Regionun təhlükəsizlik çəmbəri artıq nəzarətdən çıxır
Cənubi Qafqaz regionu nüvə təhlükəsizliyi üzrə risk zonasına daxil olur və bununla bağlı ABŞ və digər dövlətlər Ermənistana qarşı ciddi ölçü götürməlidir
11 May 2016 13:08 DünyaErmənistan istər hərb, istərsə də informasiya cəbhəsində təxribatlarını bir qədər də genişləndirərək hər vasitə ilə Azərbaycanı bu təxribata cəlb etməyə çalışır. Aprel uğursuzluğundan sonra təmas xəttində atəşkəsi daha intensiv şəkildə pozan işğalçı ölkə indi də rəsmi Bakını nə qədər qəribə də olsa nüvə hücumu ilə hədələyir. Hətta Türkiyə də bu hədədən kənarda qalmır. Belə ki, işğalçı ölkənin sabiq baş naziri, deputat Qrant Baqratyan parlamentdə çıxışı zamanı bildirib ki, nüvə silahıyla Azərbaycanı və Türkiyəni durdurmalıyıq. Maraqlıdır ki, İrəvandan təkcə Azərbaycan və Türkiyəni deyil, eləcə də bütün dünyanı təhdid edən belə bir açıqlamanın verilməsinə hələ ki, nüvə təhlükəsinə qarşı mübarizə aparmağı qarşılarına məqsəd qoyan dünya gücləri heç bir reaksiya bildirməyiblər. Ancaq ehtimal etmək olar ki, İrəvandan verilən bu sayıqlamaya beynəlxalq birlik ciddi reaksiya bildirəcək. Hətta belə bir sərsəm bəyanatın işğalçı ölkəyə başağrısı yaradacağı da istisna edilmir.
Politoloq, "Atlas" Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlu hesab edir ki, Ermənistanın keçmiş baş naziri, deputat Qrant Baqratyan "Yerevanın nüvə silahı var" sözləri ilə həm özünü, həm də ölkəsini çətin duruma salıb: "Aydındır ki, Ermənistan o dövlətlərdən deyil ki, nüvə silahı olsun. Ancaq Ermənistan uran əldə edib çirkli bomba hazırlaya bilər. Bunun üçün böyük ağıl sahibi olmaq lazım deyil. Bu isə Qərbi və elə Rusiyanın özünü ciddi narahat etməlidir. Təsadüfi deyil ki, Avropa İttifaqı Ermənistanın nüvə silahına malik olması barədə bəyanatları araşdıracaq. Vaşinqtondan da mövzuyla bağlı açıqlamalar səslənib, hətta ABŞ-ın nüfuzlu qəzetləri bu mövzuya məqalələr həsr ediblər. Erməni lobbisi uzun onilliklər məzlum erməni obrazı yaradıb, müəyyən dəstək qazanıb, indi bir başıxarab erməni "nüvə silahımız var" deməklə lobbinin bu əməyini yerə vurub. Şübhələri artıran həm də bir müddət öncə ermənilərin Gürcüstanla sərhəddən radiasiya komponentli maddələri keçirməyə çalışmalarıdır". Politoloqun sözlərinə görə, Qrant Baqratyanın "nüvə silahıyla Azərbaycanı və Türkiyəni durdurmalıyıq" ifadəsi həm də o deməkdir ki, Ermənistan Azərbaycanla müharibədən çəkinir, bizimlə təkbətək qalmaq istəmir: "Aprel döyüşlərinin təkrarlanmasından qorxur, ona görə də nüvə silahı təhdidi ilə özünü "sığortalamaq" istəyir ki, Azərbaycan Dağlıq Qarabağ üzərindəki nəzarəti ələ keçirməyə çalışmasın. Ermənistandakılar anlamırlar ki, hətta hipotetik olaraq nüvə silahları olsa belə, Azərbaycan Dağlıq Qarabağa nəzarət uğrunda mübarizədən əl çəkən deyil. Bir də ki, Ermənistanın nüvə silahı haqqında məlumatı sirr qala bilməzdi və belə bir məlumat həqiqətə yaxın olsaydı, Azərbaycanın nüvə silahı Ermənistandan daha öncə yaradılardı. Hindistan bir gün nüvə sınağı keçirdi və bütün dünyaya bəyan etdi ki, nüvə silahı var. Üstündən 24 saat keçməmiş Hindistanla münasibətlərində problemi olan Pakistan da nüvə sınağı keçirdi və o da nüvə silahına malik olduğunu açıqladı.
