Ərdoğan: Türkiyə Rusiya və Ukrayna arasında danışıqların davamına çalışacaq – ÖZƏL

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ölkəsi Rusiya və Ukrayna arasında danışıqların davam etməsi və dialoq kanallarının açıq saxlanması üçün bütün səylərini göstərəcək. 

Olaylar.az xəbər verir ki, bu barədə o, Albaniyadan qayıdarkən jurnalistlərə açıqlama verib.

"Biz tərəflər arasında danışıqların davam etməsi və dialoq kanallarının açıq qalması üçün əlimizdən gələni edəcəyik. Əsas arzumuz - sülh danışıqlarının aydın nəticə verməsidir," - deyə Ərdoğan vurğulayıb.

Xatırladaq ki, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında birbaşa görüş mayın 16-da İstanbulda baş tutub və təxminən iki saat davam edib. Görüşdən sonra Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski danışıqların nəticəsindən ümumilikdə razı qaldıqlarını bildirib və tərəflərin "1000-ə 1000" əsir mübadiləsi barədə razılığa gəldiyini açıqlayıb. Həmçinin, atəşkəsin mümkün formatı üzrə detallı təkliflərin hazırlanması razılaşdırılıb.

Ukrayna nümayəndə heyətinin rəhbəri, müdafiə naziri Rustem Umerov isə danışıqlarda əsas müzakirə mövzularının atəşkəs və əsir mübadiləsi olduğunu qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31