Həssas yaş, ağır yük: uşaqlıq bitmədən başlayan həyat məsuliyyəti

Cəmiyyətin inkişafı onun ən həssas qatlarına -uşaqlara və yeniyetmələrə necə yanaşması ilə ölçülür. Çünki hər bir toplumun gələcəyi məhz bu yaş mərhələsində formalaşan düşüncə, davranış və dəyərlər üzərində qurulur. Uşaq anlayışı sadəcə yaş kateqoriyası deyil, eyni zamanda qorunmağa, düzgün yönləndirilməyə və anlayışla yanaşılmağa ehtiyac duyan bir inkişaf dövrüdür. Yeniyetməlik isə artıq bu prosesin keçid mərhələsidir-insanın həm özünü, həm də ətrafını dərk etməyə başladığı, lakin hələ tam formalaşmadığı bir zaman kəsiyi. Bəzən bu yaş dövrünün həssaslığı kifayət qədər dərk olunmur və nəticədə yeniyetmələr özlərini hazır olmadıqları vəziyyətlərin içində tapa bilirlər. Düşünürəm ki, burada əsas məsələ günahlandırmaqdan çox, baş verənlərin kök səbəblərini anlamağa çalışmaqdır. Çünki hər bir hadisənin arxasında görünməyən sosial və psixoloji amillər dayanır.

Son günlər erkən yaşda ana olan qızlarla bağlı xəbərlər yenidən ictimai müzakirələrin mərkəzinə çevrilib. Xüsusilə 15 yaşında bir yeniyetmənin ana olması hadisəsi bu mövzunun nə qədər həssas, mürəkkəb və çoxqatlı olduğunu bir daha göstərdi. Bu cür hallar təkcə fərdi bir həyat hekayəsi kimi deyil, həm də uşaq və yeniyetmə anlayışının mahiyyəti, təhsilin rolu və sosial mühitin təsiri baxımından geniş şəkildə düşünülməli bir məsələdir.

Uşaq və yeniyetmə anlayışı özündə yalnız yaş həddini deyil, eyni zamanda psixoloji və emosional inkişaf mərhələsini də əhatə edir. Bu dövr insanın şəxsiyyətinin formalaşdığı, dünyanı dərk etməyə başladığı, eyni zamanda ən həssas və təsirə açıq olduğu bir mərhələdir. Düşünürəm ki, məhz bu səbəbdən yeniyetmələrin üzərinə onların yaşına uyğun olmayan ağır məsuliyyətlərin düşməsi gələcək həyatlarında ciddi psixoloji və sosial nəticələr yarada bilər. Təhsilin rolu isə bu prosesdə həlledici əhəmiyyət daşıyır. Təhsil yalnız bilik vermək deyil, eyni zamanda maarifləndirmə, düzgün dəyərlərin formalaşdırılması və həyat bacarıqlarının öyrədilməsi deməkdir. Məktəb mühiti yeniyetmələr üçün yalnız dərs yeri deyil, həm də təhlükəsiz bir sosial mühit olmalıdır. Orada onlar öz suallarına cavab tapmalı, düzgün məlumat almalı və gələcək həyatlarına dair sağlam yönləndirmə görməlidirlər. Eyni zamanda, ailə və məktəb arasında əlaqənin zəif olması da yeniyetmələrin yanlış istiqamətlərə yönəlməsinə səbəb ola bilər. Burada vacib olan sadəcə nəzarət deyil, ünsiyyətdir. Çünki yeniyetmə özünü dinlənilmədiyini hiss etdikdə, məlumatı başqa mənbələrdən almağa başlayır və bu mənbələr hər zaman doğru olmaya bilər. Düşünürəm ki, valideynlərin və müəllimlərin əsas vəzifəsi qadağa qoymaqdan çox, izah etmək və başa salmaqdır.