Başqa sözlə Pakistan hərbi üstünlüyün rəqib dövlətin tərəfinə keçməsinə imkan vermədi və hər iki dövlətin kəşfiyyatı, o cümlədən alimləri bilirdi ki, qarşı tərəf nə işlə məşğuldur. Yəni bir gün Ermənistanın böyük və ya kiçik həcmli nüvə silahı peyda olarsa, eyni və bəlkə də daha modern nüvə silahına Azərbaycan sahib olmaq məcburiyyətində qalacaq".
Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazadə deyir ki, Ermənistanın keçmiş baş naziri və hazırda parlament üzvü olan Qrant Baqratyanın Ermənistanın nüvə silahına sahib olması və ondan təhlükəsizliyinin təmini məqsədilə istifadə edə biləcəyi ilə bağlı açıqlamaları konkret olaraq Azərbaycan və Türkiyəni hədəfləməsidir. Onun sözlərinə görə, işğalçı ölkənin aprel ayında "üç günlük"döyüşündə ciddi məğlubiyyətə uğradığını və bu məğlubiyyətə hər an düçar ola biləcəyi həyacanının nəticəsidir ki, iki qardaş ölkənin hərbi müttəfiqliyini bu açıqlama ilə hədəfə almağı düşünürlər: "Təbii ki, sabiq baş nazirin bu çıxışı regional təhlükəsizliyə təhdiddir və ümumi olaraq Avropanın təhlükəsizliyini sual altında qoyur. Ermənistanda 1976-ci il texniki parametrlərilə işlənilən "Metsamor"Atom Elektrik stansiyası region üçün ciddi təhdid yaradır və onun fəaliyyətinin davam etdirilməsində Ermənistan hakimiyyəti maraqlıdır. Çünki Ermənistan hakimiyyəti nüvə və radioaktiv maddələrinin qaçaqmalçılıq yolu ilə bir növ gəlir əldə etmək istəyir. Ermənistan Gürcüstan üzərindən Qara dəniz yolu ilə nüvə və radioaktiv maddələri qaçaqmalçılıq yolu ilə dünyanın qara bazarına çıxarır. Regionda nüvə qaçaqmalçığının qarşısını almaq üçün ABŞ Gürcüstana 50 milyon dollar vəsait ayırıb. Gürcüstan tərəfi bir neçə ermənini qaçaqmalçılıq yolu ilə sözü gedən maddələrin daşınmasının qarşısını alaraq həbs edib. Ona görə də Ermənistanda nüvə silahının olması mümkün görünür". Məhəmməd Əsədullazadə deyib ki, erməni deputatın nüvə təhdidi həmçinin Türkiyəyə bir mesajdır: "Yəni müharibə başlayarsa Türkiyə Azərbaycana dəstək verməsin. Bu təhdidedici bəyanat iki qardaş ölkənin hərbi müttəfiqliyinə Rusiyanın da yanaşması ola bilər. Məhz, Rusiya öz forpostunun dili ilə tərəflərə mesaj göndərir2. Təşkilat rəhbəri hesab edir ki, Azərbaycan bununla bağlı MAQATE və digər əlaqədar təşkilatlara müraciət etməli, Ermənistanda ciddi araşdırma aparılmasını tələb edilməlidir: "Hazırda, Cənubi Qafqaz regionu nüvə təhlükəsizliyi üzrə risk zonasına daxil olur və bununla bağlı ABŞ və digər dövlətlər Ermənistana qarşı ciddi ölçü götürməlidir. Regionun təhlükəsizlik çəmbəri artıq nəzarətdən çıxır. Bunun baş rolunda Ermənistan və onu müdafiə edərək regionda sabitsizlyi davam etdirən Rusiyadır".
Füzuli