Oktyabrda Rusiya-Ərəb Sammiti keçiriləcək

Rusiya Prezidenti Vladimir Putin Rusiya və Ərəb Dövlətləri Liqası (ƏDL) arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə bu ilin oktyabr ayında birinci Rusiya-Ərəb Sammitinin keçirilməsinin planlaşdırıldığını bildirib.

Olaylar.az xəbər verir ki, Kremlin rəsmi saytında dərc olunmuş bəyanatda Prezident Putin Ərəb Liqasının 34-cü sammitinin iştirakçılarına müraciət edib. O, Rusiya ilə Ərəb Liqası və onun üzv dövlətləri arasında konstruktiv dialoqun və dostluq münasibətlərinin genişləndirilməsinə sadiq olduqlarını vurğulayıb.

"Bu kontekstdə assosiasiyanızın bütün dövlətlərinin liderlərini və Ərəb Dövlətləri Liqasının baş katibini oktyabrın 15-də keçirilməsi planlaşdırılan birinci Rusiya-Ərəb Sammitində iştirak etməyə dəvət etmək istərdim", - deyə Putin bildirib.

Dövlət başçısı bu sammitin ölkələr arasında çoxşaxəli və qarşılıqlı faydalı əməkdaşlığın möhkəmlənməsinə, həmçinin Yaxın Şərq və Şimali Afrika regionlarında sülh, təhlükəsizlik və sabitliyin təmininə töhfə verəcəyinə ümid etdiyini qeyd edib.

Putin, həmçinin Ərəb Liqasının cari sammitinin mürəkkəb və gərgin bir dövrdə keçirildiyini vurğulayıb:

"Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi on minlərlə dinc sakinin həyatına son qoyub, bu isə regionda, xüsusilə qonşu ölkələrdə sosial və iqtisadi problemlərin daha da dərinləşməsinə səbəb olub".

Bu şəraitdə Ərəb Dövlətləri Liqasının təsirli bir mexanizm kimi roluna diqqət çəkən Putin, Rusiyanın ərəb ölkələrinin regional ziddiyyətlərin həlli istiqamətində göstərdiyi kollektiv siyasi və diplomatik səyləri dəstəklədiyini bildirib.

"Bütün mübahisəli məsələlər beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə ciddi hörmət çərçivəsində həll edilməlidir",- deyə Rusiya Prezidenti əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31