Bir tarixi roman haqqında
3 İyun 2013 14:55 MədəniyyətVaqif Yusifli
Tarixi roman janrının Azərbaycan ədəbiyyatında səksən yaşı var və düz səksən il öncə-1933-cü ildə görkəmli nasir Məmməd Səid Ordubadinin "Dumanlı Təbriz" romanı çap olundu, bu illər ərzində ədəbiyyatın tarixlə ünsiyyəti davam etdi, gözəl bədii nümunələr meydana gəldi. Səksən il ərzində tarixi romanın keçdiyi inkişaf yolları haqqında ədəbiyyatşünaslarımız maraqlı məqalələr, monoqrafiyalar qələmə almışlar, bu xüsusda Məmməd Arifin, Mehdi Hüseynin, Mir Cəlalın, Məsud Əlioğlunun, Yəhya Seyidovun, Qulu Xəlilovun, Yaşar Qarayevin, Akif Hüseynovun, Fəridə Vəzirovanın, Yavuz Axundlunun, Tofiq Hüseynovun və b.nın xidmətləri danılmazdır.
Son iyirmi ildə də (keçən əsrin doxsanıncı illərindən bu günə kimi) tarixi roman öz inkişafından qalmamış, yazıçılarımız mövcud ənənəyə sədaqət göstərərək yeni əsərlər yazmışlar. Sabir Rüstəmxanlının, Yunis Oğuzun, Elçin Hüseynbəylinin, Mustafa Çəmənlinin, Hüseynbala Mirələmovun tarixi romanları janrın inkişafında yeni bir mərhələni səciyyələndirir.
Yunis Oğuzun "Təhmasib şah" romanı da bu yeni mərhələnin səciyyəvi xüsusiyyətlərini özündə əks etdirir. Özü də maraqlı burasındadır ki, Yunis Oğuzun bütün yazdıqları tarixi mövzudadır ("Nadir şah" və "Teymurləng") və görünür, bunun da öz səbəbləri var. Bizim fikrimizcə, Yunis Oğuz Azərbaycan tarixinin məlum səhifələrini vərəqləsə də, o məlumların içində məlum olmayan hadisələri, olayları, xarakterləri üzə çıxarırdı. Təbii ki, I Şah Təhmasib haqqında tarixi mənbələrdə maraqlı faktlar diqqəti cəlb edir, amma heç bir tarixi mənbədə şahın insani xarakteri, bu xarakteri səciyyələndirən güjlü və zəif cəhətləri əks olunmayıb. Yazıçını da tarixçidən ayıran, fərqləndirən elə bu cəhətlərdir. Görkəmli yazıçı-tənqidçi Mehdi Hüseyn məşhur "Yazıçı və tarix" adlı məqaləsində yazırdı: "Bu gün Vətən müharibəsi cəbhələrində vuruşan qəhrəman Azərbaycan oğlu Babək, Koroğlu və Cavanşir adlarını öz qələbə bayrağında böyük bir iftixarla yazır. Müasir tarixçi bu ölməz qəhrəmanların həyatından misallar gətirib həmin yeni qəhrəmanlarını ruhlandırır. Lakin sənətkar bununla kifayətlənə bilməz. Yazıçının vəzifəsi tamamilə başqadır. O, bu adları bədii söz sənətinin ecazkar qüdrəti sayəsində şairanə bir xəyalla, həqiqi poetik bir ehtirasla əks etdirməli, müasir oxucunun qəlbində oyanmış böyük iftixar hissini daha da alovlandırmalıdır. "Babək kimi vuruş!" demək, ədəbiyyat üçün hələ heç bir şey deməməyə bərabərdir. Yazıçı, Babək əsrini müasir fəlsəfi dünyagörüşünün süzgəcindən keçirmədikcə, Babəkin bədii surətini vermədikcə, onu tam bir həyatla yaşatmağı bacarmadıqja, "vəzifəmi bitirdim" deməyə haqlı deyildir.
Tarixçi dövrün ümumi ictimai münasibətlərini əks etdirirsə, yazıçı ən çox dövrün psixologiyasını təşrih edir. Tarixçi psixoloq deyildir. Lakin sənətkar psixoloq olmalıdır. Bunsuz tarix elmi yaransa da, tarixi-bədii əsər yarana bilməz. Bir qədər də sadə desək, tarixçi "nələr olmuşdur?" sualına cavab verirsə, sənətkar "nələr ola bilərdi və necə ola bilərdi?" suallarına da cavab verir. Yazıçının vəzifəsi heç də tarixi şəxsiyyətlərin fəaliyyətini başdan-başa izləyib bədii tərcümeyi-hal yaratmaqdan ibarət deyildir".
