Nikahda şəffaflıq və şəxsi həyat: sərhəd harada başlayır?

Ailə-cəmiyyətin ən kiçik, amma ən dayanıqlı sütunu kimi qəbul olunur. Hər bir toplumun gücü, sabitliyi və gələcək inkişafı məhz ailə institutunun sağlamlığı ilə birbaşa bağlıdır. Çünki insan ilk dəyərləri, ilk etibarı və ilk məsuliyyət anlayışını məhz ailə daxilində formalaşdırır. Bu baxımdan ailə yalnız iki insanın birliyi deyil, həm də sosial bir sistem, mənəvi bir məktəb və cəmiyyətin davamlılığını təmin edən əsas mexanizmdir.

Məncə, müasir dövrdə ailə anlayışı təkcə ənənəvi çərçivədə deyil, həm də sosial, psixoloji və hüquqi baxımdan daha kompleks şəkildə dəyərləndirilməlidir. Artan sosial problemlər, dəyişən həyat tərzi və insan davranışlarında müşahidə olunan yeni tendensiyalar ailə institutunun da müəyyən çağırışlarla üz-üzə qalmasına səbəb olur. Bu çağırışlar isə bəzən tərəflər arasında güvənin zəifləməsi, bəzən isə gələcəkdə daha dərin sosial problemlərin yaranması ilə nəticələnir. ailə institutunun gücü yalnız sevgi və emosional bağlılıqla deyil, həm də qarşılıqlı etibar və şəffaflıqla ölçülür. Güvən olmayan yerdə nə münasibət uzunömürlü olur, nə də ailə sabit qala bilir. Elə bu kontekstdə son dövrlərdə nikah prosesinə dair irəli sürülən yeni yanaşmalar da diqqət çəkir. Azərbaycanda evlənmək istəyən şəxslər üçün nikah mərhələsində narkoloji arayışın təqdim olunması ilə bağlı müzakirələr gündəmə gəlib. Bu təşəbbüsün əsas məqsədi ailənin daha sağlam təməllər üzərində qurulması, tərəflər arasında etibar mühitinin gücləndirilməsi və gələcəkdə yarana biləcək sosial-psixoloji risklərin minimuma endirilməsidir.

Burada əsas sual isə dəyişmir: ailənin möhkəmliyi yalnız hüquqi prosedurlarla təmin oluna bilərmi, yoxsa bu, daha çox mənəvi məsuliyyət və fərdi dəyərlərlə bağlı bir məsələdir? Məhz bu məqamda mütəxəssis rəyləri və cəmiyyətin baxış bucağı mövzunu daha da aktuallaşdırır.

Mövzu ilə bağlı tibb elmləri doktoru psixiatr, narkoloq Araz Əliquliyev mövzu ilə bağlı Olaylar.az-a açıqlama verib:

" Birinci, "Narkotik xidmət və nəzarət haqqında" qanunda kimlərin məcburi tibbi müayinədən keçməli olduğu, hansı vəzifə və fəaliyyət sahiblərinin bu yoxlamalara cəlb edildiyi konkret göstərilib. Buraya əsasən hüquq-mühafizə orqanlarında çalışanlar, silahla işləyən şəxslər, sürücülər, dövlət qulluqçuları və s. daxildir. Yəni həmin sahələrdə işləmək istəyən və ya artıq işləyən şəxslər müəyyən dövrlərdə müayinədən keçməlidirlər. Burada söhbət arayışdan yox, məhz tibbi müayinədən gedir.

Digər tərəfdən, "Əhalinin sağlamlığının qorunması haqqında" qanuna görə hər bir insanın sağlamlığı ilə bağlı məlumat onun şəxsidir və onun razılığı olmadan üçüncü şəxslərə verilə bilməz. Yalnız istisna hallarda- hüquq-mühafizə, istintaq və məhkəmə orqanlarının sorğusu əsasında bu məlumat açıqlana bilər. Bu da məsələnin hüquqi tərəfidir.

Arayışın verilməsi isə məsələni həll etmir. Tədqiqatlar və tibbi təcrübə göstərir ki, qeydiyyatda olan şəxslərin sayı real istifadəçilərin sayından qat-qat azdır. Yəni gizli istifadəçilərin sayı daha çoxdur. Bu baxımdan arayış effektiv mexanizm deyil. Digər məsələ: şəxs vaxtilə asılılıqdan əziyyət çəkib, müalicə olunub və hazırda normal həyat yaşayır. Amma qeydiyyatda olduğu üçün ona mənfi arayış verilə bilər. Bu isə arayış sisteminin başqa bir problemli tərəfidir. Test məsələsinə gəldikdə isə, testlər əsasən keyfiyyət və kəmiyyət xarakterlidir. Keyfiyyət, yəni bioloji mühitdə (sidik, qan və s.) maddənin olub-olmamasını göstərir. Ən çox istifadə olunan üsul sidik analizidir. Amma sidikdə maddələrin qalma müddəti çox qısadır, adətən bir neçə günlə məhdudlaşır. Üstəlik, analizdə hansısa maddənin çıxması o demək deyil ki, şəxs mütəmadi istifadəçisidir və ya asılıdır. Sadəcə həmin anda və ya yaxın zamanda maddə orqanizmə daxil olub. Bundan başqa, nikaha girəcək şəxslər əvvəlcədən müayinədən keçəcəklərini bildikləri üçün bu testlərin nəticələrini "təmiz" göstərmək də mümkündür. Bu da mexanizmin effektivliyini azaldır.

