Təcili tibbi yardımla bağlı yalan çağırış edənlərə cərimə təklif olunur

Milli Məclisdə təcili tibbi yardımla bağlı yalan çağırış edənlərə qarşı cərimələrin artırılması təklif olunub. Olaylar xəbər verir ki, bu təkliflə Milli Məclisin iclasında deputatı Məlahət İbrahimqızı çıxış edib. Deputat bildirib ki, gün ərzində təcili yardıma daxil olan müraciətlərin 30 %-i təsdiqini tapmır, yəni yalan çıxır.

Onun sözlərinə görə, təcili tibbi yardıma gün ərzində 3000-dən çox müraciət daxil olur: "Bunun da təxminən 1000-i yalan olur. Nəzərə almaq lazımdır ki, bu gün ölkədə infeksion xəstəliklərin sayında artım müşahidə olunur. Belə şəraitdə yalan çağırışlar lazımi şəxslərə çatmaq üçün vaxt itkisinə səbəb olur. Yalançı çağırışların qarşısının alınmasında aidiyyəti qurumlar çarəsiz qalıb. Nəzərə almaq lazımdır ki, İnzibati Xətalar Məcəlləsinin 564-cü maddəsinə əsasən, bilə-bilə yalandan yanğından mühafizə və polis orqanlarını, təcili yardım və ya digər ixtisaslaşdırılmış xidmətləri çağırmağa görə 100 manat məbləğində cərimə edilir. Təklif edirəm ki, cərimənin məbləği artırılsın".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31