Rusiyanın yeni Suriya planı
"Biz konkret plan hazırlayaraq rəsmi Vaşinqtona təqdim etmişik”
10 Fevral 2016 07:11 DünyaRusiyanın xarici işlər naziri Sergey Lavrov Suriyada böhranın həlli və atəşkəsə nail olmaq ünü hazırlanan yeni planı Amerika Birləşmiş Ştatlarına (ABŞ) göndərdiklərini deyib. ANS PRESS-in məlumatına görə, Rusiya XİN rəhbəri yerli "Moskovskiy Komsomoles" qəzetinə müsahibəsində bu barədə açıqlama verib.
Lavrov açıqlamasında, Suriya prezidenti Bəşər Əsədin tutduğu vəzifəni tərk etməsini nəzərdə tutmayan planı ABŞ rəhbərliyinə təqdim etdiklərini deyib.
"Ətraflı bir açıqlama vermədən onu deyə bilərəm ki, ABŞ və müttəfiqlərinin Bəşər Əsəd gedəcəyi təqdirdə atəşkəsin müzakirə oluna biləcəyi barədə təkid etdiyi mövqeyin əksinə biz konkret plan hazırlayaraq rəsmi Vaşinqtona təqdim etmişik."
Rəsmi Vaşinqtonun bu planı nəzərdən keçirdiyini deyən Lavrov çox sadə təkliflər olan bu planın incələnməsinin çox davam etməyəcəyinə ümid etdiyini bildirib.Rusiyanın baş diplomatı Rusiyanın Suriyada tək olmadığını, bu ölkədə digər koalisiya ortaqlarının olduğunu da deyib.
"Koalisiya ortaqları Suriyada və Ukraynada baş vermiş bir çox hadisənin məsuliyyətini Rusiyanın üstünə yıxmağa çalışırlar. Bununla yanaşı Suriyada davam edən vətəndaş müharibəsi probleminin həllini tapmağımızı və burda atəşkəsə nail olmağımızı da istəyirlər."
Bir neçə gün əvvəl isə Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın məqsədinin Suriyada Əsəd rəhbərliyində birlik hökuməti qurmaq olduğunu demişdi.