Əlbəttə, Yunis Oğuz bu məlum həqiqəti yaxşı dərk edir və bədii tədqiq hədəfinə çevirdiyi tarixi hadisələri və şəxsiyyətləri bədii təxəyyül süzgəcindən də keçirir. Onun tarixi romanlarında təsvir olunan qəhrəmanlar həm tarixi şəxsiyyətlər, həm də insan kimi dolğun təsir bağışlayırlar.
Ümumiyyətlə, Azərbaycan ədəbiyyatında tarixi roman ənənələri artıq formalaşmışdır və indi də o ənənənin ən yaşarı xüsusiyyətlərini biz yeni yaranan tarixi romanlarımızda, o cümlədən, Yunis Oğuzun "Təhmasib şah" romanında da görürük. Tarixi həqiqətlərə sədaqət, lakin eyni zamanda, bu həqiqətləri bədii təxəyyül süzgəcindən keçirmək, daha çox tarixlə müasirlik arasında körpü yaratmaq, keçmişlə bu günü bir-birindən ayırmamaq...fikrimizcə, əsas məqsəd bunlardır.
Roman haqqında görkəmli tənqidçi Nizami Cəfərov olduqca müfəssəl bir məqalə ilə çıxış etmişdir. Həmin məqalədə müəllif romanın uğurunu təmin edən forma-struktur, ideya-məzmun planından tutmuş, ayrı-ayrı obrazların təhlilinə qədər maraqlı, həqiqətə tam uyğun təhlillər verir. Yazır ki: "Bu əsər çox müasir əsərdir. Bir sıra məqamlar var ki, mən elə bilərəm, bu hadisələr tarixdən daha çox müasir dövrdə baş verir və müasir dövr üçün daha aktualdır".
Bax, budur əsərin başlıca müvəffəqiyyətini ortaya çıxaran səciyyəvi xüsusiyyəti. Bu mənada bizim ən yaxşı tarixi əsərlərimiz bir ibrət dərsidir desək, -yanılmarıq və "Təhmasib şah" da bu sıradadır.
İndi isə "Təhmasib şah" romanının özünəməxsus xüsusiyyətləri barədə. Biz həmçinin bu romanın Azərbaycan tarixi roman ənənələri ilə bağlılığı barədə də söz deyəcəyik.
1."Təhmasib şah" romanı müasir tipli roman olsa da, Azərbayjan tarixi roman ənənələrinə bağlıdır və bunsuz romana dəqiq qiymət vermək çox çətin olardı. Nədir bu bağlıdır və özünü nədə təzahür etdirir?
Fikrimizcə, Azərbaycan tarixi romanlarının bir sıra ən uğurlu nümunələri- "Qılınc və qələm" (M.S.Ordubadi), "Qan içində" (Y.V.Çəmənzəminli), "Xudafərin körpüsü", "Çaldıran döyüşü", "Təbriz namusu" (Fərman Kərimzadə), "Bakı-1501", "Vətənə qayıt", "Yad et məni" (Əzizə Cəfərzadə)- ilə "Təhmasib şah" müəyyən tipoloji xüsusiyyətlərinə görə bir-birilə bağlı romanlardır. Ona görə ki, bu romanların hər biri həm tarixdən məlum olan şəxsiyyətlər və hadisələr haqqında olsa da, xronika səviyyəsində deyillər. Yəni tarixi hadisələr və şəxsiyyətlər barədə quru, ritorik məlumatlara bədii don geyindirilmir, tarix bizə çağdaş dövrümüzü xatırladır və bu səbəbdən də roman təkcə tarixi-bədii əsər kimi deyil, həm də müasir əsər kimi təsir bağışlayır. Təhmasib şah öz dövründə qüdrətli, əzəmətli bir şah idi və onun timsalında məlum olur ki, dövlətçilik ənənəsinin yaranmasında və möhkəmlənməsində, məmləkətin ədalətlə idarə olunmasında, ən çətin məqamlarda şahlığın, hakimiyyətin və ordunun xalqla birliyində hakim-liderin-şahın əvəzsiz rolu var. Təhmasib şah da atası-Şah İsmayıl kimi hakimiyyətə uşaqkən (on-on bir yaşlarında) gəlmişdi, lakin o, get-gedə müstəqil ağlı, möhkəm iradəsi sayəsində ağıllı və qüdrətli bir hökmdara çevrilir. Səfəvilər dövlətinin, o zamankı Azərbaycan məmləkətinin düşməni olan Osmanlı imperiyası və Sultan Süleyman dörd dəfə yürüş etmişdi ki, Təhmasib şahı və onun hakimiyyətini sarsıtsın. Ancaq hər dəfə onun yürüşü uğursuzluqla nəticələnir. Nizami Cəfərov haqlı olaraq yazır ki, "Yunis Oğuz Təhmasibin hərbi taktikasına haqq qazındır, o, bütövlükdə ordunu yox, xalqı Sultan Süleymanın qarşısına çıxarır. Ordu ilə qalib gəlmir Təhmasib şah Sultan Süleymana, o, həmişə xalqın gücü, xalqın iradəsi ilə qalib gəlir. Bu, həm tarixin faktıdır, həm də əsərin hadisəsidir". Yunis Oğuz da öz tarixi romanında Azərbaycançılığı təbliğ edir və bu cəhət açıq şəkildə nəzərə çarpmasa da, biz əsərin ümumi ruhunda bunu hiss edirik.
