Pakistanda faciə: "Axırınıza çıxacağıq"
28 Mart 2016 13:19 DünyaPakistanın Pəncab şəhərinin inzibati mərkəzi olan Lahor şəhərində yerləşən "Gülşəne Eqbal" lunaparkındakı məşum teraktla bağlı araşdırmalar başlanıb. Pasxa bayramını qeyd edən uşaqlar və qadınların yığışdığı parkdakı partlayışda 72 nəfər həlak olub, 315 nəfər yaralanıb. Həlak olanların əksəriyyəti qadınlar və uşaqlardır. Milli.Az Al Jazeera-ya istinadən bildirir ki, yaralıların çoxu kritik vəziyyətdədir. Partlayışa görə məsuliyyəti "Təhrike Taliban Pakistan" terror hərəkatının nəzdindəki "Cəmaat ül əhrar" qruplaşması üzərinə götürüb. Pəncab vilayəti Pakistanın baş naziri Nəvaz Şərifin siyasi dayağıdır. Vilayətin baş naziri, Nəvaz Şərifin qardaşı Şahbaz Şərif Tvitter-dəki mikrobloqunda yazıb: "Günahsız insanları hədəfə alanları insan adlandırmaq olmaz. Bu məxluqlara müraciət edirəm: izinizə düşəcəyik, sizi tapacağıq. Terror infrastrukturunuzu tam məhv etməsək, sakitləşməyəcəyik. Axırınıza çıxacağıq!"
Pakistan prezidenti Məmnun Hüseyn teraktı qətiyyətlə pisləyib və onu müxtəlif dinli ölkə cəmiyyətində düşmənçilik salmaq cəhdi adlandırıb.
Bölgə hakimiyyəti üçgünlük matəm elan edib.
Lahor Pakistanın ən liberal və varlı şəhərlərindən biridir. Şəhər baş nazir Nəvaz Şərifin siyasi güc bazasıdır və son illər burada nisbətən az terror aktı müşahidə olunur.
"Cəmaat ül Əhrar"ın nümayəndəsi Ehsanullah Ehsanın sözlərinə görə, qrup Pakistanın baş nazirinə mesaj yollayıb: "Biz artıq Lahora daxil olmuşuq. Yeni aksiyalarımızı gözləyin".