Erkən yaşda baş verən analıq halları isə bu boşluqların nəticəsi kimi ortaya çıxır. Bu mövzuya yanaşarkən məncə ən vacib məsələ günah axtarmaq deyil, səbəbləri anlamağa çalışmaqdır. Çünki hər bir belə hadisənin arxasında sosial, psixoloji və təhsil mühitinə bağlı bir çox amil ola bilər. Düşünürəm ki, cəmiyyət olaraq bu məsələyə daha çox anlayışla və daha az qınaqla yanaşmaq lazımdır.

Mövzu ilə bağlı "Yeni Həyat" Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri, sosioloq Nailə İsmayılova Olaylar.az-a açıqlama verib:

"Son illərdə erkən yaşda ana olma halları bir çox cəmiyyətlərdə olduğu kimi Azərbaycanda da sosial müzakirələrin əsas mövzularından birinə çevrilib. Bu problem təkcə fərdi deyil, həm də sosial, iqtisadi və mədəni faktorların qarşılıqlı təsiri nəticəsində formalaşır. Erkən hamiləlik həm qızların həyat trayektoriyasını dəyişir, həm də cəmiyyətin gələcək inkişafına təsir göstərir.

Erkən yaşda ana olma hallarının arxasında duran əsas səbəblərdən biri ənənəvi düşüncə tərzidir. Bəzi ailələrdə qız uşaqlarının erkən yaşda ailə qurması "normal" və ya "zəruri" hesab olunur. Xüsusilə, kənd yerlərində bu yanaşma daha qabarıq şəkildə özünü göstərir. Digər mühüm faktor sosial-iqtisadi vəziyyətdir. Maddi çətinliklər yaşayan ailələr bəzən qızlarını erkən evləndirməklə məsuliyyətdən "qurtulmağa" çalışır. Bununla yanaşı, təhsilə çıxış imkanlarının məhdudluğu, məktəbdən yayınma halları da erkən hamiləlik riskini artırır. Media və sosial şəbəkələrin təsiri də nəzərə alınmalıdır. Yeniyetmələr bəzən münasibətlər və cinsin münasibətlər haqqında yanlış və ya natamam məlumatlar əldə edirlər ki, bu da riskli davranışlara səbəb olur.

Ailə mühiti və valideyn nəzarətinin rolu yeniyetmələrin həyatında mühüm rol oynayır. Ailə bu problemin həm yaranmasında, həm də qarşısının alınmasında həlledici rol oynayır. Sağlam ünsiyyətin olmadığı, nəzarətin ya həddindən artıq sərt, ya da tamamilə zəif olduğu ailələrdə risk daha yüksək olur. Valideynlərin övladları ilə açıq və güvənə əsaslanan münasibət qurması son dərəcə vacibdir. Qız uşaqları öz problemlərini və suallarını valideynləri ilə rahat bölüşə bilmədikdə, məlumatı qeyri-rəsmi və bəzən təhlükəli mənbələrdən əldə edirlər. Bu isə yanlış qərarların verilməsinə gətirib çıxarır. Digər tərəfdən, valideyn laqeydliyi və ya sosial nəzarətin zəifliyi də erkən münasibətlərə və nəticədə erkən hamiləliyə zəmin yaradır. Bu baxımdan ailə mühiti birbaşa müəyyənedici faktordur. Maarifləndirmə vacibdir, lakin təkbaşına kifayət deyil. Məktəblərdə reproduktiv sağlamlıq və həyat bacarıqları ilə bağlı düzgün və yaşa uyğun tədris proqramlarının tətbiqi mühüm addımdır. Lakin bu, yalnız məlumat verməklə məhdudlaşmamalıdır. Daha sistemli yanaşma tələb olunur. Risk qrupları ilə fərdi işin aparılması da mühüm əhəmiyyət kəsb edir. Valideynlər üçün maarifləndirici proqramlar hazırlanaraq tətbiqinə ehtiyac var. Erkən nikahların qarşısının alınması üçün hüquqi nəzarət gücləndirilməlidir. Bu tədbirlər kompleks şəkildə həyata keçirilmədikcə problemin köklü həlli çətin olacaq.

