Gürcüstan "Qazprom" mövzusuna son qoydu

Gürcüstanın baş naziri bütün suallara cavab verib

"Qazprom" mövzusu bağlanıb". ANS PRESS-in məlumatına görə, bu sözləri Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili deyib. "Bu məsələ bitib. Çünki söhbət hansısa strateji danışıqlardan getmir. Burada əsas problem texniki məsələlərlə bağlıdır. Bu məsələ ilə bağlı siyası spekulyasiyanı davam etdirmək tamamilə əsassızdır", - deyə baş nazir bildirib. Gürcüstanın Energetika naziri Kaxa Kaladze ilə "Qazprom" nümayəndələri arasında aparılan danışıqlar Gürcüstanda ajiotaja səbəb olub. Belə ki, müxalifət nümayəndələri kəskin tənqidlə çıxış edərək, "Qazprom"la əməkdaşlığın ölkənin enerji müstəqilliyini əlindən alacağını bildiriblər.

Georgi Kvirikaşvili - Gürcüstanın Baş naziri

"Qazprom" şirkəti Rusiyadan Ermənistana qaz tranzitinə görə Gürcüstana qaz əvəzinə pul ödəməyi təklif etdikdən sonra Gürcüstan bu şirkətlə intensiv danışıqlar aparır. Gürcüstana əsas qaz idxalçısı isə Azərbaycandır. Artıq bir neçə müddətdir ki, Azərbaycandan Gürcüstana qazın nəqli ilə bağlı məsələlər gündəmdədir. Hətta bu məsələlərin müzakirəsi və həlli məqsədilə 2 ölkənin yüksək vəzifəli şəxsləri arasında görüşlər də baş tutub. Görüşlərdən sonra Gürcüstan tərəfi Rusiyanın"Qazprom" şirkətindən "mavi yanacaq" alacağını bəyan etmişdi. Buna səbəb kimi isə 2016-cı ildə Azərbaycanın ixrac etdiyi təbii qazın həcmini artıra bilməməsini və texniki problemləri göstərirdi.

Kaxa Kaladze - Gürcüstanın energetika naziri

Sonuncu dəfə isə fevralın 4-də Gürcüstan Baş nazirinin müavini və energetika naziri Kaxa Kaladze Azərbaycana gələrək SOCAR prezidenti Rövnəq Abdullayev ilə görüşüb.

Şirkətin prezidenti Rövnəq Abdullayevlə aparılan danışıqlarda ikitərəfli əməkdaşlıq məsələləri, Cənub Qaz Dəhlizinin inkişaf perspektivləri, Cənubi Qafqaz Boru Kəmərinin Gürcüstan ərazisindən keçən hissəsinin tikintisinin gedişi, həmçinin Azərbaycan qazının Gürcüstana nəqlində yaranmış problemlər və onların həlli yolları müzakirə olunub. Tərəflər danışıqların və müntəzəm görüşlərin davam etdirilməsi barədə razılığa gəliblər. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00