Rəsmi Ankara: “Rusiya bunun nəticələrinə qatlanacaq!”

Rusiya təyyarəsi 2 gün əvvəl növbəti dəfə hava sərhəddimizi pozub

"Bundan sonra da oxşar hadisələr təkrarlansa Rusiya bunun nəticələrinə qatlanacaq." ANS PRESS-in məlumatına görə, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu deyib.Səudiyyə Ərəbistanında rəsmi səfərdə olan Çavuşoğlu paytaxt Riyadda həmkarı Adil əl Cübeyrlə görüşüb. Görüşdən sonra mətbuat konfransı keçirən Çavuşoğlu jurnalistlərin suallarına cavab verib. Suriyada hərbi əməliuyyatlar keçirən Rusiya hərbi donanmasına aid qırıcının 2 gün əvvəl Türkiyənin hava sərhəddini növbəti dəfə pozduğunu təsdiq edən nazir bu ölkəyə müvafiq cavabın veriləcəyini vurğulayıb."Rusiya təyyarəsi 2 gün əvvəl növbəti dəfə hava sərhəddimizi pozub. Həm rusca, həm də ingiliscə xəbərdarlıqlara məhəl qoymayıb. Bu halı sadəcə biz yox, NATO-nin İspaniyadakı qərargahı da müəyyən edib. Bu istiqamətdə açıqlama verən NATO əməkdaşları hava sərhəddinin pozulduğunu vurğulayıb. Biz Rusiya səfirini nazirliyimizə dəvət edərək etirazımızı bildirdik, "Bundan sonra da bu kimi hallar baş verərsə nəticəsinə qatlanmaq məcburiyyətində qalacaqlarını" açıqca dedik. Çünki beynəlxalq konvensiyanı daha əvvəl də Rusiyanın diqqətinə çatdırmışdıq." - deyə Mövlüd Çavuşoğlu bildirib.Səudiyyə XİN rəhbəri Adil əl Cübeyr də bu istiqamətdə suallara cavab verərək Türkiyəyə dəstək verdiklərini bəyan edib. Nazir, Türkiyənin istədiyi formada öz torpaqlarını qorumaq hüququna malik olduğunu deyib.Noyabrın 24-də Türkiyə hərbi aviasiyasına aid "F-16" qırıcıları bu ölkənin Suriya ilə sərhəddində Rusiyanın "SU-24" hərbi qırıcısını vurub. Rusiya təyyarəsinin Türkiyənin hava sərhəddini pozduğu bildirilir. Qarşı tərəfə 30 saniyəlik intervalla 10 dəfə xəbərdarlıq olunmasına baxmayaraq "SU-24"ün pilotu bunlara məhəl qoymayıb. Bu hadisədən sonra iki ölkə arasında gərginlik yaranıb. Hər iki ölkənin prezidenti və dövlət rəsmiləri hadisədən sonra bir-birlərinə qarşı kəskin ittihamlarla çıxış edib.Hadisənin baş verməsindən sonra Türkiyə tərəfi hadisənin kordinatlarını göstərən xəritəni NATO-ya üzv olan ölkələrlə və bütün dünya ilə paylaşıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00