Erkən yaşda ana olan qızlar bir sıra ciddi çətinliklərlə üzləşirlər. İlk növbədə təhsil yarımçıq qalır ki, bu da gələcək karyera imkanlarını ciddi şəkildə məhdudlaşdırır. Nəticədə iqtisadi asılılıq artır və yoxsulluq riski yüksəlir. Psixoloji baxımdan da erkən analıq ağır yükdür. Yeniyetmə yaşda həm ana, həm də həyat yoldaşı rolunu daşımaq emosional gərginlik yaradır. Bu isə ailədaxili problemlərə, hətta boşanmalara səbəb olur. Cəmiyyətə inteqrasiya da çətinləşir. Erkən ana olan qızlar bəzən sosial damğalanma ilə üzləşir, ictimai həyatda aktiv iştirak imkanları məhdudlaşır. Onların yenidən təhsilə qayıtması və ya peşə qazanması üçün xüsusi dəstək mexanizmlərinə ehtiyac var. Erkən yaşda ana olma problemi çoxşaxəli və həssas bir məsələdir. Onun həlli üçün yalnız fərdləri deyil, ailələri, təhsil sistemini, sosial institutları və dövlət siyasətini əhatə edən kompleks yanaşma tələb olunur. Qızların təhsildə qalması, ailədaxili sağlam münasibətlərin qurulması və cəmiyyətin bu məsələyə daha həssas yanaşması erkən analığın qarşısının alınmasında əsas açar rolunu oynayır. Bu istiqamətdə atılan hər bir addım həm fərdlərin, həm də cəmiyyətin gələcəyinə yatırılan sərmayədir".

Məsələnin psixoloji tərəflərini də anlamaq üçün mövzu ilə bağlı psixoloq İlahə Nəbiyeva da Olaylar.az-a açıqlama verib:

" İlk olaraq onu deyim ki, mövzu kifayət qədər həssasdır və mən bu məsələyə yetkinlik yaşına çatmamış ana və yeni doğulmuş uşaq mövqeyindən yanaşaraq fikirlərimi bildirməyə çalışacağam. Çünki burada müəyyən qədər damğalanma anlayışı formalaşa bilər. Bu baxımdan psixoloji cəhətdən ehtiyatlı yanaşılması vacib olan bir mövzudur.

Təbii ki, heç birimiz belə halların olmasını istəmərik. Amma təəssüf ki, cəmiyyətdə bu kimi hallar baş verir. Bu, bəzən yeniyetmənin hansısa bir zorakılığın qurbanı olması, bəzən isə etdiyi bir səhvin nəticəsi kimi ortaya çıxa bilər. Bundan sonrakı mərhələdə isə daha ehtiyatlı davranmaq lazımdır.

Psixoloji baxımdan qeyd etmək istərdim ki, yeniyetmə zahirən nə qədər yetkin görünsə belə, onun sosial statusu hələ də uşaqdır. Məsələn, biz 15 yaşlı birindən danışırıqsa, o hələ də sosial baxımdan uşaq hesab olunur və bu status təsadüfi deyil. Psixoloji cəhətdən o, tam formalaşmış fərd sayılmır. Çünki emosional tənzimləmə, planlama kimi bacarıqlar hələ inkişaf mərhələsində olur. Bu isə ön beynin inkişafı ilə əlaqəlidir. Bu vəziyyət bir çox problemlərə səbəb ola bilər. Həm analıq baxımından, həm də şəxsiyyətin inkişafı baxımından çətinliklər yaradır. Məsələyə real bir nümunə üzərindən baxsaq, 15 yaşında ana olmaq həmin uşağı məcburi şəkildə "böyüdür". O artıq yaşıdlarına uyğun davranmaq əvəzinə, üzərinə qoyulmuş məsuliyyətlər səbəbilə daha yetkin kimi davranmağa məcbur olur və cəmiyyət də ondan bunu tələb edir.