2. Yunis Oğuz təsvir etdiyi dövrün (XVI əsr) hadisələrinə heç bir müdaxilə eləmir, yəni məlum hadisələrə özündən yeni bir hadisə əlavə eləmir. Əgər edirsə də, həmin dövrün tarixi koloritindən kənara çıxmır. Lakin o, tarixi dövrə müasir bədii təfəkkürün işığında yanaşır. O dövr üçün də indiki tək BİRLİK, BÜTÖVLÜK, MÜSTƏQİLLİK ideyası bir konsepsiya kimi mövcud idi. Təbii ki, bu konsepsiya XVI əsr üçün fərqli idi. Maraqlıdır ki, Təhmasib müxtəlif təriqətlərin, ideya-siyasi-fəlsəfi cərəyanların fəaliyyət göstərdiyi, həmçinin bir-birilə dost olmayan müxtəlif tayfaların qarşıdurması zəminində heç də çaşbaş qalmadı. Ağıllı siyasəti ilə BİRLİK İDEYASINA sadiq qaldı.
3. Müəllifin bir uğuru da ondadır ki, XVI əsr Azərbaycanı haqqında müəyyən tarixi, etnoqrafik, ictimai-siyasi mahiyyətli təsəvvür əldə edirsən. Biz müəlliflə bərabər Təhmasib şahın sarayını seyr edir, buradakı əyanların, vəzir-vüzəranın, ordu başçılarının hərəkətlərini izləyir, bəzilərinin həyat tərzi ilə də tanış oluruq. Biz müəlliflə bərabər Təbriz şəhərini gəzir, sadə peşə adamlarının, zəhmətkeş insanların əhatəsinə düşürük. Xüsusilə, Sultan Süleymanın hər yürüşü zamanı xalqın mətanəti, şaha sədaqəti bizi heyrətə gətirir. Digər tərəfdən, Yunis Oğuz əsrlər boyu qüdrətli bir dövlət kimi formalaşan Şirvan şahlığının süqutunu da, Səfəvilərlə münasibətini də nəzərdən qaçırmır. Yəni Azərbaycan xanlıqlarının o dövrki mövcudluğunu və iddialarını da unutmur.
4.Nizami Cəfərovun daha bir fikri ilə tam razılaşıram ki: "Təhmasib şah" romanında maraqlı məsələlərdən biri də Şah İsmayıl Xətainin övladlarının heç də hamısının o dövlət qoruyuculuğu missiyasını daşımamasıdır. Deyək ki, Əlqas Mirzə kimi, ya Sam Mirzə kimi".
Təhmasibin öz qardaşları ilə münasibəti getdikcə ziddiyyətli bir hala keçir və burada konflikt Əlqas Mirzənin və Sam Mirzənin təqsiri ucundan baş verir. Bu fakt tarixən məlumdur, lakin ilk dəfə Yunis Oğuzun romanında təfərrüatı ilə təqdim edilir.
