Məktəblərdə şiddət artır: Virtual oyunlar, yoxsa sistemli boşluqlar?

Vüsalə Əmiraslanova: "Öldürmək uşaqlar üçün adi bir işə çevrilir"

Son illərdə uşaqlar və yeniyetmələr arasında zorakılıq hallarının artması yalnız ayrı-ayrı hadisələrin statistikası kimi deyil, cəmiyyətin dərin qatlarında baş verən dəyişikliklərin siqnalı kimi qiymətləndirilməlidir. Ən həssas və formalaşma dövrünü yaşayan fərdlərin davranışlarında aqressiyanın artması, məktəb kimi təhlükəsiz hesab edilən mühitlərdə belə ağır hadisələrin baş verməsi artıq təsadüfi deyil, sistemli problemlərin nəticəsi kimi ortaya çıxır. Türkiyənin müxtəlif bölgələrində - Şanlıurfa və Kahramanmaraşda qeydə alınan məktəb hücumları, eləcə də Azərbaycanda şagirdin öz sinif yoldaşına qarşı törətdiyi qəddar zorakılıq faktı bu tendensiyanın nə qədər təhlükəli həddə çatdığını açıq şəkildə nümayiş etdirir. Bu cür hadisələr baş verən kimi ictimai müzakirələrdə tez-tez konkret bir səbəb ön plana çəkilir. Son dövrlərdə xüsusilə şiddət tərkibli video oyunlar (PUBG), o cümlədən gənclər arasında geniş yayılmış rəqəmsal əyləncə vasitələri günahlandırılır. Doğrudur, aqressiv məzmunun davamlı şəkildə izlənilməsi və ya interaktiv formada yaşanması uşaqların emosional reaksiyalarına təsir göstərə bilər. Lakin məsələyə yalnız bu prizmadan yanaşmaq, problemi sadələşdirmək və əsas səbəbləri kölgədə qoymaq deməkdir. Çünki psixoloqların və sosial tədqiqatçıların da vurğuladığı kimi, zorakılıq davranışı adətən bir deyil, bir neçə amilin üst-üstə düşməsi nəticəsində formalaşır. Ailə mühiti bu amillər arasında xüsusi yer tutur. Valideyn nəzarətinin zəifləməsi, uşaqlarla keyfiyyətli ünsiyyətin azalması, emosional dəstəyin çatışmazlığı və ya ailədaxili konfliktlər uşaqlarda aqressiyanın formalaşmasına zəmin yarada bilər. Eyni zamanda, sosial mühit - məktəbdəki münasibətlər, bullinq halları, müəllim-şagird əlaqələrinin keyfiyyəti də uşağın psixoloji vəziyyətinə birbaşa təsir edir. Özünü təcrid olunmuş, dəyərsiz və ya təzyiq altında hiss edən yeniyetmələr bəzən bu gərginliyi zorakılıq yolu ilə ifadə etməyə meylli olurlar. Digər tərəfdən, rəqəmsal dövrün gətirdiyi reallıqlar da nəzərə alınmalıdır. Uşaqların internetə və müxtəlif platformalara erkən yaşdan nəzarətsiz çıxışı onların fərqli məzmunlarla qarşılaşmasına səbəb olur. Bu məzmunların bir hissəsi zorakılığı normallaşdıran, hətta onu qəhrəmanlıq kimi təqdim edən elementlərdən ibarət ola bilər. Uzun müddət bu cür təsirlərə məruz qalmaq isə real həyatla virtual aləm arasındakı sərhədlərin zəifləməsinə gətirib çıxara bilər.
Bütün bunlarla yanaşı, cəmiyyətin ümumi psixoloji fonu da diqqətdən kənarda qalmamalıdır. Sosial gərginlik, iqtisadi çətinliklər, gələcəklə bağlı qeyri-müəyyənlik kimi faktorlar həm valideynlərə, həm də dolayısı ilə uşaqlara təsir edir. Nəticədə, aqressiya yalnız fərdi problem kimi deyil, daha geniş sosial kontekstin məhsulu kimi ortaya çıxır. Məhz bu səbəbdən, məktəblərdə və ümumilikdə yeniyetmələr arasında zorakılıq hallarının artmasını izah edərkən tək bir günahkar axtarmaq əvəzinə, kompleks yanaşma sərgiləmək vacibdir. Problemə həm psixoloji, həm sosial, həm də texnoloji aspektlərdən baxılmalı, valideynlər, müəllimlər və aidiyyəti qurumlar arasında koordinasiyalı fəaliyyət qurulmalıdır. Əks halda, bu gün ayrı-ayrı hadisələr kimi görünən faktlar sabah daha geniş və idarəolunmaz bir təhlükəyə çevrilə bilər.

