Gürcüstandan olan azərbaycanlı Suriyada Rusiya aviasiyasının zərbələrinə tuş gəldi

Suriyanın şimalında, Türkiyə ilə sərhəd ərazilərdə gedən döyüşlərdə "Əl-Nusra Cəbhəsi" qruplaşmasının tərkibində döyüşdüyü ehtimal edilən azərbaycanlı öldürülüb.

Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Gürcüstanın Telavi şəhərində anadan olmuş Beslan Muxtarov 3 ay əvvəl Suriyaya gedib. Onun Rusiya aviasiyasının Türkmən dağı bölgəsinə endirdiyi aviazərbələr nəticəsində öldürüldüyü bildirilir.

Beslan Muxtarov Türkiyədə tibb təhsili alıb. Lakin 2011-ci ildə Türkiyədə radikal islamçı baxışlarına görə barəsində terrorçuluq şübhəsi ilə təhqiqat başladılıb. Daha sonra onun Türkiyəyə girişinə qadağa qoyulub. Gürcüstana dönən Beslan Muxtarov bir müddət orada çobanlıq edib, 3 ay əvvəl isə Suriyaya gedib. Onun əsas fəaliyyətinin yaraqlılara tibbi yardım göstərməkdən ibarət olduğu bildirilir. Beslan Muxtarovun anası Tamamgül Muxtarova xərçəng xəstəsidir və oğlunun Suriyada öldürüldüyünü eşidəndə vəziyyəti pisləşib, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00