Fransanın Ermənistanın xətti: Sülhə dəstək,yoxsa yeni risk? - ÖZƏL
18:33 SiyasətFransanın Ermənistan xətti: Sülhə dəstək, yoxsa yeni risk?-ÖZƏL
Emmanuel Makron mayın əvvəlində Ermənistana səfər edəcək. Ermənistan XİN müavini Vaan Kostanyan bildirib ki, səfər zamanı təhsil, hərbi-texniki əməkdaşlıq və süni intellekt sahələrini əhatə edən strateji tərəfdaşlıq sənədləri imzalanacaq.
Səfər Nikol Paşinyan ilə görüş fonunda, mayın 5-də İrəvanda keçiriləcək Aİ və Avropa Siyasi Birliyi sammitləri ilə eyni vaxta təsadüf edir. Son vaxtlar Avropa İttifaqının bəzi üzv dövlətlərinin Bakı və İrəvan arasında davam edən sülh prosesini pozmağa yönəlik fəaliyyəti fonunda Fransanın Ermənistan siyasətindəki dinamika diqqət çəkir.
Makronun bu səfərinin əsas geosiyasi məqsədi nədir? Bu addım Bakı-İrəvan sülh prosesinə risk yaradırmı?
Mövzu ilə bağlı politoloq Turab Rzayev Olaylar.az-a açıqlama verib:
" Avropa İttifaqı ölkələri ABŞ-la münasibətlərin pozulması fonunda öz nüfuz dairələrini yaratmağa çalışırlar və nəzərə alsaq ki, Fransanın öz prioritetlərini müəyyən etdiyi 5 istiqamət var. Bunlar, deyək ki, Aralıq dənizi, Afrika, Qafqaz regionu və yaxın Şərq ərazilərdir. Və burada öz təsirini artırmağa çalışır, biz bunu bilirik. Xüsusilə bu məsələdə Ermənistan xüsusi rol oynayır ki, həm Fransa İranla münasibətləri davam etdirir, həm də Cənubi Qafqazda möhkəmlənmə və oradan Mərkəzi Asiyaya çıxış əldə etməyə çalışır. Ona görə də , Fransanın bu davranışı təsadüfi deyil.
Xüsusilə burada biz nəzərə alsaq ki, süni intellektlə bağlı məsələlər və hərbi texnika məsələləri əhatə olunur, yəni bu sahələr strateji sahələrdir. Bütün bunlar da Ermənistanın döyüş qabiliyyətini artırmağa yönəlmiş addımlardır. Məsələn, ordular üçün təlimlər keçiriləcək, hərbi texnika baxımından inkişaf təmin olunacaq və süni intellekt bu qabiliyyəti necə artırır-bu məsələlər üzərində işlənəcək.
Həmçinin, bir çox ölkələrdə, xüsusilə Fransaya yaxın ölkələrdə bu tip açıqlamalar daha çox verilir. Çünki onlar Fransanın təsir dairəsindədir və Fransanın xarici siyasətinə uyğun davranırlar. Məsələn, bunlar adətən Hollandiya, Belçika, İspaniya, Monako, İsveçrə kimi ölkələrdir. Bunlar Fransanın təsir dairəsində olan ölkələrdir və biz onların tez-tez Fransanın xarici siyasətinə uyğun açıqlamalar verdiyini görürük".
Zeynəb Mustafazadə