Ən vacib məqamlardan biri odur ki, test xəstəliyi müəyyən etmir. Bunun üçün şəxs tibbi müayinədən, həkim nəzarətindən keçməli, bəzən stasionar şəraitdə müşahidə olunmalıdır. Kəmiyyət baxımından aparılan daha dəqiq laborator analizlər isə bahalıdır və geniş tətbiqi çətindir. Məsələn, saç, dırnaq kimi bioloji materiallar üzərində aparılan testlər yüzlərlə manat təşkil edir və bu cür avadanlıqların geniş yayılması da problematikdir. Digər tərəfdən, tibbdə "narkomaniya" anlayışı yoxdur, daha çox "asılılıq" anlayışı istifadə olunur. Bu, yalnız narkotik maddələrlə məhdudlaşmır. Ümumiyyətlə, asılılıq insanın sosial həyatına, davranışına, fəaliyyətinə mənfi təsir edən, təkrarlanan davranış formasıdır. Buraya bir dənə kimyəvi maddələrdən əlavə , qeyri-kimyəvi asılılqlarda daxildir. Bu halda sual yaranır: əgər məsələ asılılıqdırsa, içkidən asılı olanı necə yoxlamaq olar? Ailənin qrurulmasında bunun nə rolu var? Digər vasitələr var ki, onlarda asılılıq yaradır. Buraya qumar, mərc oyunları, sosial şəbəkə, kompüter, iş və digər davranış asılılıqları daxildir. 140 növ asılılıq vardır. Onlar hər biri insanın sosial, maddi və mənəvi durumunu pis vəziyyətə salır. Təkcə narkotik yox, bəs digər asılılıqları biz necə və hansı dərəcədə yoxlayacağıq? Nikaha girən insanlara bunlara görə qadağa tətbiq edəcəyik? Digər vacib məqam isə günahsızlıq prezumpsiyasıdır. Əgər hansısa testdə maddə aşkar olunursa, bu şəxsi avtomatik olaraq "narkoman" kimi qiymətləndirmək nə dərəcədə doğrudur? Nəticə etibarilə, bu yanaşma həm hüquqi, həm tibbi, həm də praktik baxımdan effektiv hesab oluna bilməz. Beynəlxalq təcrübədə də bu formada tətbiq geniş yayılmayıb. Asılılıqlarla mübarizə daha çox profilaktika, erkən aşkarlama və sosial tədbirlər çərçivəsində aparılmalıdır. Bu məsələni nikah proseduruna daxil etmək isə məqsədəuyğun görünmür".

Nikah zamanı narkoloji arayışın tələb olunması mövcud qanunvericiliyə nə dərəcədə uyğundur? Bu cür tibbi məlumatların tələb edilməsi şəxsi həyatın toxunulmazlığı hüququ ilə ziddiyyət təşkil edə bilərmi?

Mövzu ilə bağlı hüquqşünas Vamiq Şükürov Olaylar.az-a açıqlama verib:

" Qanuna görə nikaha daxil olarkən narkoloji arayışın təqdim olunması barədə hər hansı bir müddəa yoxdur. Əgər belə bir müddəa daxil olarsa, burada sirrin pozuması yalnız o halda baş verə bilər ki, həmin məlumatlar ictimaiyyətə açıqlansın. Bu məlumatlar yalnız nikaha daxil olmaq istəyən şəxslərə və nikahın qeydiyyatını aparan qeydiyyat orqanına aiddir.

Narkoloji dispanserdə müayinə olunan şəxsin orqanizmində narkotik maddə aşkar edilərsə, bu halda evlənməkdən imtina etmək qərarı da həmin şəxsin özünə aiddir. Eyni zamanda, bu məlumatı qarşı tərəfə təqdim edib-etməmək də onun seçimidir. Yəni bu informasiya birbaşa olaraq digər tərəfə məcburi şəkildə ötürülən məlumat deyil və şəxsin özünə məxsus tibbi məlumat hesab olunur.

Hazırkı qanunvericiliyə əsasən, nikaha daxil olmaq istəyən şəxslər yalnız aşağıdakı xəstəliklər üzrə tibbi müayinədən keçməlidirlər:

1. Hemoqlobinopatiyalar:

böyük beta-talassemiya

aralıq beta-talassemiya

drepanotalassemiya

oraqvari hüceyrəli anemiya

2. İİV/QİÇS

3. Sifilis

Yalnız bu xəstəliklər üzrə müayinə tələb olunur".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31