44 günlük müharibədə diaspor təşkilatları birliyi qoruyub saxladı

Elxan Mirhəşimli: "Dövlətimizə bu haqlı davasında dəstək verdilər"

44 günlük Vətən müharibəsi dövründə Azərbaycan diasporunun ortaya qoyduğu fəaliyyətlər, xaricdə gözlənilən erməni təhlükəsinə qarşı diasporumuzun aldığı tədbirlər, eləcə də bundan sonra atılacaq addımlarla bağlı Hollandiya Azərbaycan Evinin rəhbəri Elxan Mirhəşimli "OLAYLAR"-a müsahibə verib.

-Elxan bəy, öncəliklə bilmək istərdim, xaricdə yaşayan bir azərbaycanlı olaraq sentyabrın 27-dən başlayan əkshücum əməliyyatları, eləcə də Qarabağ cəbhəsində gedən döyüşləri hansı hiss, həyəcanla izləyirdiniz?

-Həmin günlər keçirdiyimiz həyacanı sözlə ifadə etmək çox çətindir. Demək olar ki, həmin günlər sutkanın 20 saatını Azərbaycan mətbuatını izləməklə keçirmişəm. Bir gözüm aglayıb, bir gözüm gülüb.

-Bir azərbaycanlı olaraq Azərbaycan dövləti, Azərbaycan Ordusunun bu qədər uğur, nailiyyət əldə edəcəyinə, işğal altında olan ərazilərimizi düşməndən təmizləyə biləcəyinə ümidləriniz vardımı?

Əlbəttə. Mən heç bir zaman ümidimi itirmədim. Azərbaycan dövlətinin orduda apardığı islahatlar, vahid bir komanda altında birləşmiş əsgərlərimizin Ali Baş Komandanın milli ruhda apardığı siyasət ümidverici idi və bəhrəsini də verdi.  Şanlı ordumuz  30 ildən sonra Qələbə sevincini bizə yaşatdı. Düşmən təslimçi razılaşmaya imza atmağa məcbur edildi. Hərb tarixində qızıl həriflərlə Qarabağ fəthi yazıldı və gələcək nəslimizə ötürüləcək bir tarix yazıldı. İgid əsgərlərimizin, qazilərin şəhidlərimizin qarşısınnda baş əyirəm. Eyni zamanda bütün bu uğurlara görə də Ali Baş Komandana təşəkkürümü bildirirəm.

27 il ATƏT-in Minsk qrupunun həmsədrlərinin bizim sülh danışıqları niyyətimizdən nəticə çixarmadığından da üzülürəm. Həmsədrlər işğalçı ilə işğala məruz qalana düzgün münasibət sərgiləmədi. Erməni işğalçılarından BMT qətnaməsinə uyğun olaraq torpaqlarımızı azad etməsini tələb  etsəydi, problem sülh yolu ilə həll olunardı. İnsan itkisi də baş verməzdi. Müharibənin ən birinci səbəbkarı erməniləri şımarıq uşaq kimi bəsləyib separatizmi dəstəkləyən ölkələrdir. Bu dəstəyi 44 gün ərzində də müşahidə etdik və gördük. Türkiyə dövlətinin masada danışıqlarda yanımızda olması daha məqsədəuyğundur. Qardaş ölkə həm ədalətli mövqe tutar, həm də  bizə güvən verər. Sonunda  regiona sülh gələr.

-Bildiyimiz qədər əslən Qubadlı rayonundansınız və Qubadlının işğaldan azad edilməsi xəbərini necə qarşıladınız və sizdə hansı təəsüratlar yaratdı?

-Bəli, doğru deyirsiniz, Qubadlıda anadan olmuşam. Qubadlı Zəngəzur mənim ata-baba torpaqlarımdır. Böyük bir nəslin övladıyam. Babalarımın bu torpaqlarda yaşadıqları 300 ildən çox kökümüzü araşdırıb tapmış jurnalist yazarlar var. Biz 2 dəfə deportasiyaya məruz qalmışıq. 1905-ci ildə Zəngəzur,  1993-cü ildə isə Qubadlıdan.

Qubadlının işğaldan azad edilməsi xəbərini eşidəndə sevinc göz yaşlarımı saxlaya bilmirdim. Bir anlıq uşaqlığım, gənclik illərim, ata-baba evimiz gözlərim önündə canlandı.  Bu artıq xəyal deyil, gerçək bir həyat hekayəsidir dedim. Övladlarımın sevinci məni daha da heyrətləndirdi. Onlar QubadlInI görməyiblər, buna rəğmən  məndən daha çox qışqırıq səsləri, sevincləri ilə "ata, biz artıq Qubadlıda gedib yaşaya bilərik"  sözləri ikiqat sevinc bəxş etdi. Bu səslər Avropada yaşayan gənclərin vətən sevgisindən xəbər verirdi. Onlar vətənini unutmayıb və ümidlə böyüyərək bu günü gözləyiblər. Əsgər getmək üçün də gənclərimiz könüllü şəkildə orduya  yazılıblar.

