Terrorçuların bu partlayıcıdan istifadə etdiyi bəlli oldu
Amerikalı ekspertə görə ekstrimistlərə TATP üstünlük verməsi onun hazırlanması və detonasiyasının asan başa gəlməsilə əlaqəlidir.
26 Mart 2016 08:18 DünyaAmerikalı partlayıcılar üzrə ekspert Brüsseldə törədilən terror aktı zamanı istifadə olunan partlayıcının avropalı ekstrimistlərin hücumlarında geniş istifadə olunduğunu bildirib.
ANS PRESS-in məlumatına görə, Rod Aylend Universitetindən olan kimyə professoru Cimmi Oksliyin dediyinə görə, terrorçuların TATP və ya başqa adla "tri-aseton triperoksid"-ə üstünlük verməsinə səbəb hazırlanması və detonasiyasının daha asan başa gəlməsidir.
Belçika baş prokuroru bir neçə gün əvvəl verdiyi açıqlamada, müstəntiqlərin aeroportda partlayış törətmiş şəxslərin qaldığı evdən 15 kiloqrama yaxın tri-aseton triperoksid partlayıcı maddəsi aşkarladıqlarını bildirib.
Bu kimyəvi maddədən eyni zamanda Parisdə noyabr teraktı zamanı, Bataklan konsert zalında törədilən partlayışlarda istifadə olunub.
"Sosial şəbəkələrdə - Youtube-da bu maddənin cüzi miqdarda hazırlanmasını göstərən videolar var. Ancaq Brüsseldəki partlayış zamanı istifadə olunan miqdarda hazırlanması üçün həmin şəxslər xüsusi hazırlıq keçməlidir və onların dərin kimyəvi bilgiləri olmalıdır ki, ara yerdə hazırlayan zaman özlərini partlatmasınlar", - Cimmi Oksli bildirib.
Ekspert iddia edir ki, Brüssel terrorçuları 15 kq triaseton triperoksidin hazırlanmasına azı 2-3 gün vaxt sərf edib. Amerikalı kimyagərin sözlərinə görə, həmin maddəni təlim keçmiş itlər vasitəsilə qabaqcadan aşkarlamaq mümkündür.
Brüssel hava limanı və metro stansiyasında törədilən partlayışlarda 31 nəfər həlak olub. 40 müxtəlif ölkədən olan yüzlərlə insan yaralanıb.