5. "Təhmasib şah" həm də xarakterlər romanıdır, lap elə deyək ki, xarakterlər sərgisidir. Başda Təhmasib şah olmaqla əsərdə dolğun obraz kimi diqqəti cəlb edən nə qədər yaddançıxmaz insanlarla qarşılaşırıq. Biz ilk fəsildəcə ölüm yatağında olan Şah İsmayılın vəsiyyətini dinləyirik: "Mən canımdan çox sevdiyim Azərbaycanımı tam birləşdirə bilmədim. Şirvanı və Şəkini nəzərdə tuturam. İndi bu şərəfli iş sənin öhdənə düşür. İnanıram ki, sən bunu edəcəksən. Bunu etmək üçün yeddi Oğuz tayfasını öz ətrafında cəmlə. Çalış ki, heç zaman səndən uzaqlaşmasınlar. Mən Rumlu, Qacar, Avşar, Zülqədər, Təkəli, Ustaclı, Şamlı tayfalarını deyirəm. Onlar sənin döyüşən qolların, səltənətin isə dirəkləridir". Bu sözlər-bu vəsiyyət əslində, romanın ideyasını, Təhmasib şahın yolunu, amalını işıqlandırır. Romanın ideyası elə bunun üstündə qurulmuşdur.
Lap ilk fəsillərdə-Təhmasibin hələ bir şah kimi özünü tam dərk etməməsi mərhələsində Div Sultanla Köpək Sultanı xatırlayaq. Onların hər birinin içində şahlıq iddiası yaşayır və hər biri də bu iddianın qurbanına çevrilir. Sonra Çuxa Sultan gəlir, o da iddiasının tələsinə düşür. Müəllif bunların, eləcə də, Təhmasibin qardaşları olan Sam Mirzənin və Əlqam Mirzənin ürəyinin içini görür, onların ŞAH OLMAQ xəyalları ilə real həyatdakı görünüşləri, hərəkət və rəftarı arasında ziddiyyəti qabardır. Əsərdə Təhmasibin digər düşmənləri də var və müəllif onları da nəzərdən qaçırmır. Təhmasibə qulluq göstərib sonra düşmən tərəfə keçən Üləma bəy Təkəli belə obrazlardan biridir. Məqsədi budur ki: "Qızılbaş və Osmanlı dövlətləri arasında, birinci mərhələdə mərkəzi Bidlis olmaqla Qars, Ərzurum, Diyarbəkr, Van, Qərbi Azərbaycan ərazisində yarımmüstəqil bir bəylik yaratsın. İkinci mərhələdə isə bu yarımmüstəqil dövləti müstəqil dövlətə çevirsin. Ancaq o, bu məqsədləri ürəyində saxlayır, Osmanlı sultanına həmişə öz sədaqətini izhar edirdi". Üləma bəy Təkəli Sultan Süleymana sığınır və onun yürüşlərində fəal iştirakçıya çevrilir, amma niyyəti puça çıxır.
Bu obrazlara tarixi baxımdan yanaşaq. Onları heç də miskin, şərəfsiz insanlar kimi qınaq hədəfinə çevirmək olmaz. Hər biri özünə görə ağıllı və qüdrətli insanlardır və təbii ki, hər birinin içində şahlıq iddiası baş qaldıra bilər. Lakin məsələ burasındadır ki, xəyalları və arzuları ilə real gerçəklik arasında böyük bir uçurum var. Şahlığa layiq olmayan şahlıq iddiasına düşüb və bu da onu məhvə sürükləyir.
6.Təhmasibin həyatı, şahlığı bunların sonadək izlənilməsinə gəlincə, deyək ki, Sultan Süleymanla sülh müqaviləsi bağlanandan sonra romanda hadisələr də qapanır, bundan sonra hadisələrin təsvirini qısa bir xronika əvəz edir. Oxuyuruq: "Həyatda nəyə can atmışdısa, ona nail olmuşdu. Özünün şahlıq dövrünü özünə halal hesab edirdi. Atasının yanına üzüağ gedə bilərdi. Özündən sonra böyük Azərbaycan miras qoyacaqdı. Əsası qaraqoyunlulardan başlanan bütöv Azərbaycanı bir böyük ölkə halına gətirmək ideyasını yalnız Təhmasib şah tam həyata keçirə bilmişdi. O, Şirvanşahlar və Şəki vilayətini, həmçinin Tiflisi öz hakimiyyətinə aldı və əraziləri Azərbaycan torpaqlarına qatdı. Yalnız bir arzusunu həyata keçirə bilməmişdi: doyunca şeir yazmağı, incəsənətlə məşğul olmağı. Bunun zamanı çatanda artıq buna kifayət qədər təbi və hövsələsi qalmamışdı. Buna da çox üzülmürdü. Gördüyü işlər daha möhtəşəm idi".
Biz romanın sonunda belə bir möhtəşəm şahla vidalaşırıq. Mənəvi babalarımızdan biriydi o. Tariximizi bizə ibrət dərsi kimi oxutdurduğu üçün müəllifə təşəkkürümüzü bildiririk. kaspi.az