-Yəqin Azərbaycana gəldiyiniz ilk fürsətdə Qubadlıya da gedəcəksiniz

-Əvvəlcə Xocalıya getmək istərdim. Soyqrıma məruz qalan soydaşlarımız, şəhidlərimizin ruhunu yad edərdim. Dövlətimiz icazə versəydi Avropadakı dostlarla bir layihə hazırlayıb şəhidlərimiz adına Böyük bir məscid tikintisi həyata keçirərdik. Gündə 5 dəfə Azan səsini həm Şuşada, həm də Xocalıdan Xankəndinə duyurardıq. Qubadlıdan olan dostlar da var ki, onlar da gələcəkdə Qubadlının abadlaşdırılmasında yaxından iştirak edəcəklərini bildirirlər.

-Məlum olduğu kimi hərbi əməliyyatların getdiyi günlərdə xaricdəki erməni diasporu bütün fəaliyyətlərini Azərbaycan barədə mənfi rəy formalaşdırmağa, Azərbaycanın birinci olaraq hücuma keçdiyi görüntüsü yaratmağa çalışırdı. Bəs, Hollandiyada necə, erməni lobbisinin bu kimi cəhdləri özünü büruzə verirdimi?

-Erməni lobbisi və havadarları Xristian Partiyasının dəstəyi ilə Holland mediasında yenə də bizdən öndə idilər. Azərbaycanla bağlı yalançı təxribat aparırdılar. Bütün yazılarda İslam ölkəsi Azərbaycanın xristian Ermənistana qarşı savaş açdığı iddia olunurdu. Həmçinin əsas hədəflərdən biri Türkiyə və onun prezidenti Rəcəb Tayyib Ərdoğan idi. Eyni zamanda Azərbaycan dövləti, hakimiyyəti əlehinə şüarlar səsləndirirdilər. Ancaq bəzi hallarda ciddi etirazımız nəticəsində həmin yazılarla bağlı müəyyən təkziblər verildi, bəzi yazılarda isə Qarabağı Azərbaycan ərazisi kimi qeyd etdilər.

-Bəs, Siz bir diaspor olaraq bu kimi fəaliyyətlərə qarşı hansı addımları atır, fəaliyyətlər göstərirdiniz?

-Məlumat üçün qeyd edim ki, Hollandiya Azərbaycan Evinin rəhbəri olaraq siyasi partiyalar və təşkilatlarla əlaqələr qurdum, onlarla  bir çox görüşlər həyata keçirdim. Qarabağla əlaqədar Hollandiya Xarici İşlər Nazirliyi bəyanat hazırlayırdı. Həmin ərəfədə artıq erməni lobbisi ilə görüşmüşdülər. Qərara aldılar ki, Azərbaycan lobbisi ilə görüşdükdən sonra bəyanat oxunsun. Mənimlə görüşdən sonra bir çox məsələdən xəbərdar olmadıqlarını, söylədiklərimin onlar üçün yeni məlumatlar olduğunu bildirdilər. Nəticədə XIN Holland Parlamentində çıxışında tərəf tutmadığını bəyan etdi və Minsk qrupuuin bu işlə məşğul olduğunu söyləyərək erməniləri məyus etdi. Buna baxmayaraq ermənipərəst xristian partiyaları, onların deputatları Azərbaycan və Türkiyəyə qarşı sanksiyalar tələb etməyə başladılar. Qarabagın tanınması və ora yardım ayrılmasını tələb etdilər. Mən də öz növbəmdə Hollandiya Parlamentində təmsil olunan bütün millət vəkillərinə Qarabağ həqiqətləri haqqında məktub, bəyanat sənədləri göndərib onlardan görüşlər istədim. Nəticədə parlamentdə siyasi partiyaların,  CDA, VVD və SP prtiyalarının millət vəkilləri ilə bir sıra görüşlər keçirdim. Görüşə Hollandiyada yaşayan Azərbaycan icma nümayəndələrini də dəvət etmişdim və onlar da öz iradlarını bildirdilər. Beynəlxalq hüquqa riayət etmələrini, tərəf tutmamalarını, separatizmi dəstəkləməmələini istədik. Bunun Kataloniya və başqa Avropa ölkələrində olan, müstəqillik həvəsinə düşən xırda xalqlara cəsarət verib sonradan Avropada nələrin baş verə biləcəyini anlatdım. Qarabagda  müharibənin dini zəmində olmadığını dedim, separatizmə qarşı mübarizə apardığımızı boldirdim.

Hakim Partiyanın VVD liberallarının nümayəndələri ilə də görüşlərim  oldu. Danışıqlardan sonra hakim partiyanın mövqeyinin beynəlxalq huquqa uyğun olduğu, Azərbaycanın haqli oldugu bildirildi.

-Ümumən, hərbi əməliyyatların getdiyi 44 gün müddətində Azərbaycan diasporunun gördüyü işlər, atdığı addımlar və ortaya qoyduğu fəaliyyətləri necə xarakterizə edərdiniz? Bu fəaliyyətlərdə Sizi bir diaspor təşkilatının rəhbəri olaraq qane etdimi?

