Üç divin əsiri olmuş zavallılar
8 Fevral 2016 13:32 DünyaErmənistan prezidenti Serj Sarkisyanın ölkəni uçuruma çatdırdığı, ermənilərin acınacaqlı yaşamının baiskarı olduğu deyilir. Onu sabiq prezident Levon Ter-Petrosyanla müqayisə edənlərin sayı artır. Yerevandakı Erməni-Rus Universitetinin dünya siyasəti və beynəlxalq münasibətlər fakültəsinin dekanı, səfir Arman Navasardyan da belə düşünür. O, "Aravot" qəzetinə verdiyi müsahibəsində deyib: "Ter-Petrosyanın prezident olduğu dönəmlərdə nazir müavini idim. Levon yaxşı siyasi xadim, bacarıqlı dövlət adamı idi. Ən çətin illərdə Levon Rusiyadan pulsuz silah aldı, çünki Yeltsinlə dost idilər, Türkiyədən buğda, Amerikadan pul almağı bacardı. Ancaq digər tərəfdən də bilirsiz ki, o vaxtlar tamam fərqli idi. Siyasi vəziyyət də elə idi".
"Avrasiya İqtisadi Birliyinə üzvlük Serj Sarkisyanın səhv siyasətinin nəticəsidir, yoxsa zaman belə gətirdi - prezident kim olsaydı, bu qərarı verərdi?" sualına A.Navasardyan belə cavab verib: "Hamı bilir ki, bizim dövlət siyasətinə necə "heyranam". Müxalifətçi deyiləm, iqtidarın müdafiəçisi də olmaq istəmirəm. Bitərəfəm. Xarici siyasət daxili siyasətin davamıdır. Əgər sən daxili məsələləri həll edə bilmirsənsə, heç vaxt xarici məsələləri həll edə bilməzsən. Mən Ermənistanda 3 div görürəm: korrupsiya, monopoliya, miqrasiya. Əgər bu 3 divi məğlub etməsək, bütün danışıqlar, deyilənlər, şüarlar, çağırışlar boş məsələlərdir".