyük, ağ yük maşını insanların arasında şütüdü. Yanımdan keçdi. Bu maşının insanları vurub kənara atdığını gördüm. Heç zaman unutmayacağım qışqırtı səsləri gəlirdi. "Qaçın, qurtulun!", "Qaçın buradan!", "Hanı oğlum?! Oğlum hanı?!"
Az sonra "O qayıdır!" qışqırdılar. Güllələrin dəlik-deşik etdiyi yük maşını qarşıda dayandı".
Nitsa şəhər polisindən verilən məlumata görə, tunisli terrorçunun sürdüyü maşın təxminən 2 kilometr məsafədə insanları əzib.
Panika yaranıb, bulvardakılar hər tərəfə qaçmağa başlayıblar. Olay yerindəki polis insanları otellərin hollarına və restoranların terraslarına yönəldərək onları xilas etməyə çalışıb.
Sürücünü polis güllələyib. İlkin məlumatlara görə, sürücü kabinində avtomat və əl qumbaraları da varmış.
Fransa prezidenti Fransua Olland Avinyon şəhərinə səfərini yarımçıq qoyaraq Parisə qayıdıb. O, xüsusi xidmət orqanları və güc nazirliklərinin rəhbərlərindən ibarət böhran qərargahının toplantısını keçirib.
Fransanın baş naziri Manuel Vals hazırda Nitsadadır.
Fransanın Daxili Təhlükəsizlik İdarəsinin rəhbəri Patrik Kalvar Nitsadakı faciədən bir qədər əvvəl ölkədə yeni teraktlar ehtimalı olduğunu demişdi. Kalvar onu da söyləmişdi ki, İŞİD terror taktikasını dəyişəcək.
Az öncə bəlli olub ki, Nitsadakı "Promenade des Anglais"də terror törədən şəxsin avtomobilində əsl cəbbəxana varmış. Belə ki, avtomobildə avtomatlarla yanaşı, partladıcı maddələr, əl qumbaraları da aşkarlanıb.