ABŞ-da prezidentliyə namizədlərdən daha şanslı kimdir?
Kimin Ağ Evin rəhbəri seçiləcəyindən asılı olmayaraq, Birləşmiş Ştatların xarici siyasətində Azərbaycan üçün əsasən ciddi dəyişikliklər baş vermıəyəcək
9 Fevral 2016 12:59 DünyaBu il amerikalılar növbəti müddətə öz prezidentlərini seçəcəklər. Artıq keçən ilin sonlarından etibarən müxtəlif rəy sorğuları prezidentliyə namizəd olmağa iddialı şəxslərin nüfuzu, xalq arasındakı reytinqini müəyyənləşdirməyə başlayıb. Hələlik prezidentliyə namizədlər sırasında Hillari Klinton, Bernie Sanders, Marko Rubio Goeas və Donald Trumpun adları çəkilir. Hillari Klinton, Bernie Sanders demokratlardan namizəd olmağa çalışdığı halda, digər iki şəxs respublikaçıların namizədi olmaq uğrunda mübarizə aparır. Bu arada Sanders tərəfdarlarının sayını artırmaqla Hillari Klinton üçün ciddi başağrısına çevrilib. Son rəy sorğuları da onu göstərir ki, Sanders Klintonu geridə qoyur.
Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu da hesab edir ki, Birləşmiş Ştatlarda qarşıdan gələn prezident seçkilərinin dramatik olacağı artıq bir çox əlamətlərilə indidən özünü göstərməyə başlayır: "Hər iki partiyadan müstəqillərin (demokratlardan Bernie Sanders və respublikaçılardan Donald Trump) namizədliyini irəli sürməsi ortalığı tam qarışdırıb. Belə ki, hər iki namizəd əksəriyyətin gözləmədiyi nəticələr ortaya qoymağa nail olmaqdadır. Sabit tərəfdarları olan respublikaçı namizədliyə iddialı Trumpdan fərqli olaraq, demokratlar partiyasından namizəd olmaq uğrunda mübarizə aparan Sanders tərəfdarlarının sayını artırmaqla partiyanın əsas namizədi sayılan Hillari Clinton üçün ciddi başağrısına çevrilib. Bir tərəfdən də iddialı xanım Klintonun tərəfdarlarının verdiyi ziddiyyətli bəyanatlar ictimai rəydə onun əleyhinə işləməyə başlayıb. Məsələn, Hillari Klintona dəstək ifadə edən sabiq dövlət katibi Madlen Olbrayt və məşhur feminist Qloria Steynem çıxışları zamanı yol verdikləri ciddi səhvlərin Hillari Klintonun xeyrinə işləməyəcəyi artıq faktdır. Son rəy sorğuları onsuz da Sandersin Klintonu 15 faiz qabaqladığını göstərir. Digər tərəfdən elə həmin gün həmin respublikaçıların keçirəcəyi rəy sorğusunda da Donald Trumpın qalıb gələcəyi gözlənilir". Bəs bu fenomenin səbəbləri nələrdən doğur? Ərəstun Oruclunun sözlərinə görə, bir çox analitiklər Birləşmiş Ştatlar siyasətinin, xüsusilə də partiya sisteminin böhran duruma daxil olduğuna işarə edir: "Birləşmiş Ştatlar mediasındakı məqalələrin təhlili göstərir ki, hər iki cəbhədən sırf partiya mənsubiyyəti olan namizədlərin uğursuzluğu Birləşmiş Ştatlar hakimiyyət idarəetmə metodunun cəmiyyətdə nüfuzunu itirməsindən qaynaqlanır. Başqa sözlərlə, seçicilər arasında siyasi mənsubiyyəti olanlara və onların təmsil etdiyi partiyalara etimad sürətlə azalmaqdadır. Elə bu səbəbdən də insanlar daha çox müstəqil sayılan namizədlərə
üstünlük verməyə meyllənirlər. Digər tərəfdən, partiya mənsubiyyəti olan namizədlərin seçki kampaniyasında verdikləri vədlərə sonradan əməl eləməməsi də başqa bir səbəb kimi göstərilir. Bir sıra şərhçilər isə bir qədər də uzağa gedərək Birləşmiş Ştatların ənənəvi ikipartiyalı siyasi sisteminin sürətlə dəyişməkdə olan Amerika cəmiyyətilə ayaqlaşa bilməyərək böhrana düşməsini də qeyd edirlər. İstənilən halda, qarşıdan gələn seçkilərin və seçkiyədək keçiriləcək praymerizlərin sürprizlərlə dolu olacağı artıq görünməkdədir. Bu arada Nyu-Yorkun keçmiş meri Mikel Bloomberq də müstəqil namizəd kimi seçkilərə qatılacağını bəyan edib. Bloomberqin şanslarının çox da yüksək dəyərləndirilmədiyinə baxmayaraq, onun prosesə qatılmasının seçki mühitinə öz təsirini göstərməyəcəyi də istisna deyil. Ancaq hələlik favoritin kim olacağını söyləmək bir qədər tezdir. Amma sosialist baxışlarına rəğmən nüfuzu artmaqda olan Sanders fenomeninin özü çox maraqlıdır Məncə bu daha çox seçicilərin əhvalından asılı olacaq. Bütün halda Respublikaçılar hal-hazırda bir o qədər də uğurlu görünmürlər".
Mərkəz rəhbəri okeanın o tayında keçirilən seçkilərin Azərbaycana mümkün təsirləri barədə ənənəvi olaraq səslənən ehtimallar və proqnozlarla bağlı da fikirlərini bölüşüb. Ərəstun Oruclu bildirib ki, kimin Ağ Evin rəhbəri seçiləcəyindən asılı olmayaraq, Birləşmiş Ştatların xarici siyasətində Azərbaycan üçün əsasən ciddi dəyişikliklər baş verməyəcək: " Hər şey daha çox Birləşmiş Ştatlar-Rusiya münasibətlərinin hansı istiqamətdə və hansı templərlə davam edəcəyindən asılıdır".
Füzuli