Azərbaycan diasporunun 44 günlük Vətən müharibəsi dövründəki fəaliyyətini çox yüksək qiymətləndirirəm

Elsevər Məmmədov: "Hamı özünü bir əskər sayırdı və hər kəs Vətən yolunda bir iş görmək istəyirdi"

Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədovun diasporumuzun mövcud vəziyyəti, 44 günılük Vətən müharibəsi dövründəki fəaliyyəti, eləcə də bundan sonra qarşısında duran vəzifələrlə bağlı "OLAYLAR"-a müsahibəsi

-Elsevər bəy, məlum olduğu kimi bu günlərdə Benilüks Azərbaycanlıları Konqresinin növbəti qurultayı keçirildi və siz səs çoxluğu ilə Konqresin yenidən sədri seçildiniz. Öncəliklə sualım ondan ibarətdir ki, BAK rəhbəri olaraq Konqresin ötən illərdəki fəaliyyyətini necə xarakterizə edərdiniz və BAK hesabat dövründə qarşısına qoyduğu məqsədlər, hədəflərə nail ola bildimi?

-Nəzərinizə çatdırım ki, Beniluks Azərbaycanlıları Konqresinin Nizamnaməsinə uyğun olaraq biz hər iki ildən bir Qurultay keçiririk. Hər Qurultayda BAK-a yeni sədr və yeni İdarə Heyyəti seçilir. Bu dəfəki qurultay zamanı da BAK-da yeni İdarə heyyəti formalaşdı. Bundan əlavə BAK-da Agsaqqalar Şurası, Gənclər Təşkilatı yaradıldı. Eyni zamanda BAK-ın tərkibində İş adamları Birliyini yaratmağı planlaşdırırıq. Onu da qeyd etməliyəm ki, yeni seçilən İdarə Heyyətinin üzvləri Niderlandda çox aktiv və nüfuzlu insanlardır. Biz inanırıq ki, yeni seçilmiş dostlarımızla biz çox böyük uğurlara imza atacağıq.

Onu da qeyd edim ki, BAK-ın tərkibində bir çox təşkilatlar mövcuddur və onlar da öz səmərəli fəaliyyətləri ilə konqresin işinə töhfə verirlər.  Bu sırada Azərbaycan-Hollandiya Həmrəylik Cəmiyyəti, Şimali Hollandiya Azərbaycanlılarə İttifaqı, Iraq Turkmənlərinin Cəmiyyətini qeyd etmək lazımdır və bunlar əsas fəaliyyət göstərən təşkilatlarımızdır. Eyni zamanda da Qarabağ İdman Klubu, Rotterdam Həftəsonu məktəbi və  Körpə Fidanlar Musiqili Uşaq Teatrı da fəaliyyət göstərir.

O ki  qaldı Konqresin ötən illərdəki fəaliyyətinə, mən ancaq son iki ilin fəaliyyəti haqqında sizə məlumat verə bilərəm. Ötən iki ildə mən deyə bilərəm ki, BAK Avropada ən çox tədbirlər keçirən qurumlardan biri oldu. Bizim ötən illər ərzində əsas işimiz Azərbaycan təşkilatlarının arasında birliyə nail olmaq oldu. Biz çox sevinirik ki, BAK-bu işdə çox böyük bir rol oynadı. Bundan sonra isə biz hamımız bərabər Avropada Azərbaycan dövlətinə dəstək olaraq çox böyük və əhəmiyyət kəsb esən aksiyalar və mitinqlər həyata keçirdik. Çox vacib işlərdən biri də o oldu ki, Rotterdam şəhərinin mərkəzində BAK-ın və Qarabağ İdman Klubunun ofisinin rəsmi açılışını həyata kecirdik. Böyük Vətən Müharibəsində isə, deyə bilərəm ki, 44 gün durmadan hər kəs çalışdı. Bunu tək BAK yox, eyni zamanda digər təşkilatlar da etdi. Hamımız bir olub, bir dəmir yumruga çevrildik. Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycanın Niderland və Belçikadakı səfirlikləri, Benilüksdəki bütün təşkilatlar hamısı birləşərək, koordinasiyalı şəkildə bir nöqtəyə zərbələr endirdilər. Möhtəşəm bir iş birliyi nümayiş olundu. Şükürlər olsun ki, artıq qələbəmizi də qazandıq.Allah dövlətimizi, dövlət başçımızı və əskərimizi qorusun.

