Sülhə psixoloji hücum: Avropa parlamentlərinin qərəzli sənədləri nəyə xidmət edir? – ÖZƏL

Aprelin 16-da Niderland və Belçika parlamentləri Bakı əleyhinə növbəti qərəzli sənədlər qəbul ediblər. Niderlandda deputat Don Seder, Belçikada isə Mişel de Maqdanın təşəbbüsü ilə qəbul edilən müraciətlərdə həbsdəki erməni separatçıların azad edilməsi, qondarma "soyqırımı"nın tanınması və Qarabağ ermənilərinin geri qayıdışı tələb olunur.

Maraqlıdır, iki ölkə arasında sülh danışıqları getdiyi halda xarici qüvvələr nədən narahatdır? Bu addımlar sülhə kölgə sala bilərmi? 

"Bu cür addımların arxasında duran əsas narahatlıq sadədir: Güney Qafqazda formalaşmaqda olan yeni gerçəklik, yəni Azərbaycanın suverenliyinin tam bərpası və Bakı-İrəvan xəttində birbaşa sülh gündəliyinin irəliləməsi bəzi xarici dairələrin çıxarlarına uyğun deyil".

Bu fikirləri Olaylar.az-a açıqlamasında araşdırmaçı-yazar, türkoloq Əkbər Qoşalı deyib. Türkoloq bildirib ki, burada bir məqamı vurğalamadan keçməyək: açığı, Azərbaycanın iki şəhərinin adını qarşı-qarşıya qoymaq mənə qətiyyən xoş deyil. İrəvan da Bakı kimi bizim şəhərdir və indi onu başqa ölkənin paytaxtı kimi göstəririk - bax, eyni dili danışan Amsterdam və Brüsseldə məhz bu tarixi-mədəni gerçəkliyi dərk etsələr yaxşı olardı. Dərk etsələr yaxşı olar ki, İrəvan-Bakı qarşılaşdırmasının özü belə tarixi-mədəni həqiqətlərin nə qədər mürəkkəb olduğunu göstərir...

"Aprelin 16-da Niderland və Belçika parlamentlərinin qəbul etdiyi sənədlər beynəlxalq hüquqa ziddir, hüquq əsasından məhrumdur və əlbəttə, siyasi xarakter daşıyır. Bu sənədlərdə yer alan "tələblər" - separatçılığa dolayısı ilə haqq qazandırmaq, tarixi həqiqətləri təhrif etmək və daxili hüquq məsələlərinə müdaxilə etmək cəhdidir. Bu isə nə beynəlxalq hüquqa uyğundur, nə də sülh məntiqinə. Əslində, bu təşəbbüslər bölgədə sülhün irəliləməsindən, möhkəmlənməsindən rahatsız olan çevrələrin reaksiyasıdır. Çünki dayanıqlı sülh - təsir alətlərini, manipulyasiya imkanlarını və illərlə qurulmuş stereotipləri sıradan çıxarır", - deyə Ə. Qoşalı əlavə edib.

Türkoloqun sözlərinə görə, bu addımlar sülh prosesinə psixoloji və informasiya müstəvisində müəyyən kölgə sala bilər, amma strateji baxımdan artıq gecdir, bölgə yeni mərhələyə keçib, həmin mərhələni isə gerçəkliklər və birbaşa dialoq müəyyən edir. Azərbaycan öz prinsipial mövqeyində qətiyyətlidir. Qıraqdan yazılan "qətnamələr"in isə nə dərinliyi, nə də üfüqü ola bilər.

Dövlətimiz zaval görməsin!

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31