“Apple” “Error 53” probleminə görə məhkəməyə verilir
9 Fevral 2016 18:00 DünyaHüquq firmaları "Apple" korporasiyası haqqında kollektiv məhkəmə iddiası hazırlayırlar. "The Guardian"ın verdiyi məlumata görə, səbəb "iPhone 6" və "6s" smartfonlarında baş verən "Error 53" problemidir. Bu səhv smartfonu sıradan çıxarır.
Təşəbbüskarlar bu səhvin bütün qurbanlarını əlaqəyə çıxmağa və kollektiv məhkəmə iddiasına qoşulmağa çağırıblar. Hüquqşünasların fikrincə, "Apple" antiinhisar qanunvericiliyini pozur və öz xidmətlərini müştəriyə "sırıyır", belə ki, şirkətin rəsmi servis mərkəzlərində təmir dəfələrlə baha başa gəlir. "Bizim rəyimizə görə, "Apple" istifadəçiləri öz cihazlarını yalnız rəsmi servis mərkəzlərində təmir etməyə qəsdən vadar edir. Orada adi təmir mərkəzlərindən fərqli olaraq, qiymətlər dəfələrlə bahadır", - deyə hüquq firmasından bildirilib.
Qeyd edək ki, "Error 53" "iPhone 6" və "6s"lərdə "Home" düyməsinin təmiri və ya dəyişdirilməsi zamanı baş verir. Bu durumda smartfon yararsız hala düşür və onu yalnız "Apple"ın öz təmir mərkəzlərində bərpa etmək mümkündür.