"Gülənin adamları Türkiyə prezident administrasiyasına da yerləşə biliblər"
"Türkiyə dünyanın ən əli qanlı terror təşkilatlarının hədəfində olan ölkə kimi ağır bir imtahandan keçir. Terrorun öhdəsindən gələcəyik, hər hansı bir şübhəm yoxdur."
30 İyun 2016 09:12 Dünya"Türkiyə dünyanın ən əli qanlı terror təşkilatlarının hədəfində olan ölkə kimi ağır bir imtahandan keçir. Terrorun öhdəsindən gələcəyik, hər hansı bir şübhəm yoxdur."
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda baş vermiş terror aktına münasibət bildirərkən deyib.
"Bu mübarizədə təhlükəsizlik qüvvələrimizdən, istərsə də mülki vətəndaşlarımızdan itkilərimiz oldu. Hələ də olur. Bu mübarizədə itkilər olacaq.
Terror təşkilatlarının əsas məqsədi Türkiyəni küncə sıxışdırmaqdır. Bizi güzəştə məcbur etmək istəyirlər. Biz Çanaqqalada milyonlarla insan itirməyimizə baxmayaraq qardaşlığımızı itirməyən toplumuq.
Türkiyəni küncə sıxışdırma, güzəştə getməyə məcbur məqsədi ilə edilən hücumlar olduğu aydındır. Biz də Türkiyənin birliyindən imtina etməyəcəyini dünyaya bildirmişik. Dünya hələ də bizim PKK-ya qarşı apardığımız əməliyyatların mülki vətəndaşları öldürməyə yönəlik olduğunu iddia edir. Hansı ki, biz terrorçulara qarşı vuruşuruq. Dinc insanları öldürənlər terrorçular deyilmi? Daha əvvəl Ankarada mülki vətəndaşları qətlə yetirənlər terrorçular deyildimi? Biz güzəştə getməyəcəyik, bunu bilsinlər.
Bizim vətənimizi heç vaxt bölə bilməyəcəklər . Xəyal aləmində gəzənlər var. Biz sizə heç vaxt şəhidlərimizin qanıyla suvarılan bir damcı torpağımızı verməyəcəyik. Bunun mübarizəsini veririk və sonuna qədər verməyə davam edəcəyik.
Dövlətin içində dövlət olmaz. Türkiyə cümhuriyyətinin içində ikinci bir "dövlət" qurmaq istəyənləri ifşa etmişik. Çoxu xaricə qaçdı, bir qismi də cəza evlərindədir. Hamısını təmizləyəcəyik. Onlar Prezident Administrasiyasına da girə biliblər. Onları da təmizləyəcəyik.
Bu adamların düşüncəsinə baxın, adam deyir ki, Pensilvaniyadakı zat onlara şah damarından daha yaxındır. O güc yalnız Allahdadır. Allahdan başqa heç kim bizə şah damarından yaxın ola bilməz. Bu iddiada olanlar şirk içindədir. (avropa.info)