Binəqədi rayonunda 2 fevral - Gənclər günü qeyd edilib
31 Yanvar 2014 12:45 SosialYanvar ayının 30-da Binəqədi rayonunda 2 fevral - Gənclər günü münasibətilə tədbir keçirilmişdir. Bayram tədbirində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, millət vəkilləri Madər Musayev, Ceyhun Osmanlı, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Binəqədi RİH başçısının müavinləri, Aparatın məsul işçiləri və rayonun ictimai-siyasi və mədəni həyatında fəallığı ilə seçilən gənclər, həmçinin rayon ərazisində yerləşən hərbi hissələrdə xidmət edən bir qrup əsgər və zabitlər iştirak edirdi.
İlk öncə aparıcı Azər Axşam ölkəmizdə Gənclər gününün tarixi və gənclərlə bağlı dövlətin yürütdüyü pozitiv siyasi kurs barədə məlumat vermişdir. Tədbirdə geniş nitq söyləyən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla icra edilən gənclər siyasətinin hazırki gənc nəslin qarşısında yeni-yeni üfüqlər açdığını diqqətə çatdırmışdır. Natiq bu gün öz potensialını, istedad və bacarığını nümayiş etdirmək istəyən hər bir gənc üçün dövlət tərəfindən hərtərəfli şərait yaradıldığını bildirmişdir. RİH başçısı bu mənada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın öz fəaliyyəti ilə müasir Azərbaycan gəncliyi üçün örnək olduğunu xüsusi vurğulamışdır. X.İsgəndərov gənclərə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə vətənimizə, dövlətimizə və cəmiyyətimizə xidmətdə uğurlar arzulamışdır.
Tədbirdə rayonun ictimai-siyasi və mədəni həyatında fəallıq göstərən, müxtəlif sahələrdə nailiyyətlər qazanmış beş nəfər gənc Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanı ilə təltif edildilər. Bir nəfər gəncə isə təhsil sahəsində uğurlarına görə Böyük Britaniyanın London Meridian Kollecində ingilis dili kurslarında iştirak hüququ verilmişdir.
Daha sonra X.İsgəndərov tədbirdə iştirak edən qonaqlardan Fərhad Hacıyev və Ceyhun Osmanlını doğum günləri münasibətilə təbrik etmişdir. Onlarsa öz növbələrində göstərilən diqqətə görə minnətdarlıqlarını bildirmiş, X.İsgəndərovu gənclərə davamlı dəstək və qayğısına görə gənclərin dostu kimi səciyyələndirmişlər.
Tədbir xaricdə təhsil alan binəqədili tələbələrin təbrikini əks etdirən videoçarxın nümayişi ilə davam etdirilmişdir. Bədii hissədə isə Natiq ritm qrupunun hazırladığı proqram, Şeron qrupunun ifasında mahnılar, əməkdar artist Ədalət Şükürov, müğənnilər Ramal və Xəyyam Mustafazadənin ifasında musiqi parçaları təqdim edilmişdir. Həmçinin, milli və dünya rəqsindən göstərilən səhnələr gənclərin böyük marağına səbəb olmuşdur.