-Bəs, qarşıdakı illərdəki hədəf və vəzifələr hansılardır və BAK-ın hədəflərində dəyişikliklər, yeniliklər nəzərdə tutulurmu?

-BAK-ın təbii ki, Böyük Vətən müharibəsinin qələbəsindən sonra hədəflərində və strateğiyasında dəyyişikliklər oldu. Bu günə qədər torpaqlarımızın işgaldan azad olmasını tələb edirdik. Şükürlər olsun ki, artıq torpaqlarımız azaddır. İndi artıq çalışırıq ki, Azərbaycanın bu günə qədər gördüyü işləri yerli medialara, parlament üzvlərinə, siyasi partiyalara, insan haqları institutlarına, beynəlxalq qurumlara çatdıraq.

-Elsevər bəy, Azərbaycan Ordusunun Ali Baş Komandanın rəhbərliyi altında həyata keçirdiyi Vətən müharibəsi və 44 günlük müharibənin zəfərini, eləcə də döyüşlərin getdiyi günləri Niderlanddan necə, hansı hiss, həyəcanla izləyirdiniz?

-Nəzərinizə çatdırım ki, 44 gün gecə-gündüz həyacanla Azərbaycandan gələn xəbərləri izləyirdik. Öz dövlətimizlə, xalqımızla, əskərlərimizlə, Ali Baş Komandanımızla qürur duyurduq, fəxr edirdik. Onların sayəsində xaricdə yaşayan  bütün azərbaycanlılar birləşdi, bir yumruq oldu. Biz 44 gün ərzində dayanmadan dövlətimizə və əskərlərimizə dəstək tədbirləri, aksiyaları, mitinqləri keçirdik, parlamentdə görüşlər təşkil etdik, yerli media nümayəndələri ilə görüşlər keçirdik. Bir sözlə əlimizdən nə gəldisə, hamısını etdik. Biz öz Prezidentimizə, əskərlərimizə çox güvənirdik, qələbənin bizim olacağına tam əminiydik. Ona görə də hamımız istəyirdik ki, bu qələbədə heç olmasa az da olsa bizim də payımız olsun. Allahıma min dəfə şükr edirəm ki, şəhidlərimizin qisası alındı, torpaqlarımızı azad etdik. İndi artıq əskərlərimizin və şəhidlərimizin sayəsində hər yerdə başı uca gəzə bilirik.

-Təəssüflər olsun ki, həmin günlər ərəfəsində erməni terroru, vandalizmi bir daha özünün mənfur üzünü göstərdi, Gəncə, Bərdə şəhərləri raket hücumlarına məruz qaldı. Ermənistanın bu terror aksiyasını istər Niderland, istərsə də dünya ictimaiyyətinə hansısa formada çatdıra bildinizmi?

-Gəncə hadisələrindən sonra dərhal Benilüks Azərbaycanlıları Konqresi (BAK), Niderland-Belçika Azərbaycanlılarının Koordinasiya Şurası və Azərbaycan Türk Mədəniyyət Dərnəyi bir araya gələrək çox böyük bir mitinq təşkil etdik. Təsəvvür edin ki, korona pandemiyasına görə bizə Niderland Parlamentinin qarşısında ancaq 80 nəfər üçün icazə verdilər. Lakin mitinqə 1.000 nəfərə yaxın azərbaycanlı və türklər gəldi. Polis məcbur qalıb mitinq yerini başqa, daha böyük bir meydana keçirdi. Biz bununla bir daha hamıya necə güclü bir çillət olduğumuzu sübut etdik.

-Müsbət məqamlardan biri odur ki, başladığımız mübarizə öz müsbət sonluğu ilə nəticələndi və uzun illər işğal altında olan ərazilərimiz azad edildi. Qələbə sevincini necə qeyd etdiniz, soydaşlarımız necə qarşıladı bu qələbəni?

