Hindistan Çini keçdi

2015-ci ildə Hindistanda müşahidə olunan iqtisadi artım Çini ötüb. Anspress bildirir ki, ekspertlər keçən il Hindistan iqtisadiyyatında 7.5 faiz artım olduğunu bildiriblər. Çində isə artım 6.9 faiz təşkil edib. Ekspertlər bildiriblər ki, yaxın keçmişdə belə bir təcrübə yaşanmasa da, Hindistanın Çini ötəcəyi gözlənilən idi. Beynəlxalq Valyuta Fondunun statistikasına görə, Hindistan iqtisadi artımına görə Çindən 1981, 1989, 1990 və 1999-cu illərdə üstün olub. Hindistan hökuməti ötən ilin 4-cü rübündə iqtisadi artımın zəiflədiyini bildirsə də, artım Çindən geri qalmayıb. Rəsmilər həmin dövrdə iqtisadi artımın 7.3 faiz təşkil etdiyini qeyd ediblər. Ölkənin baş naziri Narendra Modi bir müddət əvvəl xarici ölkələrə səfəri zamanı investorları Hindistanda iş qurmağa çağırmışdı. Lakin ekspertlər bürokratik əngəllərlə əlaqədar Hindistanda biznes fəaliyyəti ilə məşğul olmağın çətin olduğunu bildiriblər. Hökumət bürokratik əngəlləri aradan qaldırmaq üçün parlamentə qanun layihəsi təqdim edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00