Obama: Wi-Fi yaxşı işləmir
Prezident Wi-Fi-la bağlı problemlərin aradan qaldırılacağına ümidvar olduğunu bildirib
9 Fevral 2016 06:49 DünyaABŞ prezidenti Barak Obama Ağ evdə Wi-Fi sisteminin pis işləməsindən gileylənib. ANS PRESS-in məlumatına görə, bu barədə CNN xəbər verib.ABŞ lideri xələfinin andiçmə anına qədər Wi-Fi-la bağlı problemlərin aradan qaldırılacağına ümidvar olduğunu bildirib.ABŞ-ın birinci xanımı Mişel Obama isə Ağ evdə Wi-Fi sisteminin pis işləməsindən daha çox qızları Saşa və Maliyanın əziyyət çəkdiyini qeyd edib.
ABŞ tarixində ilk qaradərili prezident olan Obamanın 55 yaşı var. Obama 2008-ci il noyabrın 4-də keçirilən prezident seçkilərində ABŞ-ın 44-cü dövlət başçısı seçilib və 2009-cu il yanvarın 20-də bu postu Corc Buşdan təhvil alıb. 2012-ci il noyabr ayında bir daha ABŞ prezident seçkilərinə qatılan Barak Obama ikinci dəfə Amerika Birləşmiş Ştatlarına prezident seçilib.Barak Obamanın qaradərili atasının adı da Barak Hüseyn Obama ağdərili anasının adı isə Stenli Enn Danhem olub. Prezident seçilənə qədər ABŞ Senatının İllinoys ştatından kiçik senatoru olub. 2009-cu ildə Nobel Sülh mükafatına layiq görülüb. Barak və Mişel Obama 1992-ci ildə ailə qurublar. Onların iki qızı var. Bu il Maliyanın 18, Saşanın isə 15 yaşı tamam olacaq.Ağ ev ABŞ prezidentlərinin daimi iş, yaşayış yeri və rəsmi binalar içində ən vacib olanıdır. ABŞ-ın ilk prezidenti Corc Vaşinqton "prezident evi"nin yerini müəyyənləşdirsə də, orada oturmaq ona nəsib olmayıb. Ölümündən bir il sonra Vaşinqtonun mərkəzində prezident iqamətgahının açılışı olub.İngiliscə adı "White House" olan binanın tikilməsi üçün 1791-ci ildə müsabiqə elan edilib.Binanın bünövrəsi 1792-ci ildə qoyulub və 8 ilə tikilib. 1800-cü ilin noyabrında açılan binanın ilk sakinləri ABŞ-ın ikinci prezidenti Con Adams və ailəsi olub. Prezident iqamətgahı əhali arasında "Ağ ev" adlandırılırdı, çünki binanın ağ üzlük materialı onu ətrafdakı qırmızı mərmərli binalardan kəskin fərqləndirirdi.1814-cü ildə Britaniya qoşunları ABŞ-a hücum edən zaman Ağ ev tamamilə yandırılır. Ceyms Hobenin nəzarətində bina yenidən inşa edilir və 1817-ci ildə istifadəyə verilir. Sonralar da Ağ evdə təmir işləri aparılıb, amma binanın arxitekturasında ciddi dəyişiklik edilməyib. Təkcə texniki nailiyyətlərlə əlaqədar binanın içində yeniliklər tətbiq olunub - elektrik və telefon xətləri çəkilib. Prezident Harri Trumanın vaxtında Ağ ev yenidən tam təmir edilib. Binanın təmiri 4 il davam edib, amma xarici görünüşünə toxunulmayıb.