-Bilirsiz bunları sözlərlə ifadə etmək çox çətindir. Pandemiyanın yayılmasına baxmayaraq, hamı bir-birini qucaqlayaraq təbrik edirdi. Sevincimizin həddi-hüdudu yox idi. Hələ Şuşa alınanda, siz təsəvvür edin ki, Qarabag İdman Klubunun ofisi azərbaycanlılarla dolmuşdu. Möhtəşəm bir duyğuydu, həmin ərəfədə mən özümü dünyanın ən xöşbəxt adamı sayırdım. Sanki ömür boyu yuxu kimi gördüyüm bir şey gerçəyə dönmüşdü. Hamımız şox səmimi bir qələbə qeyd edirdik. Mahnı oxuyan bir yanda, şeir deyən o biri tərəfdə. Möhtəşəm bir gün idi. Qoy Allah bizim millətimizə hər zaman belə gözəl günlər qismət eləsin. Allah dövlət başçımızı və əskərlərimizi qorusun. Onlarla nə qədər fəxr etsək belə azdır.

-Elsevər bəy, Azərbaycan dövlətinin tarixi qələbəsindən sonra Niderlandda yaşayan azərbaycanlılara qarşı daha da müsbət bir münasibət hiss olunurmu? Yəni azərbaycanlılara qarşı əvvəlki münasibətlə indiki münasibət arasında fərq müşahidə edirsinizmi?

-Bilirsiniz, müharibənin başlandıgı zamanlarda azərbaycanlııara qarşı həm yerli mediada, həm də əhali olaraq çox qərəzli mövqey sərgiləyirdilər. Çoxlarının ümumiyyətlə məsələlərdən xəbərləri yox idi. Ermənilər bunlarda elə bir təsəvvür yaratmışdılar ki, guya Qarabagda müsəlmanlar xristianları qırır. Lakin Niderlandda yaşayan azərbaycanlılar dəfələrlə öz etirazlarını yüksək səviyyədə bildirdilər. Hətta Niderlandın ən çox media kanallarının yerləşdiyi şəhərcikdə etiraz aksiyası keçirildi. Açıq şəkildə bunlara biıdirildi ki, burada qətiyyən elə bir şey yoxdur. Türkiyə, Pakistan, Əfqanıstanla yanaşı, Ukrayna, Gürcüstan, İsrail kimi dövlətlər də bizə hərtərəfli siyasi dəstək verirlər. O zaman belə müsəlman-xristian savaşı olar? Bu etirazlardan sonra bir neçə böyük media qurumları, cərəyan edən hadisələri olduğu kimi verməyə məcbur oldular.

-Ümumilikdə, Azərbaycan diasporunun 44 günlük Vətən müharibəsi dövründəki fəaliyyətini necə qiymətləndirirsiniz?

- Azərbaycan diasporunun 44 günlük Vətən müharibəsi dövründəki fəaliyyətini çox yüksək qiymətləndirirəm. Hamısıyla fəxr edirəm. Halal olsun Millətimizə. Siyasi mövqelərini hər kəs bir kənara buraxdı, bizim tədbirlərə ümumiyyətlə gəlməyən insanlar bütün keçirdiyimiz tədbirlərdə yanımızda yer aldılar.  Düşmənə qarşı bizimlə bərabər çiyin-çiyinə oldular.Təsəvvür edin ki, kimdən nə dəstək istədiksə, heç kim yox demədi. Hamı özünü bir əskər sayırdı və hər kəs Vətən yolunda bir iş görmək istəyirdi.

-Necə hesab edirsiniz, işğaldan azad edilən ərazilərimizin yenidən qurulmasında Azərbaycan diasporunun imkanlı şəxsləri də iştirak etməlidirmi?

-Təbii ki, bu işdə hamı iştirak etməlidir. Bu hər bir imkanlı azərbaycanlının borcudur. Mən belə fikirləşirəm Qarabagda bu işlərə dəstək olmaq tək imkanlıların yox, ümumiyyətlə bütün millətimizin bir nömrəli işi olmalıdır. Böyük Vətən Müharibəsini biz bütün xalqımızın birliyi ilə qazandıq. Qarabağımızı da biz hamımız birləşib, onun qurulmasında və inkişafında əlimizdən gələni etməliyik.

Süleyman İsmayılbəyli

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31