Belə hallarda yeniyetmə ilk olaraq şok və inkar mərhələsindən keçir. Əgər hamiləlik dövründə bunu dərk edibsə, bu mərhələ daha aydın müşahidə olunur. Şok və inkar o deməkdir ki, o, baş verənləri qəbul edə bilmir və reallığı inkar etməyə başlayır. Bu isə onun reallıqla əlaqəsini zəiflədir. Daha sonra bədən alğısında dəyişikliklər baş verir, özünə qarşı nifrət hissi formalaşa bilər. Bununla yanaşı, "insanlar mənim haqqımda nə deyər?" düşüncəsi ilə bağlı güclü bir damğalanma qorxusu yaranır. Bəzən valideynlər də bunu uşağın üzərinə yükləyir və vəziyyət daha da ağırlaşır.

Burada diqqət yetirməli olduğumuz əsas məqam ondan ibarətdir ki, yeniyetmə artıq müxtəlif rollar içindədir-övladdır, şagirddir və s. Amma qəfil şəkildə onun üzərinə yaşına uyğun olmayan analıq rolu düşür. Bu isə çox böyük məsuliyyət tələb edən bir roldur və psixoloji çətinliklərin yaranması qaçılmazdır. Məsələn, bu halda doğumsonrası depressiya- postpartum depressiya riski xeyli yüksək olur. Kiçik yaşda ana olanlarda bu risk daha çox müşahidə edilir. Bundan əlavə, peşmanlıq, günahkarlıq hissi yarana bilər. Sosial təcrid də tez-tez rast gəlinən hallardandır. Çünki yeniyetmə damğalanmaqdan qorxur və ya artıq həyatına uyğun olmayan məsuliyyətlər səbəbilə sosial mühitdən uzaqlaşır. Bu isə xroniki stressə gətirib çıxarır. Davamlı gərginlik və məsuliyyət hissi gələcəkdə daha ciddi psixoloji problemlərə səbəb ola bilər. Bu mərhələdə ailənin, yaxınların və ümumilikdə ətraf mühitin rolu çox böyükdür. Gənc anaya özünə zaman ayırmaq üçün şərait yaradılmalı, onun duyğuları başa düşülməlidir. Çünki artıq burada həm ananın, həm də yeni doğulmuş uşağın psixologiyası nəzərə alınmalıdır. 

Ailə tənqid, təhdid və gizlətmə mövqeyindən çıxmalı, qoruyucu mövqeyə keçməlidir. Gənc ana və uşaq qorunmalıdır. Eyni zamanda ailə onların hüquqlarını və psixoloji vəziyyətlərini anlamalıdır ki, gələcəkdə uşaq əlavə sosial çətinliklərlə qarşılaşmasın.

Ən vacib məsələlərdən biri psixoterapiyaya yönləndirmədir. Çünki müxtəlif sahələrdə problemlər yarana bilər və peşəkar dəstək çox önəmlidir. Hətta ailə üzvlərinin də psixoloji maarifləndirilmədən keçməsi faydalı olar. Bu, onların necə davranmalı olduqlarını anlamalarına kömək edər. Gənc ana da maarifləndirilməlidir: onu bundan sonra nə gözləyir, uşağa necə baxmalıdır, həyatını necə balanslaşdırmalıdır- bütün bunlar izah edilməlidir. Eyni zamanda hüquqları haqqında məlumatlandırılmalıdır.

Bundan əlavə, sosial müdafiə mexanizmləri də işə düşməlidir- həm ailə, həm də cəmiyyət tərəfindən dəstək göstərilməlidir. Bütün bu məsələlər kompleks şəkildə yanaşıldıqda vəziyyəti daha düzgün və nəzarətli şəkildə idarə etmək mümkündür. Çünki artıq əsas məqsəd mövcud şəraitdə ən yaxşı nəticəni əldə etməkdir. Bu prosesdə əsas diqqət yetirilməli məqamlar bunlardır: gənc ananın psixoloji vəziyyəti, yeni doğulmuş uşağın psixoloji inkişafı və onların böyüdüyü ailənin psixoloji iqlimidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31