İraq yeni vətəndaş savaşı bataqlığına yuvarlanmağa başlayıb. "İraq və Şam İslam Dövləti" (İŞİD) ilə vuruşan kürdlər ilə şiə ərəblər arasında kəskin anlaşılmazlıq yaranıb. Səbəbkar isə iraqlı kürdlərdir. Milli.Az Al Jazeera-ya istinadən bildirir ki, İraqın şimalındakı Kürdüstan Muxtariyyətinin silahlı birləşmələri olan "peşmərgə"lərlə iraqlı ərəblər hazırda İŞİD-ə qarşı müttəfiqlər təki vuruşurlar. Bu koalisiyanın müvəqqəti olması nə kürdlərdə, nə də ərəblərdə şübhə doğurmurdu. Ərəblər düşünürdülər ki, İŞİD terrorçularının ələ keçirdikləri şəhərlərin azad edilməsi üçün birgə savaşla bağlı İraq Kürdüstanı Muxtariyyəti reallığı nəzərə alaraq heç bir şərtlər irəli sürməyəcək.
İlkin dövrlərdə belə idi. Amma indi vəziyyət dəyişib.

"Peşmərgə"lərin terrorla mübarizə bölməsinin komandanı Polat Cenginin dediyinə görə, iraqlı kürdlər yerli şiələrin "Həşdi Şəəbi" adlı birləşmələrinin davranışlarından cana gəliblər.
"Onlar bizə deyirlər ki, İŞİD-ə qarşı vuruşaraq terrorçulardan azad etdiyimiz şəhərləri tərk etməliyik. Bu, əsla olmayacaq. İŞİD-dən təmizlənməsi üçün mübarizə apardığımız şəhərlərdən geri çəkilən deyilik. İndi Havice və Mosul uğrunda döyüşürük. Bizdən tələb edirlər ki, şəhərlər İŞİD-dən təmizlənən kimi, oraları tərk etməliyik. Xeyr, tərk etməyəcəyik. Kürdlər vuruşaraq qan tökdükləri şəhərlərdən geri çəkilən deyillər. Bu isə mütləq şəkildə "Həşdi Şəəbi" ilə aramızda döyüşlərə səbəb olacaq. Qoy olsun. Biz kimsədən qorxmuruq. Əksinə, bizə meydan oxuyanlar qorxsunlar".
İraqlı kürdlərlə şiələrin könüllü dəstələri arasında Tuzhurmatu şəhərində artıq döyüşlər gedir. Kürdlər İŞİD terrorçularından təmizlənmiş bu şəhəri tərk etmək istəmir, "Tuzhurmatu əzəli kürd şəhəridir" deyirlər. Bu isə yerli sakinləri çox qıcıqlandırır. Onların dediklərinə görə, "peşmərgə"lər situasiyadan yararlanaraq Tuzhurmatunu zorən İraq Kürdüstanının ərazisinə qatmaq, bu minvalla ekspansiyanı reallaşdırmaq istəyirlər.

Tuzhurmatu bölgəsi ərəblər, türkmənlər və kürdlərin birgə yaşadıqları məkandır.
ABŞ da İraq Kürdüstanına dəstək verir.
Amerikalı ekspert Maykl Preqent deyir: "Kürdlərin silahlı birləşmələri ilə "Həşdi Şəəbi" arasında savaş ehtimalı artır. Savaş proqnozlarının reallığı isə iraqlı şiələrin kürdlərə aid bölgələrə iddialarının səviyyəsindən asılıdır. Şiələrin silahlı birləşmələrinin belə olacağını düşünməmişdik".
İraqın sabiq vitse-prezidenti Usamə Nüceyfi isə hesab edir ki, "Həşdi Şəəbi" Mosulun İŞİD-dən azad edilməsi əməliyyatına qatılarsa, məzhəb savaşı başlana bilər.

"Həşdi Şəəbi" liderlərindən biri Əbu Mehdi əl Mühəndis isə İraq Kürdüstanının ərazisinin süni şəkildə böyüdülməsinə yol verməyəcəklərini bəyan edib: "Kürdlər vəziyyətdən sui-istifadə edərək torpaqlarını artırmaq, şəhərlərimizi ələ almaq sevdasına düşməsinlər. Peşman qalarlar".
"Həşdi Şəəbi" qruplaşması 2014-cü ilin iyun ayında, İŞİD-in başda Səmarra olmaqla bir çox məkanlara hücum etməsindən sonra ayətulla Əli əl Sistaninin terrorçulara qarşı cihad çağırışından sonra yaranmış könüllü silahlı dəstələr koalisiyasıdır.
Adının mənası "Millət yığıncağı" olan "Həşdi Şəəbi"dəki qrupların tam əksəriyyəti iraqlı şiələrin silahlı dəstələridir.
40-dan artıq qrup arasında lider mövqeləri "Kətaib Saray əs Salam", "Əl Bədr", "Kətaib Hizbullah", "Əsaib Əhlül Haq", "Kətaib İmam Əli" və "Kətaib Seyid Şüheda" tutsalar da, gerçək liderlər saylarına görə ilk iki yerdəki "Kətaib Hizbullah" və "Əl Bədr" qruplaşmalarıdır.
Elçin Alıoğlu