Aviqdor Liberman: “Biz Azərbaycanın vəziyyətinin mürəkkəbliyini anlayırıq”

"İranın nüvə proqramı ilə bağlı "altılığın" (ABŞ, Çin, Rusiya, Fransa, Böyük Britaniya və Almaniya) bu ölkə ilə bağladığı müqavilə yalnız İsrailin xarici siyasətinin deyil, bütün azad dünyanın məğlubiyyətidir". Bunu haqqin.az-a eksklüziv müsahibəsində İsrailin baş nazirinin keçmiş müavini, bu ölkənin keçmiş xarici işlər naziri, Knessetin deputatı, "İsrail beytenu" ("Evimiz İsrail") partiyasının lideri Aviqdor Liberman deyib. Onun sözlərinə görə, həmin müqavilədə 90% İranın və cəmi 10% Qərbin tələbləri əksini tapıb. İranın Suriyadakı münaqişədə roluna toxunan Liberman deyib: "İran olmasaydı, Əsəd rejimi bir ay da tab gətirə bilməzdi". "Biz növbəti dəfə Qərbin mənəvi cəhətdən iflası ilə üzləşdik. Qərb dövlətləri özünün xarici siyasətinin əsas məqsədi kimi İsrail dövlətinin məhvini elan etmiş bir rejimi tanıdı", - Liberman belə deyib. O qeyd edib ki, burada İranla sərfəli ticarət əlaqələri qurmağa çalışan Avropanın acgözlüyü də öz rolunu oynayıb.

"1938-ci ildə nasist Almaniyası ilə bağlanan müqavilənin nəyə gətirib çıxardığını hamı bilir. Hitlerlə sözləşmə dünyanın ən böyük fəlakətinə səbəb oldu. Hitler o zaman bütün dünyanın problemi idi, lakin ən böyük qiyməti yəhudilər ödədilər. Bu gün Avropanın İsrailə münasibəti 1938-ci ildə Münhen müqaviləsinin imzalanmasına qədərki dövrdə Avropanın Çexoslovakiyaya münasibətinə oxşayır. Lakin İsrail heç zaman 1938-ci ilin Çexoslovakiyası olmağa razı olmaz", - haqqin.az-ın həmsöhbəti belə deyib.

İsrailin keçmiş xarici işlər naziri bildirib ki, hazırda bu vəzifəni icra etsəydi, mülayim ərəb ölkələri ilə müttəfiq olma imkanından yararlanmağa çalışardı. İlk növbədə, o, Səudiyyə Ərəbistanı ilə Küveytin adlarını çəkib.

Azərbaycanın İsraildə səfirliyinin olmamasına münasibət bildirən Liberman deyib: "Biz dost ölkə olan Azərbaycanın mürəkkəb geosiyasi vəziyyətini və onun qarşılaşdığı bütün çətinlikləri anlayırıq. Bizim Azərbaycanla çox yaxşı, amma İranla, yumşaq desək, çox pis münasibətlərimiz var. Bütün bunlarla birlikdə, İsrail Azərbaycana öz mövqeyini diktə etmək fikrində deyil".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00