Ağıllı eynəklə" imtahana girdilər - Texnologiyalı fırıldaq
11 May 2016 19:30 DünyaTexnologiyanın inkişafı heç də hər zaman müsbət nəticə vermir. Bu inkişaf Tailanddakı tədris müəssisələrinin birində imtahanların keçirilməsinə mane olub. Tibb fakültəsinə daxil olmağa çalışan məzunların imtahanlara xüsusi rəqəmsal eynəklərlə daxil olduğunu öyrənən nəzarətçilər növbəti dəfə imtahanları təxirə salmalı olub. ATV.az bildirir ki, nəzarətçiləri şübhələndirən, tələbələrin bəzilərinin kifayət qədər böyük eynək taxması olub. Eynəkləri araşdıran işçilər həmin aksessuarın universitetdən kənara canlı görüntü ötürdüyünü üzə çıxarıb. Sən demə, həmin gəncləri imtahana hazırlayan müəllimlər kənarda sualların görüntüsünü izləyir, cavabları da SMS vasitəsilə tələbələrin qollarındakı ağıllı saata ötürür. Bunun nəticəsidir ki, o qədər də savadlı olmayan 2 tələbə 3 saatlıq imtahanı 45 dəqiqəyə başa vura bilib. Hələlik 5 tələbənin yüksək texnologiyalı saxtakarlıq etdiyi təsdiqlənib. Lakin universitet rəsmiləri bu fırıldağa daha çox gəncin qoşulduğunu istisna etmir. Müvafiq qurumlar bütün saxtakarlıqlara qarşı təhlükəsizlik tədbirləri lazımi səviyyəyə gətirilənə qədər imtahanların keçirilməsini təxirə salıb.