ABŞ-ın postsovet ölkələri ilə hərbi əməkdaşlığı Rusiyanı narahat edir

Kreml adekvat addımlar ata bilər

Bu günlərdə Birləşmiş Ştatların Müdafiə Departamenti postsovet məkanının 3 respublikası - Azərbaycan, Gürcüstan və Moldova ilə hərbi-siyasi danışıqlar aparır. Rəsmi məlumatlarda bildirilir ki, Birləşmiş Ştatların Avropa Komandanlığının (EUCOM) komandanı Filip Breedlove martın 22-24-də Gürcüstan və Moldovaya səfər etdiyi zaman ABŞ müdafiə katibinin nümayəndəsi Maykl Karpenter Vaşinqtonda Azərbaycan Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Azərbaycanla müzakirə olunan məsələlər Gürcüstan və Moldova hərbi rəhbərlikləri ilə müzakirə olunanlardan fərqli olsa da, güman ki, əsas hədəf eynidir. Azərbaycan, Gürcüstan və Moldovanın təhlükəsizliklərinin qorunması. Gürcüstan və Moldovanın müdafiə nazirliklərinin yaydığı məlumatlarda amerikalı generalla görüşlərin mövzusunun orduda islahatlar, birgə təlimər və eyni zamanda Rusiyanın təcavüzkar siyasətinin qarşısının alınması olduğu bildirilir. Azərbaycan tərəfinin yaydığı rəsmi məlumata görə isə, Vaşinqtonda NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı çərçivəsində götürülmüş məqsədlərin yerinə yetirilməsi, NATO ilə hərbi uzlaşma səviyyəsinin yüksəldilməsi, Azərbaycan və ABŞ arasında strateji tərəfdaşlıq əsasında ikitərəfli və NATO proqramları çərçivəsində əməkdaşlıq, Azərbaycanla ABŞ arasında qarşılıqlı maraq doğuran digər məsələlər və perspektiv planlar müzakirə predmeti olub. Bəs görəsən Vaşinqtonla hərbi əməkdaşlığın daha da inkişaf etdirilməsi Azərbaycan üçün nələr vəd edir? Eləcə də Birləşmiş Ştatların Azərbaycan, Gürcüstan və Moldovaya olan marağı nədən ibarətdir?

Xəzər Hərbi Tədqiqatlar İnstitutunun rəhbəri Cəsur Sümərinli hesab edir ki, əslində bu səfər və keçirilən görüşlər ABŞ-la Azərbaycan arasında hərbi əməkdaşlıq münasibətlərinin yenidən canlancağından xəbər verir. İnstitut rəhbəri deyir ki, ABŞ və Azərbaycan arasında hərbi əməkdaşlıq münasibətləri ümumilikdə təxminən 3 ilə yaxındır dondurulub: "Dondurulmuş əməkdaşlıq planları sırasına Azərbaycan hərbçilərinin Birləşmiş Ştatlarda müxtəlif təlim-təhsil kurslarında iştirakı, Birləşmiş Ştatların təlimatçılarının Azərbaycan Silahlı Qüvvələrinin hazırlıq prosesinə dəstəyi, ABŞ Avropa Komandanlığının Xəzərdə təhlükəsizlik problemlərinin həllində rəsmi Bakıya dəstəyi, iki ölkə arasında enerji təhlükəsizliyinin təmin olunması istiqamətində mübadilə və s var. Xüsusilə də Birləşmiş Ştatlar 5-6 il öncə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı çərçivəsində götürülmüş öhdəliklərin bir çoxunun icrasında rəsmi Bakıya xüsusi dəstək verirdi. Bu dəstək içərisində Azərbaycan Hərbi Dəniz və Hərbi Hava Qüvvələrinin imkanlarının gücləndirilməsi, orduda idarəetmə, xüsusilə də çavuş idarəetməsinin tətbiq olunması istiqamətində davamlı yardımlar xüsusi yer tuturdu. Xəzərin təhlükəsizliyi istiqamətində ABŞ Avropa Komandanlığı ilə Azərbaycan Müdafiə Nazirliyinin hər il yenilədiyi İş Planı vardı, bu plan üzrə bir vaxtlar Azərbaycan Hərbi Dəniz Qüvvələrində diqqət çəkən işlər görülmüşdü. Buraya hərbi gəmilərin,