Mövzu ilə bağlı Olaylar.az-a danışan Ahəng PRİM rəhbəri, Ahəng İB sədri, psixoloq Vüsalə Əmiraslanova bildirib ki, PUBG oyununun fəsadları ilə bağlı artıq illərdir psixoloqlar tərəfindən tədqiqatlar aparılır. Oyundakı aqressiya, ölüm səhnələri və qarşı tərəfi asanlıqla "aradan götürmək" kimi elementlər uşaqlarda bu davranışların real həyatda da sadə və nəticəsiz olduğu təəssüratını yarada bilir. Halbuki, bu, virtual mühitdir və reallıqdan tamamilə fərqlənir. Təəssüf ki, bəzi hallarda uşaqlar oyunda gördüklərini real həyata tətbiq etməyə çalışırlar. Çünki onlar üçün silahdan istifadə etmək və kiməsə zərər vermək sanki asan və "adi" bir davranış kimi görünür. Xüsusilə inkişaf mərhələsində olan uşaqlar və yeniyetmələr üçün virtual mühitlə real həyat arasındakı sərhədləri ayırd etmək hər zaman asan olmur. Uşağın psixikası hələ tam formalaşmadığı üçün o, gördüyü davranışları tez mənimsəyə və təqlid etməyə meyilli olur. Bu baxımdan, uzun müddət aqressiv məzmunlu oyunlara məruz qalmaq uşağın emosional dünyasına birbaşa təsir göstərir. O, zamanla zorakılığı normal qəbul etməyə, problemləri dialoqla deyil, güc yolu ilə həll etməyə meyil göstərə bilər.

Psixoloq qeyd edib ki, son dövrlərdə baş verən hadisələr göstərir ki, yalnız PUBG deyil, ümumilikdə aqressiya yaradan internet oyunları uşaqlarda mənfi xüsusiyyətlərin formalaşmasına səbəb ola bilir. Bu xüsusiyyətlər - aqressivlik, davranış pozuntuları və emosional qeyri-sabitlik - sonradan cəmiyyətdə də öz mənfi təsirini göstərir. Uşaqlar arasında empati hissinin zəifləməsi, başqasının ağrısını anlama qabiliyyətinin azalması, səbrsizlik və impulsiv davranışların artması kimi hallar da bu təsirlərin nəticəsi kimi qiymətləndirilir. Bundan əlavə, belə oyunların yaratdığı rəqabət mühiti də uşaqlarda əlavə psixoloji gərginlik yaradır. Davamlı olaraq "qalib gəlmək", "digərlərini məğlub etmək" istəyi uşağın düşüncə tərzinə təsir edir və onu daha aqressiv, daha dözümsüz edir. Uduzmaq isə bəzi uşaqlarda ciddi emosional reaksiyalar - qəzəb, stress, hətta özünəqapanma kimi hallar doğura bilir. Bu da uşağın sosial münasibətlərinə mənfi təsir göstərir, onu həmyaşıdları ilə sağlam ünsiyyət qurmaqdan uzaqlaşdırır.

