Rusiya müdafiə nazirinin müavini: “201-ci hərbi baza Tacikistanın təhlükəsizliyinin qarantıdır”
3 Fevral 2016 13:41 Dünya"Tacik xalqının və Rusiyanın firavanlığı 201-ci Rusiya hərbi bazasının gücündən asılıdır". APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya müdafiə nazirinin müavini Anatoli Antonov Tacikistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Emoməli Sobirzoda ilə görüşündə bildirib. "201-ci baza Tacikistanın təhlükəsizliyinin qarantıdır. Bu hərbi baza KTMT ölkələrinin bu regionda forpostudur. Sizə açıq və səmimi deyirəm ki, Rusiya Federasiyasının və tacik xalqının firavanlığı 201-ci bazanın nə qədər güclü olmasından asılıdır", - deyə A. Antonov qeyd edib. Onun sözlərinə görə, Rusiyanın Tacikistanla qarşılıqlı fəaliyyəti regional təhlükəsizliyin qorunub saxlanmasında önəmli faktordur: "Tacikistan təkcə bizim uzun illərdir dostluq münasibətləri saxladığımız ölkə deyil, Tacikistan bizim müttəfiqimizdir".