Ermənistanda jurnalist başqasının yerinə düymə basan deputatlardan şikayət etdi, işdən çıxarıldı
8 Fevral 2016 18:49 DünyaErmənistanda jurnalistlər peşə etikasına sadiq qalmağa çalışarkən təkcə hakimiyyətin deyil, işlədikləri KİV-lərin rəhbərlərinin də təqibləri ilə üzləşir. Virtualaz.org erməni mətbuatına istinadən xəbər verir ki, belə əhvalat Heneran.am saytının əməkdaşı Lilit Lalayanın da başına gəlib. Həmin saytın parlament müxbiri olan Lalayan iclaslardan birində 7 deputatın başqasının yerinə səs verdiyini görüb və bu haqda yazıb.
Daha sonra jurnalist Ermənistan parlamentinin Etika komissiyasına ərizə ilə müraciət edərək iclasda iştirak etməyən həmkarlarının yerinə düymə basan deputatların hərəkətlərinə qiymət verilməsini tələb edib. Komissiya həmin müraciəti baxmaq üçün qəbul edəndən sonra iş yerində jurnalistin problemi başlayıb. Saytın rəhbəri onu işdən azad edib və səbəbini açıqlamayıb. Ancaq aydındır ki, jurnalistin işdən çıxarılmasının səbəbi onun komissiyaya etdiyi müraciətdir. Çünki başqasının yerinə düymə basan 7 deputatdan 6-ı hakim Respublika partiyasının üzvüdür.