katerlərin müasirləşdirilməsi, hərbi heyətin bilik və təcrübəsinin artırılması daxil idi. Lakin bu İş Planı artıq 4 ildən artıqdır ki, yenilənmir və faktik olaraq dondurulub. Bu, qeyri-rəsmi məlumatlara görə, rəsmi Bakının istəyi ilə belədir. Faktiki olaraq Azərbaycan hakimiyyəti sözügedən İş Planını uzatmaqdan və onun parlamentdə təsdiqlənməyə çıxartmaqdan imtina edib". Cəsur Sümərinli deyir ki, sonuncu dəfə ötən ilin iyulunda Azərbaycan Silahlı Qüvvələri Baş Qərargahının rəisi general-polkovnik Nəcməddin Sadıkov ABŞ-ın Azərbaycandakı hərbi attaşesini Müdafiə Nazirliyinə dəvət etmişdi: "Müdafiə Nazirliyinin məlumatında bildirilirdi ki, Nəcməddin Sadıkov ABŞ hərbi attaşesi ilə fikir mübadiləsi aparıb və hərbi əməkdaşlıq sahəsində yaranmış soyuqluqdan təəssüf hissini ifadə edib. Nəcməddin Sadıkovun bəyanatından sonra proseslər maraqlı məcrada cərəyan etməyə başladı. Sanki rəsmi Bakı ABŞ-la hərbi əməkdaşlığı tam dayandırmağa, şərtlərinin yerinə yetirilməsində israr etməyə tərəddüd edirdi. Bir tərəfdən ABŞ-la Azərbaycan arasında siyasi gərginləşmə davam edir, Vaşinqtondan, Dövlət Departamentindən Azərbaycan hakimiyyətini ölkədə siyasi azadlıqları təmin etməyə, siyasi məhbusları azadlığa buraxmağa yönəlik kəskin bəyanatların ardı-arası kəsilmir, digər tərəfdən isə ABŞ-ın yüksək hərbi siyasi dairələrini təmsil edənlər Azərbaycana səfərlər edirlər. Ötən il noyabrın 7-də müdafiə naziri Zakir Həsənov Bakıda ABŞ Hərbi Dəniz Qüvvələrinin katibi cənab Reymond Maybusun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü. Rəsmi məlumata görə, görüşdə bölgədəki hərbi-siyasi vəziyyət, beynəlxalq sülhməramlı missiyalarda uğurlu əməkdaşlıq, eləcə də hərbi təhsil, treninq və qarşılıqlı təcrübə mübadiləsi sahəsində məsələlər müzakirə olunub. Daha sonra, bu ilin yanvarın 13-də Zakir Həsənov ABŞ-ın Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Çarlz Kupçan ilə görüşüb. Görüşdə bölgədəki hərbi-siyasi vəziyyət, Azərbaycan hərbçilərinin Əfqanıstandakı sülhməramlı missiyanın tərkibində uğurlu fəaliyyəti, hərbi təhsil, treninq və təcrübə mübadiləsi, eləcə də qarşılıqlı maraq kəsb edən sahələr üzrə məsələlər müzakirə olundu. Sonuncu dəfə isə martın 18-də ABŞ-ın Oklahoma ştatının Milli Qvardiyasının nümayəndə heyəti Azərbaycanda səfərdə olub. Milli Qvardiyanın Quru Qoşunları komandanı, briqada generalı Hopper Smitin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana işgüzar səfərə gəlib. Keçirilən görüşlərdə Azərbaycan ilə ABŞ arasında hərbi əlaqələrin genişləndirilməsi, regional təhlükəsizlik sahəsində əməkdaşlığın daha da gücləndirilməsi, eləcə də ABŞ və NATO ilə qarşılıqlı uyarlılıq səviyyəsinin inkişaf etdirilməsi və digər istiqamətlərdə ikitərəfli təcrübə mübadiləsi perspektivləri barədə fikir mübadiləsi aparılıb.".

İnstitut rəhbəri Birləşmiş Ştatların postsovet ölkələri ilə yeni hərbi əməkdaşlığa maraqlı görünməsinə qarşı Rusiyanın ortaya qoyacağı mövqeyə də toxunub. Bildirib ki, Rusiyanın indiki vəziyyəti sakit müşahidə etdiyi sezilir: "Suriyadan qoşunların çıxarılması qərarının ardınca baş verənlər sanki Rusiya üçün məğlubiyyət ssenarisinin işə düşdüyü qənaətini yaradır. Lakin müşahidələr göstərir ki, belə qənaət yanlışdır və Rusiya postsovet məkanında baş verə biləcək hadisələri qarşılamaq üçün təcavüzkar siyasətini qəfil gücləndirə bilər. Rusiyanı narahat edə biləcək məsələlərdən biri amerikalı general Breedlove-nin Tbilisidə martın 22-də

bəyan etdiyi təlimlərlə bağlı ola bilər. Amerikalı general bəyan etdi ki, bu ilin mayında Gürcüstandakı Vaziani təlim bazasında Gürcüstan, ABŞ və Birləşmiş Krallıq hərbçiləri 3 həftəlik Nəcib Tərəfdaş təlimi keçirəcəklər. Bu təlimlər müvafiq NATO cavab Qüvvələrinin imkanlarını ortaya çıxaracaq və ötən ildəkindən daha böyük və daha yaxşı olacaq. Xatırladaq ki, ötən il ilk dəfə elə Vazianidə baş tutmuş təlimdə iştirak edən ABŞ və Gürcüstan hərbçilərinin ümumi sayı 600 nəfərə yaxın idi. Bu dəfə isə, müxtəlif məlumatlara görə, iştirakçıların sayı mindən yuxarı ola bilər. Xatırladaq ki, 2008-ci ildə Rusiya Gürcüstan ərazilərini işğal edən zaman bəyan etmişdi ki, bundan sonra Cənubi Qafqazda, xüsusilə də Gürcüstanda hər hansı 3-cü ölkənin hərbi təlim keçirməsinə göz yummayacaq. Bu baxımdan mayda Gürcüstanda keçiriləcək hərbi təlimlərlə bağlı Rusiyanın verə biləcəyi mümkün reaksiya indidən müzakirə obyektidir. Nəzərə almaq lazımdır ki, martın 22-23-də Gürcüstanda səfərdə olan amerikalı general Breedlove Qori şəhərinin yaxınlığına qədər gedərək Rusiyanın hazırda işğal altında saxladığı gürcü ərazilərini yaxından, tikanlı məftil arxasından müşahidə edib. Bunun üzərindən Breedlove Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyən bəyanat verərək Rusiyanı işğala son qoymağa çağırıb. Oxşar fikirləri o, Moldovada da səsləndirib və Rusiya tərəfindən dəstəklənən separatizmi pisləyib. Moldova səfəri zamanı amerikalı general Milli Ordu təlim bazasındakı "JCET-2016" təlimində iştirak edən Moldova və Amerikalı hərbçilərlə görüşüb. Bu baza ABŞ-ın 1,6 milyon dollarlıq maliyyə dəstəyi ilə Qlobal Sülh Əməliyyatları Təşəbbüsü (Global Peace Operations Initiative - GPOI) çərçivəsində tikilib".

Kamal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00