Almaniya qidalar üçün “ağıllı” qablaşdırmanın tətbiqinə hazırlaşır
28 Mart 2016 17:41 DünyaAlmaniya hökuməti qida istehsalçılarının məhsulun üzərində istehsal tarixini göstərməsi barədə məcburi tələbi ləğv etməyi planlaşdırır. İKT.lent.az-ın xəbərinə görə, bunun əvəzinə qidaları elektron çiplə təchiz olunmuş "ağıllı" qablaşdırma ilə qablaşdırmaq təklif olunur. Bu çiplər alıcıya məhsulun keyfiyyəti barədə məlumat verəcək. Almaniyanın ərzaq və kənd təsərrüfatı naziri Kristian Şmidt Avropa İttifaqının müvafiq direktivinin yaxın aylarda hazırlanacağını söyləyib. K. Şmidt bildirib ki, əksər məhsullar üzərində yazılan tarixdən daha çox istifadəyə yararlıdır, çünki istehsalçılar özlərini sığortalamaq və hər hansı riskə yer qoymamaq üçün istifadə müddətini daha az göstərirlər. Nəticədə istifadəyə yararlı məhsullar kütləvi şəkildə zay olur. K. Şmidt qeyd edib ki, "ağıllı" qablaşdırmanın üzərindəki elektron çip məhsuldakı dəyişiklikləri hər gün qeydə alacaq. "İşıq şkalası məhsulun istifadə müddətini qırmızı və ya yaşıl işıqla göstərə və hər kəs həmin məhsulu alıb-almamağa qərar verə bilər", - deyə nazir söyləyib.
Təklif israfçılığın qarşısını almaq məqsədi daşıyır. Belə ki, Almaniya Ərzaq və Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə aparılan tədqiqata görə, Almaniyada hər gün 11 milyon ton qida məhsulu zibilə atılır. Ən çox atılan qidalar meyvə-tərəvəz (44%) və çörək-şirniyyat məmulatlarıdır (15%).