Ermənistan prezidenti Serj Sarkisyan Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin hələ də çox gərgin olaraq qaldığını və ən başlıcası, bu durumun ermənilərin xeyrinə olmadığını anladığından fövqəladə addımlar atmağa başlayıb. O, ölkədə iqtidarda olan, başçılıq etdiyi Ermənistan Respublika Partiyasının İrəvanda tələsik toplantısını keçirib. Bağlı qapılar arxasında baş tutan və təfərrüatları barədə mediaya heç bir məlumat verilməyən bu toplantı Dağlıq Qarabağ problematikasına həsr olunmuşdu. Daha doğrusu, ATƏT-in Minsk Qrupunda həmsədr olan Rusiya, ABŞ və Fransa hərəkətə gəliblər, Ermənisan qarşısında şərtlər qoyublar.

Həmin şərtlərin ən başlıcası Ermənistanın hazırda işğal altında saxladığı 5 Azərbaycan rayonunu qeyd-şərtsiz tərk etməsidir. Danışıqların ikinci mərhələsində Laçın və Kəlbəcər rayonlarının statusları, habelə Dağlıq Qarabağda referendum keçirilməsi məsələləri müzakirə olunacaq.
Təbii ki, əvvəlcə Rusiya, sonra da ABŞ və Fransa mediasında yer alan bu variant erməniləri təşvişə salıb. Çünki Minsk Qrupunun indiyədək təklif etdikləri Madrid, daha sonra da Kazan prinsipləri ermənilərin "Dağlıq Qarabağın müstəqilliyi" illüziyalarını əməllicə sarsıdır. Azərbaycan da bu prinsiplərlə razı deyil, amma istənilən halda, rəsmi Bakı həmin müddəaları münaqişənin dinc danışıqlar yolu ilə nizamlanması prosesini "iflic" vəziyyətdən çıxarmaq və mənhus status-kvonu aradan qaldırmaq üçün qismən əlverişli hesab edir.
Ermənistanda narazılıq artır, Serj Sarkisyan rejiminin Dağlıq Qarabağdakı "dördgünlük müharibə"də məğlubiyyətinin yaratdığı rüh düşkünlüyü artıq İrəvan iqtidarına nifrətə çevrilir.

Situasiyanın artıq onun əleyhinə işlədiyini anlyan Ermənistan prezidenti dünən Dağlıq Qarabağa, Xankəndiyə yollanaraq separatçı rejimin hərbi birləşmələrinin rəhbərləri ilə təcili toplantı keçirib.
Toplantıda Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyan və Ermənistan ordusunun generalları da iştirak ediblər.
Toplantı əsnasında S.Sarkisyan "Dağlıq Qarabağın müdafiə imkanlarının möhkəmləndirilməsi və döyüş hazırlığının daim artırılmasının hazırda Ermənistanla qarabağlı ermənilərin qarşısında duran başlıca vəzifə olduğunu" deyib.
Bu, toplantı barədə Ermənistan mediasında və Xankəndidəki separatçıların telekanalında yer alan açıqlamalardır. Gerçəkdə isə toplantı "dördgünlük müharibə"nin nəticələrinə həsr olunmuşdu. S.Sarkisyan və Ermənistan ordusunun generalları həmin hərbi əməliyyatlar zamanı Dağlıq Qarabağla yanaşı, işğal olunmuş ərazilərdə başladıqları qəfil hücum əməliyyatlarının uğursuzluğunun, Azərbaycan ordusunun ağır əks-hücum zərbələrinin sonuclarını müzakirə ediblər.
![]()
Sonuclar, bəlli, ermənilər üçün ağır zərbədir: Ağdərə rayonunda strateji yüksəklikləri itirən ermənilər cənub istiqamətdə, Füzuli və Cəbrayıl rayonlarında da taktiki baxımdan uduzaraq geri çəkiliblər, manevr imkanlarını itiriblər. Bundan başqa, Ermənistan Silahlı Qüvvələri ilə Dağlıq Qarabağdakı separatçıları 1994-cü ildən bəri fasiləsiz yaratdıqları və möhkəmləndirdikləri istehkamların, uzunmüddətli müdafiə xətlərinin "yarılmazlığı, keçilməzliyi" ilə bağlı İrəvan rejiminin illərdən bəri yaydığı mif darmadağın olub.
Xankəndidəki toplantı barədə açıqlamalar verilməsə də, Ermənistandakı hərbi ekspertlərin fikrincə, Ermənistan prezidenti S.Sarkisyanın Xankəndidə toplantı keçirməsi, üstəlik də özü ilə Ermənistan Ordusunun generallarını da aparması İrəvanın qarabağlı ermənilərə yolladığı hərbi texnika, silah və sursatın həcmini artıracağından xəbər verir.
Belə iddiaların ağlabatan olduğuna S.Sarkisyanı müşayiət edən generallar arasında Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, general-leytanant Movses Hakopyanın olmaması da dəlalət edə bilər.

M.Hakopyanın hazırda Rusiyada olduğu, Ermənistana ayrılmış silah və hərbi texnikanın bir qisminin Dağlıq Qarabağa göndərilməsi üçün "rüsxət" almağa çalışdığı deyilir. Moskva isə buna razı deyil və texnikanın Dağlıq Qarabağa göndərilməsinə etiraz edir.