"Azərbaycanda məktəblərdə baş verən bəzi şiddət hadisələrinin səbəblərindən biri də bullinqə məruz qalan uşaqların zamanla aqressivləşməsidir. Aylarla, hətta illərlə içində yaşadığı sıxıntını ifadə edə bilməyən, susmağa üstünlük verən uşaqlar bir müddət sonra daxilində yığılan gərginliyi partlayış nöqtəsinə çatdırır və qarşı tərəfə zərər vermək üçün plan qurmağa başlayır. Bu isə artıq ciddi psixoloji problemlərin göstəricisidir. Belə hallarda uşaq özünü müdafiə etmək üçün yanlış yollar seçir və zorakılığı çıxış yolu kimi görür. Bullinq və aqressiv oyunların təsiri bəzən bir-birini daha da gücləndirir. Bullinqə məruz qalan uşaq virtual oyunlarda özünü "güclü" hiss etməyə başlayır və bu hissi real həyata da daşımaq istəyir. Nəticədə, daxilində yığılan qəzəb və narazılıq aqressiv davranışlara çevrilir. Bu isə həm həmin uşağın, həm də ətrafındakı insanların təhlükəsizliyi üçün ciddi risk yaradır. Hər iki halda - istər oyunların təsiri, istərsə də bullinq nəticəsində yaranan davranışlar - sağlam psixoloji vəziyyətdən söhbət gedə bilməz. Uşaqlar oyundakı davranışları real həyata tətbiq edirlərsə, bu, onların psixi durumunda müəyyən problemlərin - depressiya, aqressiya və ya asosiallıq kimi hallarının - mövcudluğundan xəbər verir. Bu problemlər vaxtında aşkarlanmadıqda və müdaxilə olunmadıqda daha da dərinləşə və uzunmüddətli nəticələrə səbəb ola bilər", - deyə mütəxəssis vurğulayıb.

V. Əmiraslanova əlavə edib ki, valideyn amili də bu məsələdə xüsusi əhəmiyyət daşıyır. Bir çox hallarda valideynlər uşaqlarının hansı oyunları oynadığından, internetdə nə ilə məşğul olduğundan tam xəbərdar olmur. Nəzarətsiz və uzunmüddətli oyun istifadəsi isə riskləri daha da artırır. Uşaqların gündəlik həyatında balansın qorunması - dərs, istirahət, fiziki fəaliyyət və sosial ünsiyyət arasında düzgün bölgünün aparılması - onların sağlam inkişafı üçün vacibdir. Bu baxımdan, aqressiya yaradan oyunların məhdudlaşdırılması müsbət addım ola bilər. Lakin məsələ yalnız qadağalarla həll olunmur. Eyni zamanda, yaranan boşluğu doldurmaq üçün uşaqların diqqətini daha faydalı və inkişaf etdirici proqramlara yönəltmək vacibdir. Maarifləndirici oyunlar, yaradıcı fəaliyyətlər, idman və incəsənət sahələri uşaqların enerjisini daha sağlam istiqamətə yönəldə bilər.

Psixoloqun sözlərinə görə, məktəblərdə isə bu mövzuda yalnız ümumi psixoloji maarifləndirmə ilə kifayətlənmək olmaz. Şagirdlərlə qrup şəklində işlər aparılmalı, fərdi görüşlərin sayı artırılmalı, onların emosional vəziyyəti yaxından izlənilməlidir. Məktəb psixoloqlarının rolu gücləndirilməli, müəllimlər bullinq hallarını vaxtında aşkar edib qarşısını almaq üçün xüsusi təlimlərdən keçməlidir. Eyni zamanda, şagirdlər arasında qarşılıqlı hörmət, empati və sağlam ünsiyyət bacarıqları formalaşdırılmalıdır. Cəmiyyət səviyyəsində də bu məsələyə kompleks yanaşma tələb olunur. Media, təhsil sistemi və ailə institutları birlikdə fəaliyyət göstərərək uşaqların psixoloji sağlamlığını qorumağa yönəlmiş strategiyalar hazırlamalıdır. Uşaqların həm virtual, həm də real mühitdə təhlükəsiz və sağlam şəkildə inkişaf etməsi üçün bu sahədə davamlı və məqsədyönlü addımlar atılmalıdır. PUBG kimi aqressiv məzmunlu oyunların təsiri təkcə əyləncə çərçivəsində qiymətləndirilməməlidir. Bu oyunların uşaqların psixologiyasına və davranışlarına təsiri ciddi şəkildə nəzərə alınmalı, risklər vaxtında dəyərləndirilməlidir. Uşaqların sağlam düşüncəli, empati qurma bacarığı yüksək və sosial baxımdan uyğun fərdlər kimi formalaşması üçün həm ailə, həm məktəb, həm də cəmiyyət olaraq məsuliyyətli yanaşma sərgiləmək zəruridir.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31