Tarixdə erməniləri müdafiə edənlər son anda arxalarından qaçıblar- ÖZƏL

"Məlum səbəblərdən sonradan gətirilib Cənubi Qafqazda azərbaycanlılara məxsus torpaqlara yerləşdirilmiş ermənilərin və həmin ərazilərdə qurulmuş Ermənistanın gələcəyi və rifahı bu yerlərin aborigen əhalisi olan qonşularla mehriban münasibətlər qurmaqdan keçir. Bilməlidirlər ki, müəyyən zamanlarda onları müdafiə edənlər son anda arxalarından qaçıblar və ermənilərə Azərbaycan və Türkiyə yardım edib". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Musa Qasımlı deyib: "Bir neçə tarixi faktı xatırlamağı faydalı hesab edirəm. Birinci Dünya müharibəsinin yekununda çağırılan Paris sülh konfransında ermənilərə çoxlu vəd verənlər sonradan bunun  avantüra olduğunu başa düşdülər, hətta mandatdan da imtina etdilər. 
    Ermənistanın bolşevik Rusiyası tərəfindən işğal edilib sovetləşdirilməsi amerikalıları narahat etdi. Dünya müharibəsində bir-birinə düşmən bloklarda  olmalarına baxmayaraq, ABŞ Yaxın Şərqə Yardım Komitəsinin Transqafzadakı baş direktoru kapitan Ernest Yarrov  TBMM ordusunun Şərq Cəbhəsinin komandanı Kazım Qarabəkir Paşaya müraciət edərək erməniləri bolşeviklərdən qorumaqdan ötrü himayəyə götürməyi xahiş etdi (Mənbə: Americans ask turk protection. Near East Relief Workers Request Help Against Bolsheviki. - "The Washington Post", 27.12.1920.).
      Bu müraciətin edilməsinin bir neçə səbəbi var idi. Hər şeydən əvvəl, sovet Rusiyası hökumətini tanımayan ABŞ dağıdıcı olan bolşevizmin yayılmasının əleyhinə çıxsa da bunun qarşısını almağa imkanları olmadığından türk ordusunun himayəsinə ümid edirdi. İkincisi, Cənubi Qafqazda baş verənlər əvvəlcədən əldə olunan razılaşmalara uyğun həyata keçirildiyindən amerikalılar bu təklifi etməklə rus-türk intriqaları yaratmağa çalışırdılar.  
       Bolşevik Rusiyası Ermənistanı sovetləşdirsə də amerikan mətbuatının yazdığı kimi, XI ordu  İrəvana sovet Ermənistanda fəhlə və kəndlilərdən bir nəfərinə belə vermək üçün çörəklə gəlməmişdi. Nimdaş geyinmiş bolşevik hərbçiləri ac-yalavac dolanırdı. Sovet rejimi altında Ermənistanda şərait çox ağır idi. "Vaşinqton Post" qəzeti  1920-ci il 27 dekabr tarixli sayında yazırdı ki, Moskva hökuməti İrəvana 80 vaqon buğda göndərdi. (Mənbə: Americans ask turk protection. Near East Relief Workers Request Help Against Bolsheviki. - "The Washingotn Post", 27.12.1920.).
       Qəzetdə 80 vaqon buğdanın göndərilməsi haqqında məlumat düzgün olsa da hansı şəhərdən göndərilməsi doğru yazılmayıb. Çünki bu illərdə ağır vətəndaş müharibəsinin getdiyi bolşevik Rusiyasının özünün buğdaya, çörəyə, ərzaqa ehtiyacı var idi. Dəmiryolu da çox pis işləyirdi. Qısa müddətdə bu qədər taxılın göndərilməsi mümkün deyildi. Ermənistana edilən 80 vaqon buğda yardımı Azərbaycandan göndərilmişdi. Azərbaycan erməniləri aclıqdan qurtardı.
       Azərbaycan Ermənistanı zülmətdən də qurtardı. Daşnak Ermənistanın baş naziri olmuş Ov. Kaçaznuni sonralar yazırdı:  
    "Bolşeviklər Bakıdan kerosin gətirdilər və ölkəni zülmətdən çıxartdılar (Mənbə:Качазнуни Ов. Дашнакцутюн больше нечего делать! Тифлис: Заккнига, 1927, с. 58.).
          Erməni sovet tarixçisi H.A.Haloyan  isə yazırdı: 
     "Zəhmətkeş Azərbaycan mövcud şəraitdə gənc Ermənistan sovet respublikasına kömək etdi." (Галоян Г.А. Социалистическая революция в Закавказье в освещении буржуазной историографии. Москва: Соцэкгиз, 1960, с. 184.)."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31