Yumşaldılmış sanksiyalar və ABŞ-nin tərəddüdü: Ukrayna üçün real mənzərə nədir? – ÖZƏL

Avropa İttifaqı səfirləri Ukraynaya 90 milyard avro məbləğində kreditin ayrılmasını və Rusiyaya qarşı 20-cı sanksiya paketini təsdiqləyib. "Drujba" kəməri vasitəsilə Rusiya neftinin nəqlinin bərpa olunmasından sonra Macarıstan və Slovakiya öz vetolarını geri götürüblər. Aprelin 22-də verilən açıqlamaya görə, regiona neft axını başlayan kimi qərar rəsmən qüvvəyə minəcək. 

"Qeyd etdiyiniz kimi, həm 90 milyardlıq maliyyə paketinin ayrılması, həm də Avropa İttifaqı tərəfindən 20-ci sanksiya paketinin təsdiqlənməsi baş verib. Bu prosesdə xüsusilə Macarıstan və Slovakiya veto hüquqlarından geri çəkildilər. Hər iki dövlət əvvəlcədən bildirmişdi ki, "Drujba" neft kəməri yenidən işlək vəziyyətə gətiriləcəyi təqdirdə bu addımı atacaqlar. Onlar bunu belə əsaslandırırdılar ki, Ukrayna tərəfi bilərəkdən həmin kəmərdə təmir işləri aparmır və Rusiyadan gələn neft axınını məhdudlaşdırmaqla Macarıstana təzyiq göstərir. Volodimir Zelenski tərəfindən bu kəmərin açılmasından və Rusiyadan neft axınının bərpasından sonra, təbii ki, bu ölkələr veto hüququndan geri çəkildilər".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib. Siyasi şərhçi bildirib ki, digər məsələ isə ayrılan 90 milyardlıq vəsaitdir. Bu məbləğin Ukraynanın bütün problemlərini həll edəcəyi gözlənilmir. Bildiyimizə görə, bunun təxminən 60 milyardı hərbi xərclərə, 30 milyardı isə sosial problemlərin həllinə yönəldiləcək. Vəsaitin Ukraynaya verilməsi isə mayın 11-dən sonra nəzərdə tutulur. Hesab etmirəm ki, bu maliyyə paketi və ya yeni sanksiyalar qısa müddətdə ciddi dəyişikliklərə səbəb olacaq. Çünki sanksiyalarda da əhəmiyyətli dərəcədə sərtləşmə müşahidə olunmur. Əvvəlki müzakirələrdə Rusiyanın neft və qazına, o cümlədən tanker daşımalarına tam qadağa nəzərdə tutulurdu. Lakin enerji daşıyıcılarının qiymətlərinin artması və qlobal bazarda müəyyən qıtlıq səbəbindən bu məhdudiyyətlər yumşaldıldı və bəzi istiqamətlər sanksiyalardan çıxarıldı. Yəni əsas hədəf olan Rusiya nefti və qazı tam şəkildə sanksiyalara daxil edilməyib. Bu səbəbdən də bu addımların ciddi təsir göstərəcəyinə və ya Ukraynanın hərbi-siyasi baxımdan üstünlük qazanacağına inam böyük deyil.

"Digər mühüm məqam isə Amerika Birləşmiş Ştatlarının mövqeyidir. Çünki Ukraynaya əsas silah tədarükçüsü məhz ABŞ olub. Hazırda isə bu silahların böyük hissəsi artıq ödəniş əsasında təqdim edilir. Ayrılan 60 milyardın da əsas hissəsinin yenidən ABŞ-dən alınacaq silahlara yönələcəyi ehtimal olunur. Lakin burada da müəyyən məhdudiyyətlər var. Məsələn, Patriot hava hücumundan müdafiə sistemi kimi vacib sistemlərin verilməsi məsələsində tərəddüdlər mövcuddur. Bunun səbəbi isə ABŞ-nin öz ehtiyacları və digər regional gərginliklərdir. Son dövrlərdə bu silahların bir hissəsi Yaxın Şərqdə istifadə olunub və ABŞ bu səbəbdən öz ehtiyatlarını qorumağa çalışır. Hətta Pentaqon da bir neçə dəfə bəyan edib ki, hazırda prioritet ABŞ-nin öz təhlükəsizlik ehtiyaclarıdır və bəzi strateji silahlar ilkin mərhələdə daxili ehtiyaclar üçün istehsal ediləcək. Bu baxımdan düşünürəm ki, yaxın perspektivdə bu qərarlar müharibənin gedişində kəskin dönüş yaratmayacaq. Ukrayna hazırda da müqavimət göstərir və görünən odur ki, bu müqavimət hələlik mövcud şərtlər daxilində davam edəcək", - deyə ekspert vurğulayıb.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31