Ərdoğan: "Bəşər Əsəd İran və Rusiya ilə sivil vətəndaşları öldürür"
2 Fevral 2016 10:23 Dünya"Bəsər Əsəd İran və Rusiya ilə sivil vətəndaşları öldürür. Terrorla mübarizə aparmaqda ən vacib olanı ayrı-seçkilik edilmədən mübarizə aparmaqdır".
anspress bildirir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib. O bildirib ki, Türkiyə PKK, PYD, DAEŞ (İŞİD), DHKP-C terrorçuları ilə eyni şəkildə mübarizə aparır və eyni yanaşmanı başqa ölkələrdən də gözləyir. "Terror yaxşıdır, yoxsa pisdir, islamın adını terrorla yanaşı heç kim hallandıra bilməz. DAEŞ-in yaxından-uzaqdan islamla heç bir əlaqəsi yoxdur. İslama zərər verir və islam düşməni olan bir qruplaşmadır. Biz bütün terrorçu qruplaşmalarla eyni səviyyədə mübarizə aparırıq. Amerika isə PKK-nı terror təşkilatı elan edir, amma PKK ilə işbirliyi edən PYD terrorçularına kömək edir", - deyə Türkiyə prezidenti bildirib.
Ərdoğan Suriya qaçqınları ilə bağlı ABŞ və Rusiya prezidentləri ilə təkbətək fikir mübadiləsi apardığını da bildirib. Dünən qaçqınlarla bağlı böhranı uzaqdan seyr edənlərin indi bu vəziyyəti yaşadığını deyən prezident bildirib ki, Obama və Putinlə G20 sammitində müzakirələr aparıb.
"Gəlin Suriyanın şimalında bir qaçqın şəhəri yaradaq. Biz yaşayış məskənləri inşa etmək istəyirik. Bunun üçün iki faktor çox önəmlidir. Birincisi terrordan mühafizə edildiyi bölgə, ikincisi uçuşların qadağa olunduğu bölgə elan olunmalıdır. Bu insanlar qorxu içindədirlər. 420 milyon dollar bizə yardım etdilər, amma biz 9 milyard dollar xərclədik. Biz qaçqınların üzünə qapımızı bağlaya bilməzdik", - deyə Ərdoğan vurğulayıb.
Sərhədləri qaçqınların üzünə bağlayan ölkələri başa düşə bilmədiyini deyən Türkiyə prezidenti Avropa ölkələrinə səslənib: "Almaniya, Fransa bizdən daha kasıbdırmı? Onlar qaçqınlara qapılarını bağladılar. İnsanların canları bahasına çıxdıqları yol vəziyyəti göstərir. Sərhədlərini həyatını xilas etmək üçün gələn insanlara bağlayanları anlamırıq. Göydən yağdırılan bombalardan qaçan insanlara biz könlümüzü, ürəyimizi açdıq. 2015-ci ildə dənizlərdə boğulmaqdan xilas edilib ölkəmizə gətirdiyimiz qaçqınları sayı 90000-dir".