-44 günlük müharibədə diaspor təşkilatları birliyi qoruyub saxladı, bunun üçün bütün potensiallarını ortaya qoydular. Bu sevindirici bir haldır. Bir sözlə soydaşlarımız, diaspor təşkilatlarımız birlik nümayiş etdirdilər, dövlətimizə bu haqlı davasında dəstək verdilər.

Ancaq bəzi məqamlar da oldu ki, məni qane etmədi. Çünki belə bir situasiyaya nə Diasporla İş üzrə Dövlət Komitəsi, nə də biz diaspor təşkilatları yetərincə hazır deyildik. Bu bir ittiham deyil, gerçəkdir. Dostlar inciməsin, bunu söyləməkdə məqsədim nəticə çıxarmaqdır. Bu fikir özümə də aiddir. Kimisə ittiham etmirəm. Yalandan tərif edə, hər işimizin 100 faiz yaxşı olduğunu deyə  bilmərəm. Yaxşı,  gözəl fəaliyyətlərlə yanaşı, bəzi çatışmayan cəhətlərimiz də var. Çatışmayan ən vacib cəhətimiz  Avropa mətbuatında informasiya sahədə məğlubiyyətimizdir. İllərdir bunu söylədim, lakin heç kim diqqətə almadı, dəstək vermədi. Həmçinin digər çatışmayan cəhətlərimiz də var. Lakin Qələbə əhval-ruhiyyəmizi pozmaq istəmirəm. Ümid edirem ki, bizim fikirlərimizi dinləyib gələcək fəaliyyətimizə təkan verəcəklər. Mən də məcbur qalıb mətbuata açıqlama verməyəcəm.

Ümumən, Avropa mətbuatı hər gün demək olar ki, 44 gün müddətində ermənilərin soyqrıma məruz qaldığını iddia etdi. Ancaq Xocalı soyqrımından xəbərləri belə yoxdur. Həmçinin, BMT qətnamələri, 7 rayonun işğal edilməsi, 1 milyon soydaşımızın qaçqın və məcburi köçkünə  çevrilməsi barədə  məlumatları belə yoxdur. İllərdir söylədim ki, bağlı qapılar arxasında anım mərasimi keçirib özümüz deyib özumuz eşitməyək.

-Qarabağ cəbhəsində məğlub olan ermənilərin indi də xarici ölkələrdə yaşayan azərbaycanlılara qarşı amansız olacaqları ehtimal edilir və ilk belə hadisənin Polşada baş verdiyi bildirilir. Bundan bir neçə gün əvvəl isə Ukraynadakı konsulluğumuz atəşə tutuldu və bu işdə də erməni barmağı olduğu qeyd edildi. Bəs, Avropada necə, belə təhlükə varmı və bu kimi təhlükələrə qarşı hansı addımlar atmaq, fəaliyyətlər ortaya qoymaq lazımdır?

- Tovuz hadisələrindən sonra Hollandiyada, Belçikada bu kimi erməni vandalizmi ile üzləşdik. Hazırda sosial media üzərindən təhqirlər, deyişmələr olur. Mənim özümə də ermənilər dəfələrlə üz-üzə görüşmək barədə çağırış ediblər. Həmçinin sosial şəbəkələr üzərindən təhqiredici ifadələr yazırlar. Ona görə də hər zaman ehtiyyatlı olmalıyıq. Çünki ermənilərə inam, etibar yoxdur. Həmin ərəfədə bizə də Azərbaycan hökumətindən xəbərdarlıq gəldi ki, erməni ASALA terror təşkilatı Avropada diplomat və diaspora fəallarına qarşı təxribat planları hazırlayır, ehtiyyatlı olun .

-Ümumən dünyanın  müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatlarımız, soydaşlarımıza mümkün erməni təxribatları fonunda nələri tövsiyə edərdiniz?

-Tövsiyəm odur ki, ermənilərin təxribatına, yazılarına cavab verməyin. Mən sosial mediadan, özəldən  yazılan təhqirlərə reaksiya vermirəm. Hətta Hollandiyadakı bəzi təşkilatlar erməni lobbisi ilə görüş də təklif etdi, lakin mən razılaşmadım. Çünki ermənilərə güvənmirəm. ASALA terrorçuları ilə bir masada oturmaram dedim. Ermənilərin içləri nifrətlə  doludur, onlara söz anlatmaq mümkün deyil, Tutuquşu kimi eyni sözü təkrarlayırlar. İndiki durumda onlarla sülhdən, dostluqdan danışmağa dəyməz. Əsas odur ki, Ordumuzun sayəsində torpaqlarımız erməni işğalından azad edildi. Onu da deyim ki, ermənilərlə bizim işimiz hələ bitməyib. Bundan sonra da informasiya mübarizəsində daha fəal, ayıq olmalıyıq.  Zəfər bizimdir !. Qarabağ Azərbaycandır!.

Süleyman İsmayılbəyli

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31