Müharibə 470 min suriyalının həyatına son qoyub
11 Fevral 2016 14:49 DünyaSuriya Siyasi Araşdırmalar Mərkəzi ölkədə 5 ildir ki, davam edən vətəndaş müharibəsi ilə bağlı araşdırma yayımlayıb. Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, araşdırmaya görə, suriyalıların 11,5%-i bu müharibədə ölüb, ya da yaralanıb. Vətəndaş müharibəsi ümumilikdə 470 min suriyalının həyatına son qoyub, 1 milyon 900 min nəfər isə xəsarət alıb. Ölkə əhalisinin 45%-i müharibəyə görə yaşadığı yerdən didərgin düşüb. 5 ildir davam edən müharibə ölkə iqtisadiyyatına 255 milyard dollar ziyan vurub. 70 min nəfər isə aclıqdan və dərman çatışmazlığından dünyasını dəyişib. 2011-ci ildə Suriyada orta yaş həddi 70 idisə, 2015-ci ildə bu rəqəm 55-ə enib. Birləşmiş Millətlər Təşkilatının (BMT) açıqladığı rəqəmlərdə isə vətəndaş müharibəsində cəmi 250 min suriyalının öldüyü qeyd olunur. BMT Suriyadan bir çox məlumatları əldə edə bilmədiyindən, ölənlərin dəqiq sayını açıqlamaqda çətinlik çəkdiyini bəyan edib.