Ramazan ayı ilə bağlı yaranan fikir ayrılığına səbəb nədir?

Hacı Ceyhun Şükürov: “Hər kəs bu gizli ibadəti sırf Allaha görə tutmalıdır”

Artıq neçə illərdir ki, İslam dünyasının müqəddəs aylarından sayılan Ramazan ayının başlama və sona çatması məsələsində müsəlman aləmində ciddi fikir ayrılığı meydana çıxır. İslam aləminin bir hissəsi (əsasən Səudiyyə Ərəbistanı və ona bağlı olan İslam dövlətləri) Ramazan ayını bir gün tez qarşılayaraq bayram gününü də əvvəl qeyd edir. Müsəlmanların digər qismi isə (əsasən İran və İslam Respublikasına yaxınlığı ilə seçilən ölkələr) birincilərdən fərqli olaraq Ramazan ayına bir gün gec başlayaraq bayram gününü də fərqli tarixdə qeyd edirlər. Maraqlıdır ki, bu mənfi tendensiya müsəlman ölkəsi olan Azərbaycanda da hiss olunmaqdadır. Baxmayaraq ki, Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurası hər il olduğu kimi bu il də müqəddəs Ramazan ayının başlaması ilə bağlı fətva erib. Ramazan ayının başlanması ilə əlaqədar olaraq Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və Elmi-Dini Şurası bəyan edirdi ki, Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının bu ilki hesablamalarına əsasən, ölkə ərazimizin üfüqünə uyğun olaraq Ramazan ayının 1-i Ayın görünməsi ilə miladi təqvimlə, 07 iyun 2016-cı ilə təsadüf edəcək. Ayın göründüyü andan etibarən dinimizin vacib əməllərindən sayılan orucluq ibadəti başlayacaq. Həmçinin Qazilər Şurasının fətvasında o da qeyd olunurdu ki, hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanları İdarəsi AMEA Şamaxı Astrofizika Rəsədxanası ilə birlikdə Azərbaycan ərazisi üfüqünə uyğun olaraq Ramazan ayının əvvəli, namaz vaxtları, bu mübarək ayın gündəlik duaları, eləcə də bayram tarixini müəyyənləşdirən xüsusi təqvim və yaddaş kitabçası tərtib edib. Bölgə qazıları, səlahiyyətli nümayəndələr, imam və axundlardan, eləcə də dindarlarımızdan tələbimiz budur ki, digər mənbələrdən daxil olmuş, məzhəb və vaxt ayrıseçkiliyinə səbəb ola biləcək təqvimlərə müraciət edilməsin. Eydül-Fitr - Ramazan bayramı Şəvval ayının 1-i - Ayın üfüqi ərazimizdə görünməsinə istinadən iyul ayının 6-na təsadüf edəcək. Bəs görəsən İslam dünyasında müqəddəs Ramazan ayının başlaması və bayram gününün qeyd edilməsi ilə bağlı məsələdə nə üçün fikir ayrılığı mövcuddur? Ümumiyyətlə, bui fikir ayrılığı nə vaxtdan və hansı situasiyadan meydana çıxıb?

İlahiyyatçı Hacı Ceyhun Şükürov bu məsələyə hələ İslam dininin Ərəbistan yarımadasından kənara yayılması zamanından fərqli münasibətlərin olduğunu deyib: "İslamın Ərəbistan yarımadasından kənara yayılmasından bu yana başlanan əsirlik ruyətul hilal məsələsinə müxtəlif cür yanaşmalar olmuşdu. İslamın ilk əvvəlində bu məsələdə heç bir ixtilaf olmayıb. Sonradan İslam xilafətinin ərazilərinin böyüməsi ilə bu ixtilaflar müsəlmanlar arasında geniş vüsət almışdı". Hacı Ceyhun Şükürovun sözlərinə görə, bu barədə kimlərinsə bir-birini itiham etməsi doğru deyildir: "Çünki müctəhid bir məsələdə ictihad edib isabət edərsə ona iki savab yazılır. Yox isabət etməzsə, bir savab yazılır. Heç də bütün ümmət ictihad sahibi deyildir. Belə olduğu təqdirdə kiminsə ictihadına əsaslanaraq dinini yaşayacaq. Buna görə də ixtilaf məsələlərinə bu qədər aludə olmaq müsəlman üçün baş ucalığı deyildir. Heç şübhəsiz ki, hərə özünə müvafiq bir rəy ilə orucunu tutacaqdır". İlhaiyyatçı deyib ki, ibadətin əsası xalis niyyətdir . Onun qəbul olması üçün bu əsas amildir: "Və dinə müvafiqdir. Elə isə ixlaslı möminlərin ibadəti yalnız Allaha məxsusdur. Bunun mükafatını isə yalnız Allah verəcəkdir. Heç kəs bu gizli ibadəti nə İrana, nə Səudiyyə Ərəbistanı, nə də hansısa şeyxə, hocaya görə deyil, sırf Allaha görə tutmalıdır. Elə isə heç vaxt hansısa şeyxə görə bir-birinizə kin bəsləməyin. Allahdan qorxun, yalnız Ona iman gətirin. Onun hökmünə boyun əyin. İxtilafa düşsəniz bunu İslamın əsaslarına görə həll edin".

Qeyd edək ki, oruc ibadəti fərqli qaydalar əsasında bütün səmavi dinlərdə Uca Yaradan tərəfindən vacib buyurulmuşdu. Müqəddəs Kitabımız Qur`ani-Şərifdə bu barədə ayələr vardır: "Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib buyurulduğu kimi, sizə də vacib buyuruldu ki, (bu ibadət vasitəsilə pis əməllərdən) çəkinəsiniz!" (Bəqərə, 183). Oruc ibadəti insanları mənəvi cəhətdən saflaşdırır, onların günahlardan tövbə etmələrinə və Allah-taala yolunda xeyirxah işlər görmələrinə səbəb olur. Bu ibadətin sayəsində insan aclığa və susuzluğa tab gətirərək öz nəfsinə qalib gəlir. Mərhəmət və şəfqət ayı olan müqəddəs Ramazan ayında ehtiyacı olanlara, uşaq evlərinə, ahıl və kimsəsizlərə imkan daxilində kömək etmək, ifrata və israfa yol vermədən iftar süfrələri açmaq Allah nəzərində bəyənilən əməllərdəndir.

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31