Bin Ladenin oğlundan cihad çağırışı

"Əl-Qaidə"nin keçmiş lideri Üsamə Bin Ladenin oğlu musəlmanları Suriyaya cihada getməyə çağırıb. Publika.az bildirir ki, bu haqda "The Daily Mirror" nəşri yazıb. 23 yaşlı Həmzə Bin Laden audioyazıda bildirib ki, islam ümməti diqqətini Suriyadakı cihada cəmləməlidir. Onun sözlərinə görə, bütün dünya islama qarşı birləşdiyi bir vaxtda mənasız mübahisələri aparanlar və vahid müsəlman cəmiyyətini bölməyə davam edənlər üçün bəraət yoxdur. "The Daily Mirror" nəşri hesab edir ki, Üsamə Bin Ladenin oğlu iki ən böyük terror qruplaşması olan "Əl-Qaidə" və "İslam dövləti" (İŞİD) arasındakı rəqbəti nəzərdə tutur. Daha əvvəl isə "Əl-Qaidə" terror təşkilatı lideri Ayman Əl-Zəvahiri bildirib ki, Suriyanın ərazisində öz xilafətini yaratmağı planlaşdırır. O, 10 dəqiqəlik videosunda Suriyanı "dünyanın bütün müsəlmanlarının ümidi" adlandırıb və radikal müsəlmanları birləşməyə çağırıb. Ayman Əl-Zəvahiri, həmçinin qeyd edib ki, xilafətin yaradılması üçün şəxsi səlahiyyətlərini qurban etməyə hazırdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00