Biçarələr indi bədbəxtə dönürlər
28 Mart 2016 10:13 DünyaErmənistanda maliyyə və iqtisadi durum sürəkli olaraq pisləşir. Situasiya artıq qarşısıalınmaz problemə, həlli mümkünsüz təsir bağışlayan müşkülə çevrilib.
Beynəlxalq "Moody's Investors" reytinq agentliyi də Ermənistanın iqtisadiyyatı ilə yanaşı, maliyyə sistemi ilə bağlı proqnozlarında ölkənin durumunun ağır olduğunu vurğulayıb.
"Hayots Haşxar" bildirir ki, hesabata görə, Ermənistanın üzləşdiyi ən ağır maliyyə problemi Rusiyadan Yerevana yollanan pulların ümumi həcminin, yəni transfertlərin məbləğinin aşağı düüşməsidir. Bundan başqa, Ermənistan iqtisadiyyatında əcnəbi investorlar üçün qeyri-müəyyən, daha doğrusu əlverişsiz şərait davam edir. Üstəlik, Ermənistanın milli valyutası dramın 2014-cü ildən bəri zəifləməsi daha da sürətlənib və bu, ölkənin valyuta ehtiyatlarına həddən artıq pis təsir edir.
Həqiqətsə budur ki, Ermənistanda iqtisadiyyat, xüsusilə də maliyyə sistemi bərbad durumdadır. Ölkə prezidenti Serj Sarkisyanın daxili siyasətinin paradokslar və sarsaq göstərişlər sıralamasına çevrilməsi, rüşvət və korrupsiyanın ağlagəlməz həddə çatması, qanunların yalnız kağız üzərində qalması, məmur özbaşınalığının hüdud tanımaması nəticəsində ölkə faktiki olaraq yalnız xaricdən gələn maliyyə vəsaitinin ümidinə qalıb. Həmin vəsaitlərsə xarici ölkələrdəki diasporun ünvanladığı pullar, miqrant ermənilərin Ermənistandakı ailələrinə yolladıqları vəsait, beynəlxalq təşkilatların və dövlətlərin ayırdıqları güzəştli kreditlər, bir də Rusiyanın yardımlarıdır.
Rusiyadan Ermənistana transfertlər 2014-cü ildə azalmağa başlamışdı. Yerevandakı iqtidarın rəsmi açıqlamalarına görə, Rusiyadakı ermənilərin Ermənistanda qalmış ailələrinə yolladıqları pulların ümumi həcmində 10 faizlik azalma qeydə alınmışdı. Təbii ki, reallıq bu rəqəmlərdən çox fərqli idi: azalma 46 faiz təşkil edirdi.
Ötən il isə transferlərin həcmində 35 faizlik geriləmə qeydə alınıb.
"Moody's Investors"un Rusiya iqtisadiyyatında vəziyyətin bundan sonra da ağırlaşacağını bəyan etdiyini nəzərə alsaq, Ermənistana ünvanlanmış transferlərin həcminin bundan sonra da azalacağı qaçılmazdır. Bu isə Ermənistan iqtisadiyyatı və maliyyə sisteminin istisnasız olaraq bütün sahələrinə mənfi təsir edəcək.